Sudanda üç aydan çoxdur davam edən kütləvi etirazların nəticəsi olaraq bu gün baş vermiş hərbi çevrilişdən sonra müdafiə naziri televiziya ilə xalqa müraciət edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, general-leytenant Avad ben Auf hakimiyyətin iki illiyə hərbçilərə keçdiyini, parlamentin, hökumətin və regional hakimiyyət orqanlarının buraxıldığını bildirib.
Sudan dövlət televiziyasının birbaşa efirində çıxış edən müdafiə naziri deyib ki, rejim ölkənin problemlərini həll edə bilmirdi. Ona görə qərar qəbul olundu ki, ölkəni iki illiyə idarə etmək üçün Hərbi Şura yaradılsın. “Bu müddət ərzində ölkəyə silahlı qüvvələr rəhbərlik edəcək”-o bildirib.
General deyib ki, prezident Ömər əl-Bəşir bütün postlarından istefa verib və hazırda ordunun nəzarətindədir. Çevrilişlə bağlı ölkədə 3 aylıq hərbi vəziyyət elan olunub, ölkənin hava sahəsi 24 saatlığa bağlanıb.
"Hökumətlə anlaşma yollarını çox sınaqdan keçirdik, alınmadı. Daha sonra xalqın dəstəyi və əksəriyyətin istəyi ilə ölkədə yaranmış vəziyyətə müdaxilə etdik. Ömər əl-Bəşiri həbs etdik və ölkədə 2 illik keçid dövrü başladı. Onun hökumətinin bütün üzvləri də həbsdədir"-general deyib.
Müdafiə naziri ölkədəki bütün silahlı birləşmələri ordunun tərkibinə qatılmağa çağırıb, bildirib ki, əks halda onlar tərksilah ediləcəklər. Söhbət əl-Bəşirə və Sudanın hakim partiyasına bağlı “kölgə batalyonlarından” gedir.


Şərhlər