Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb. "Report"un Qərb bürosunun məlumatına görə, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.
Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.
Hafiz Abdullayev ailəli idi, 3 övladı var.
Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.


Şərhlər
Azərbaycan ordusu illərdir ki,qar uçqunundan ziyan çəkir.Həmin yeri təhlükəli vaxtlarda texniki vasitələrlə müşayiət etmək,yəni çətindir?İkincisi,illərdir bu problemdən əziyyət çəkirik.Uçqunların olduğu sahə Azərbaycan ordusunun döyüş hazırlığı yerinə çevrilməli,Rusiyadan alınan "metallom" silahların əvəzinə burda qorunma tunelləri və beton dirəklər qurulmalıdır.