Azərbaycanda kifayət qədər populyar banklardan biri olan "Access Bank” QSC bu ilin 1-ci rübünü ziyanla başa vurub. "AzPolitika.info" bankın maliyyə hesabatına istinadla xəbər verir ki, "Acces Bank" 2019-cu ilin ilk üç ayında 74 milyon 600 min manatlıq zərər edib.
Qeyd edək ki, “Access Bank” QSC ötən 2018-ci ili cəmi 15,579 milyon manat ziyanla başa vurmuşdu. Ötən il ərzində bankın balans kapitalı isə 17,9 faiz azalaraq, 56,569 milyon manata düşüb.
Əsasən kiçik və orta sahibkarklıq subyektlərilə əməkdaşlıq edən "Acces Bank"-ın cəmi aktivləri bu il aprelin 1-nə 800,134 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azdır.
Birinci rübün nəticələrinə görə, "Access Bank”ın faiz gəlirləri 22,969 milyon manat, faiz xərcləri 12,777 milyon manat, qeyri-faiz gəlirləri 22,388 milyon manat, qeyri-faiz xərcləri 15,241 milyon manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 91,939 milyon manat təşkil edib.
Son nəticədə Bank rübü 74,6 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 dəfə çoxdur. Deməli, bankın belə iri məbləğdə ziyan etməsinin əsas səbəbi xüsusi ehtiyatların yaradılmasına ayrılan vəsaitin kifayət qədər böyük olmasıdır. Bu isə “Access Bank”ın hələ də riskli kreditlərinin həcminin böyük olmasından xəbər verir.
Xatırladaq ki, bir müddət əvvəl bankın səhmdarlarının strukturunda ciddi dəyişiklik edildiyinə dair məlumat yayılmışdı. Belə ki, 14 mart 2019-cu il tarixində keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Anar Həsənov "Access Bank"-ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan etmişdi.

O, bildirmişdi ki, bankın kapitalının 118.5 mln. manat məbləğində artırılması 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb. Kapitallaşma prosesi yeni səhmdarlara və bankın təsisçisi olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yeni səhmlərin emissiyası, o cümlədən mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsini əhatə edirdi. Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq.
"Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).
Cəlal
AzPolitika.info


Şərhlər