Menu

Mariupol blokadaya alındı

29.08.2014, 20:08
Mariupol blokadaya alındı

DXR: " Biz doqquz yaşayış məntəqəsinə nəzarət edirik"

"Donetsk xalq respublikası" ordusunun qərargahı yığma qoşun döyüşçülərinin Zaporojye ərazisiylə Mariupo şəhərini bağlayan şosenin üzərində nəzarəti ələ keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda "Donetsk xalq respublikası"nın "müdafiə nazirliyi" Rusiya mətbuatına bildirib.

"Qoşunlar hücumu davam etdirir. Biz doqquz yaşayış məntəqəsinə nəzarət edirik və indi Mariupolu praktiki olaraq blokadaya saldıq. Cəbhənin müxtəlif hissələrindən şəhərə qədər indi 12-dən 25 kilometrə qədər məsafə var", - deyə "müdafiə nazirliyi" bildirib.

Qeyd edək ki, iyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi.

Yeni separatçı liderləri elan etdilər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Saur-Moqila ərazilərində separatçıların hərbi uğurları haqda məlumatları Kiyev təkzib etsə də, vəziyyətin ağır olduğu etiraf olunur. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhədindən güclü hücuma başlayıblar. Kiyev hücumun dəf olunduğunu bildirsə də, separatçılar sərhəd zolağında Ukrayna kəndlərinin ələ keçirildiyini iddia edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol