Menu

"Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa Kantın söylədiyini eşidəydik..."

17.05.2019, 02:31
"Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa Kantın söylədiyini eşidəydik..."

Fazil Mustafa,

millət vəkili

Alman filosofu Kantın bir təsbitindən başlamaq istərdim:"Biz intizam, mədəniyyət və sivillik dövründə yaşayırıq, lakin mənəviyyatın yayıldığı dövrdən hələ də xeyli uzağıq. Əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq!"

Bu ayda iki diqqətçəkici məqam üzərindən Kantın yuxarıdakı təsbitinin praktik açılışına çalışacağam. Ramazan ayı bizim üçün, xüsusilə də azərbaycanlılar üçün ömrü, onun mənasını, mədə ilə ruhun vəhdəti və antoqonizmini, saxta inanclılıqla səmimi ədalətli insan hədəfi arasında düşünmə fürsətidir. İnanarsan-inanmazsan öz işindir, ancaq bu ilahi fenomenə gündəlik həyatda rast gəldiyimiz qanvermə aksiyası kimi, uşaqlara kitab dağıtma, könüllü şəkildə ictimai yerlərdə ağac əkmə, qocalar evindəki insanlara, xəstə və əlillərə şəfqət göstərmə kimi bir qəbildən də yanaşmaq olar. Bütün hallarda Ramazan ayı insanları həm ruhunu, həm də mədəsini təmizləməyə çağıran, onlara barışı, sağlamlığı, yeməyini, suyunu, sevgisini, mərhəmətini paylaşmağı təşviq edən bir fürsətdir. Azərbaycan televiziyalarına baxirsınızmi, bir-iki veriliş xaricində bir müzakirə, Quranın gerçək mesajlarının alimlər vasitəsilə çatdırılması, xeyirə, insanlığa çağırış, nadanlığın, cəhalətin, xurafatın fəsadları mövzusunu izləyə bilirsinizmi? Hamımızın diqqəti saxur vaxtından başlayaraq qardaş Türkiyənin bir-birindən dəyərli din bilginlərinin, filofoslarının səviyyəli müzakirələrinə yönəlib. Öyrənirsən, düşünürsən, faydalanırsan. İndi söyləyə bilərsinizmi ki, bu ölkədə dini cəhalətin, yobazlığın, savadsızlığın günahı kimdədir? Dövlətimizə bundan böyük pislik ola bilməz, axı din mənəviyyatımızın ayrılmaz bir atributudur, onun dünyəvi dövlətimiz üçün təhlükəyə çevrilməməsi üçün insanları maarifləndirmək, onlara humanist mesajları çatdırmaq niyə əhəmiyyətsiz bir iş sayılmalıdır? Hər il eyni anlayışla qarşılaşırıq və bu yanlışlığın haraya qədər varacağını da müəyyənləşdirə bilmirik. İndi Kantın dediyi mənəviyyatı əxlaqsızlıq, bayağılıq, dedi-qoduçuluq formasında efirdən insanlara dayanmadan aşılayacaq bir zehniyyətə təslim olan bu Vətənin övladları necə ermənidən, gürcüdən daha üstün dövrün tələblərinə hazır şəkildə yetişə biləcəklər?

Yaxşı dini maarifçiliyə önəm vermirik, məktəbdə öyrədilməsinə təhlükə kimi yanaşırıq, anlaşıldı. Bəs cəmiyyətimizin mənəviyyatını tənzimləyən digər alternativlər necə? Bu həftə içində Azərbaycanın böyük şairi Ramiz Rövşənin Bakının mərkəzində iki kitab evində yeni kitablarının təqdimat mərasimi oldu. İnanın ki, əlimdə imkan olsaydı, canlı yayınla televiziyalardan bu tədbirləri verərdim. Sənət, estetik görüşlər, fəlsəfi düşüncələr, ədəbiyyat sevgisi. Biz axı niyə mənəviyyat aşılamaqdan imtina edirik? Bu cür tədbirlərdən reportaj hazırlamaq nə qədər çətindir ki? Nə elmi, nə dini, nə ədəbiyyatı doğru-dürüst çatdırmırıq, təbliğ etmirik, sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Alman, Kantın mesajını anladığına görə dünyada söz sahibi olan mədəni millətlər sırasında sabit yerini qoruyub saxlayır. Bizim anlamaq istədiyimiz kimsə varmı? Mənəviyyatın və müdrikliyin aşılanmasını öz içimizdən olan Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa və kaş ki, Kantın söylədiyini eşidəydik...

 

Şərhlər

Köhnə azərbaycanlı-ardı 2019-05-17 02:31:51

Türküyədə Prezdentdən tutmuş ən yüksək çinli məmurlar oruc tuturlar və bununla da sadə vətəndaşlarla həmrəy və onlara örnək olurlar.Bizdə isə dövlət səviyyəsində verilən iftar süfrələrində iştirak edən rəsmiləri barmaqla saymaq olar ki onlar həqiqətən oruc tutur və sünilik ilk baxışdan hiss edilir.Gör nə günə qalmışıq ki artıq bizə qarşı torpaq iddası olmayan qonşumuz qalmayıb.Fikrimcə mənəviyyatımız o qədər aşınıb ki o məşhur filmdə Hətəmxan ağa demiş “biz hər zada inanırıq” ifadəsi artıq öz əhəmiyyətini itirib, yəni "biz heç zada inanmırıq".ALLAH sən bizə kömək ol.AMİN.

Köhnə azərbaycanlı-ardı 2019-05-17 02:31:51

Bələdiyyələr tərəfindən təşkil edilən konsertlərdə bu aftiteatr şəkilli məkanda əlbəttda hamıya yer olmurdu.Gərək əvvəlcədən yer tutaydın, çox adam isə ayaq üstə konsertləri böyük həvəslə izləyirdilər.Qeyd edim ki bu məkanlarda cavan oğlanlar sıraların arasını gəzməklə sular və günəbaxan tumları satırlar və konsertdən sonra yerlər çox zibilli olur, heç kim də insanlara səslənmir ki zibilləmə.Maraq xətrinə səhər tezdən yolumu həmin məkan və qazonlardan salıram, hər yer artıq bələdiyyələrin müvafiq qurumları tərəfindən gecə saatlarında təmizlənib və axşamki konsertə hazırlanıb.Bu işlər dövlət qurumları tərəfindən təşkil edilir.

Köhnə azırbaycanlı-ardı 2019-05-17 02:31:51

İftar zamanı ailələr böyüklü-kiçikli qazonda süfrə açaraq çox mehribanlıqla oruclarını açırlar.Heç kim də onlara qazona girmə ifadəsi ilə qışqırmır.Bir çox yerlərdə isə 200-300 metr bəlkə də daha böyük uzunluğunda çadırlarda yerli bələddiyələr tərəfindən iftar süfrələri təşkil edilib.İftardan sonra isə hər gün hamı amfiteatr şəkilli açıq məkanda konsertə yığışırlar.Uzaqdan mehtər marşlarının sədaları altında orkestr meydana daxil olur.2-3 saat ərzində dini və dövlətçiliyə həsr olunmuş musiqilər insana ruh verir.Mehtərlərin ifasında dahi Üzeyirin və Əhməd Cavadın “Çırpınırdı qara dəniz” musiqisini eşitdikdə adamın ürəyi dağa dönür.Birazdan dərvişlər “Səma” rəqsləri ilə meydanda dövrə vururlar.

Köhnə azərbaycanlı 2019-05-17 02:31:51

Fazil m-m çox düzgün qeyd edirsiniz.TV rəhbərlərini dindirirsən deyir biz reytinqli verlişlərlə pul qazanırıq.Fikrimcə 24 saat yalnız pul haqqında düşünmək olmaz, nə olar 1-2 saat da mənəvi dəyərlərimizə, marifləndirməyə sərf edilərsə.Axı bizi əvvəl olduğu kimi rus idarə etmir.Mənəvi dəyərlərimizə, marifləndirməyə həsr olunan verlişlər də elə cılız hazırlanır ki kanalı dəyişməyə məcbur olursan.Bir neçə il əvvəl yay vaxtı, ramazanda İstambula səyahətə getmişdim.İlahi bu böyük şəhərin hər addım da ramazan abu-havası ilə yaşadığını hiss edirsən.Günorta yüzlərlə oruclu insanlar məscidlərin həyətindaki qazonlarda oturub dini söhbətlərə qulaq asırlar, adam kənarda dayana bilmir həmən onlara qoşulmaq istəyir.

Arslan 2019-05-17 02:31:51

Hörmətli Fazil bəy, dedikləriniz tam doğru. Ancaq nədən yazmırsınız ki, Azərbaycan televiziyaları əsl mənəviyyat təbliği olan hmin kitab təqdimatlarının reportajlarını yayımlamadılar. Bəziləri adi xəbəri belə çox gördü. Ramiz Rövşən, Musa Yaqub kimi canlı klasiklər niyə teleməkandan iraq salınıb. Yalan ayaq tutub yeriyəndə mənəviyyata hansısa yer qakırmı. Sual işarəsi qoymağa heç ehtiyac da yoxdur. Savadsızlığın, mənəviyyatsızlığın gen-bol təbliğ olunduğu yerdə hansısa dəyərlərə yer qalmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol