“Lalə Şövkətin Milli Şuradan istefa verməsi ilə bağlı bizdə heç bir məlumat olmayıb”. Bunu Modern.az saytına açıqlamasında Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mehman Əliyev deyib. O, ALP liderinin seçkidən öncə Milli Şuradan getməsi məsələsinə münasibət bildirərkən qeyd edib ki, bu haqda hər hansı bir müzakirə olmayıb.
“Milli Şuraya Lalə Şövkət heç bir müraciət etməyib. Buna görə Milli Şuranın toplantısı olmalıdır, qərar verilməlidir. Milli Şuranın əvvəlki sessiyasında hələ ki istefa ilə bağlı məsələ elan olunmayıb. Elan olunsa və müraciət daxil olsa, müzakirəyə çıxarılıb qərar veriləcək”-deyə M.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Milli Şuradan Lalə Şövkətin istefa verməsi ilə bağlı APA-ya açıqlama verib. O, partiya lideri Lalə Şövkətin hələ prezident seçkisindən öncə Milli Şuradan getdiyini söyləyib.
Əslində Lalə xanımı Milli Şuranın tam hüquqlu üzvü kimi qəbul etmək də düzgün deyildi. Bu xanım Bakıda yaşamasına baxmayaraq, bir dəfə də olsun MŞ-nın sessiyalarına qatılmayıb. Ümumiyyətlə, Lalə Şövkətin siyasətlə məşğul olmasından danışmaq xalqı ələ salmaqdır. Onsuz da Azərbaycanda siyasət ciddi peşə sayılmır. Amma daha bu qədər də yox. Lalə xanım faktiki olaraq siyasəti tərk edib. Əvəz Temirxan (daha doğrusu, onun Lalə xanım haqda açıqlamaları) olmasa, bu adda adamın varlığı belə yada düşməz.
Bu baxımdan, Milli Şuranın sıralarının təmizlənməsi zərurətə çevrilib. Əks halda bu qurum qısa müddətdən sonra ciddiyyətini tamamilə itirəcək.
V.Nəsibov


Şərhlər