"Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm"
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinə şok ittihamlar
"Mənim həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim qəddarlığının qurbanı olub. Bunu isə səriştəsiz həkimlər bizim pulumuzu talamaq üçün ediblər. Bu, korrupsiya, talançılıq cinayətini Respublika Müalicə Diaqnostika Mərkəzinin həkimləri ediblər". Bu fikirlər Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən "AzPolitika.info"ya göndərilən şikayət ərizəsindən götürülüb.

Həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicə Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə də 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti daha da pisləşdi.

Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicə Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib Ucar rayonu Lək kəndinə gətirdik. 25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin savadsızlığı ucbatından dünyasını dəyişdi.
Bəlkə də həyat yoldaşımı Respublika Müalicə Diaqnostika Mərkəzinə aparmayıb, başqa xəstəxanaya aparsaydıq indi o sağalıb həyatda yaşayırdı.
Respublika Müalicə Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi, həm də külli miqdarda borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik.
Respublika Müalicə Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16000 manat pul alsalar da, bununla kifayətlənməyib bizdən əlavə 5400 manat qalıq pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib sonra həmin pulu istəmədilər.
Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm!
Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin tamahı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.
Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi. Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası aşkarlanmadı. Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır. Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar. Sanki onun üzərində təcrübə keçirdilər.
Mənim həyat yoldaşım daha qayıdan deyil. Ancaq bunların bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik. Mən bu həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm.
Hörmətli Prezident, hörmətli Mehriban xanım! Sizdən çox-çox xahiş edirəm, şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırb, 16000 (on altı min) manat pulumuzu alıb bizə qaytarasınız.
Eyni zamanda Respublika Müalicə Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimlərin barəsində qanunamüvafiq tədbirlər görəsiniz".
Şikayət ərizəsində göstərilənlərlə bağlı Respublika Müalicə Diaqnostika Mərkəzinin və adları çəkilən həkimlərin də mövqeyini işıqlandırmağa hazırıq.
Vaqif
AzPolitika.info




Şərhlər
AZƏRBAYCANDA NEÇƏ NƏFƏR TAMAHSIZ ADAM VAR?
Bu günkü sehiyyenin, tehsilin keyfiyyeti bir xalq , millet olaraq bizim keyfiyyetimizden xeber verir.Özümüzün yaratdığımız cemiyyetdir.