BAKI FOND BİRJASININ SƏDRİ İSTEFA VERDİ - Bir il əvvəl təyin edilmişdi

Qurumun göstərilərində ciddi geriləmə müşahidə olunur

3 iyun 2019-cu il tarixində “Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. “AzPolitika.info” xəbər verir ki, birjadan verilən məlumatda həmin iclasda BFB-nin ötən il üzrə maliyyə nəticələrinin təsdiqlənməsi, yeni Audit Komitəsinin formalaşdırılması, eləcə də 2019-cu ilin büdcəsinin təsdiqiylə yanaşı “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunması məsələsinə baxılıb. Rəsmi məlumatda qeyd edilir ki, V.Namazov öz istəyi ilə işdən azad olunub.

Sədrin istefası qəbul edilməklə bərabər, İclasda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.

Maraqlıdır ki, 35 yaşlı Vüqar Namazov bu vəzifəyə cəmi bir il bundan əvvəl təyin edilmişdi. Azərbaycan reallıqlarında bu cür kifayət qədər əhəmiyyətli vəzifədən könüllü istefa praktikası demək olar ki, 0-a yaxın olduğundan, BFB-nin rəhbərliyində baş verənlərin gerçək səbəbləri barədə nəsə söyləmək çətindir. Həmçinin, rəsmi açıqlamada V.Namazovun başqa işə keçməsi bildirilsə də, həmin işin nədən ibarət olduğu göstərilmir...

Bununla yanaşı, BFB-nin maliyyə göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli zəifləyib. Ancaq rəhbərlikdəki dəyişikliyin məhz bu amillə bağlı olduğuna dair hər hansı məlumat verilmir. Qeyd edək ki, göstəricilərin zəifləməsi daha çox dövlət qiymətli kağızlar və törəmə alətlər bazarında baş verən geriləmələrlə əlaqələndirilir.

2019-cu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 milyard 987 milyon 879 min manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə az qala 2 milyar manat - 21,4% azdır. Belə ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 milyard 620 milyon manat olmuşdu.

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar