İngiltərənin “The Telegraph” qəzeti İŞİD tərkibində döyüşən mühacir döyüşçülərin siyahısını yayımlayıb.
Siyahıya görə, İŞİD-in tərkibində Türkiyədən 500, Rusiyadan 423, Serbiyadan 350, Belçikadan 296, Albaniyadan 140, Kosovadan 150 döyüşçü var.
Siyahıda azərbaycanlıların sayı göstərilmir, halbuki Suriyada “Allahu-Əkbər” sədaları altında başlanan “cihad”a Azərbaycandan da yüzlərlə şəxsin qatıldığını bilirik. Lakin onların sayının nə qədər olduğu indiyə qədər dəqiq bilinmir. Publika.az İŞİD-in tərkibində döyüşən azərbaycanlılarla bağlı araşdırma aparıb.
2011-ci ildə Bəşər Əsədə qarşı Suriya xalqının ayağa qalxması daha sonra dini müstəviyə keçərək “cihad” savaşına çevrildi. O vaxtdan etibarən, Azərbaycandan da Suriyaya yollanaraq “cihada” qoşulanlarla bağlı bir-bir xəbərlər gəlməyə başladı. Hətta ilk azərbaycanlı döyüşçünün kimliyi də bəllidir. Belə ki, vaxtilə Qarabağ Azadlıq Təşkilatının üzvü olmuş, Qarabağ döyüşlərində iştirakçısı Rüstəm Əsgərov Suriya “cihad”ına qoşulan ilk azərbaycanlı, hətta ilk mühacir döyüşçü adını alıb.

Onun ardınca onlarla azərbaycanlı Türkiyə xətti ilə Suriyaya yollandı. Məlumatlara görə, azərbaycanlılar Suriyada “Əl-Nüsra” Cəbhəsi, İŞİD və digər qruplaşmalarda döyüşürlər. Ən maraqlısı isə Suriyadakı azərbaycanlıların 60 faizə qədərinin İŞİD tərkibində olması barədə yayılan xəbərlərdir. İraqda “İslam dövləti” yaratdığı elan edən İŞİD “cihadçılar” üçün cazibədarlığını da artırdı və azərbaycanlıların təşkilata axını gücləndi. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən, həmçinin azərbaycanlıların Azərbaycanda yaşayan müsəlmanlara “cihada qoşulun” çağırışlarından soydaşlarımızın qruplaşma tərkibində olduğu aydın olur.
Misal üçün, ötən ay İŞİD-in Abu Musa ləqəbli azərbaycanlı döyüşçüsü Azərbaycan müsəlmanlarını Suriya və İraqda döyüşə dəvətə çağıran müraciət yayıb.

İki ay öncə Türkiyənin “Cümhuriyyet” qəzetinin yaydığı məlumata görə, İŞİD İstanbul məscidlərini işğal etməklə Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçir, onları Suriya və İraqa yola salır. Təlimat keçənlər ən çox Azərbaycandan gələn gənclərdir.
Bu ilin 18 iyun tarixində yayılan videogörüntülərdə İŞİD-in azərbaycanlı üzvü divar arxasında qurulmuş postda dayanaraq İraq döyüşlərindən danışır və bildirir:
“Azərbaycanda olanda davaya getməyə adamın ürəyi gəlməzdi. Burda isə göydə təyyarə uçur, top, tüfəng, snayper, nə varsa hamısını atırlar, amma biz ürəklə vuruşuruq. İnsanlığa qalsa, heç vaxt belə yerə gəlmərik. Amma bunu rəbbimiz istəyir. Biz istəyimizi rəbbimizin istəyinə qurban veririk. Bizi yaradan deyir – vuruşun, mən kiməm vuruşmayam. İnsanlar əsla vuruşmaq istəməz. Sadəcə istəyər ki, Allahın dininə ibadət etsin. Amma insanlar ibadət etmirlər. İbadət etməyənlər haqda Allaha nə deyir? Hədis surəsində deyir ki, mən kitabı endirdim, peyğəmbərlər göndərdim, sonra dəmiri yaratdım. Dəmiri endirməkdə səbəb Allahın dini üzərində hakim olmaqdır. Kitabı dəmirlə yaymaqdır. Mən kiminsə qapısını döyüb desəm ki, Allahın şəriətini gətirmişəm, mənə gülərlər, hətta istehza edib alçaldarlar da. Ona görə dəmirlə gəlmək lazımdır ki, ya tabe olmalısan, ya da ölməli. Bizim itirəcəyimiz heç nə yoxdur. Biz ölsək, Allah deyir ki, onlara ölü deməyin. Ya şəhid olacağıq, ya da zəfər qazanacağıq”, - deyə azərbaycanlı mücahid bildirir.

Lakin unutmaq lazım deyil ki, İŞİD-in Suriya qolu da hazırda fəaliyyət göstərir. Məlumatlara görə, İŞİD-in tərkibində döyüşən azərbaycanlıların böyük əksəriyyəti məhz Suriya qolunda təmsil olunurlar. Onlarla İŞİD üzvü olan azərbaycanlının ölüm xəbəri də bunu deməyə əsas verir. Misal üçün, ötən ilin mart ayında İŞİD (o zaman İraqa hücum edilməmişdi-red) 12 azərbaycanlı döyüçünün öldürülməsi haqda məlumat yaymışdı.

Qurandan ayələr gətirilən müraciətdə qeyd olunur: “İmansızlar ölkəsində yaşayan müsəlmanlar bizdən biri deyildir. Allahın dini şəffafdır. Peyğəmbər deyir: “Mən gecə və gündüz kimi aydın olan dini yaymışam”. Cihad bütün müsəlmanlar üçün vacibdir. Bütün müsəlmanlar müsəlmana kömək etməyə borcludur. Cihadı tənqid edən iltihablaşmış ürəklərə malik olan insanlara demək istəyirik ki, kimlər cihadın olmadığını deyir, onlar şeytanın yolundadır. Cihad buradadır, görmək və qatılmaq istəyənlər gəlsin”.
Bundan əvvəl “Azəri camaatı” ABŞ-ı tənqid və təhdid edən açıqlama da yaymışdı.
Bütün bunlar Yaxın Şərqi qana boyayan İŞİD təşkilatında azərbaycanlıların da olduğunu təsdiq edir. Onların sayına gəldikdə isə ümumi hesablamalara görə, 100-dən artıqdır. Belə ki, Suriya “cihadı”na təxminən 200-dən artıq azərbaycanlının (öldürülən və yeni gedənləri də daxil etdikdə-red) qatıldığı deyilir. Onlardan 60 faizə qədəri də İŞİD-in tərkibindədir.


Şərhlər