Menu

Azərbaycan idmançıları üçün mükafatların məbləği açıqlanıb

10.06.2019, 13:47
Azərbaycan idmançıları üçün mükafatların məbləği açıqlanıb

"Minsk 2019" II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub.

"Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşdə bildirib. O deyib ki, yeni qərar qəbul olunmasa, bu, "Bakı 2015" I Avropa Oyunlarındakı mükafatla eyni olacaq.

Qeyd edək ki, ilk Avropa Oyunlarında I yeri tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol