VERGİLƏRİN GETDİKCƏ SƏRTLƏŞƏN ÜZÜ... - Sahibkarların qorxusu əsaslıdırmı?

Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilə qədər dayandırılmasına dair qərarın nəticələri göstərir ki, doğrudan da total inzibatçılıq, nəzarət və təzyiqlərdənsə, liberallaşma daha effektli yoldur. Belə ki, Vergilər Nazirliyinin də dəfələrlə etiraf etdiyi kimi, məhz bu qərardan sonra çoxlarının gözləntilərinin əksinə olaraq, vergi proqnozları demək olar bütün sahələr üzrə artıqlaması ilə yerinə yetirilməkdədir.

Doğrudur, bir çox orta və nisbətən böyük biznesi olan sahibkarların yoxlamalarla bağlı şikayətlərinə də rast gəlmək olur. Ancaq bunun kütləvi hal aldığını demək olmaz.

Sahibkarlar nədən qorxurlar?

Bütün bunlarla yanaşı, son zamanlar nazirlik rəhbərliyinin cərimələr, sanksiyalar, yoxlamalar və s. barədə sərt açıqlamalarına rast gəlinir. Bunun profilaktik xarakter daşıyıb-daşımadığı barədə bir şey demək çətindir. Ancaq son vaxtlar biznes mühitində bu ilin sonundan etibarən sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlərin görüləcəyinə, cərimə və sanksiyaların kəskin şəkildə çoxalacağına dair məlumatlar dolaşmaqdadır.

Sahibkarların çoxu bu məlumatları nazirlikdəki əlaqələrinə, mənbələrinə əsaslanaraq söyləyirlər. Əlbəttə ki, bu tip məlumatların mötəbərliyi barədə konkret nəsə söyləmək çətindir. Lakin cari ilin əvvəlindən başlayaraq, nazirlik rəsmiləri tərəfindən səsləndirilən bəzi bəyanatlar, eləcə də Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına aid subyektlərin sayının azaldılması yönündə edilən və kifayət qədər texniki problemlər yaradan, mühasibat uçotu yükünü çətinləşdirən, bəzi hallarda isə hətta vergi yükünü artıran dəyişikliklər və s. getdikcə sahibkarların “nəfəsliklərinin daralmasına” şərait yaradır. Nazir Mikayıl Cabbarovun özünün son çıxışında “Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq” fikri isə biznes mühitində gəzən söz-söhbətlərin heç də təsadüfi olmadığından xəbər verir...

Rəsmi məlumata görə, bu ilin əvvəlindən indiyə qədər əmək müqavilələrinin sayı 95 minədək artıb. Və buna əsas etibarilə sanksiyalar və cərimələr hesabına deyil, adi nəzarət və maarifləndirmə işi hesabına nail olunub ki, buna görə də Vergilər Nazirliyinə minnətdarlıq düşür. Lakin buna paralel olaraq, nazirliyin mətbutda dərc edilən münasibətində hələ də işçilərinin hamısını qeydiyyata qoymayan, yaxud müqavilədə əmək haqqı və digər məlumatları tam əks etdirməyən sahibkarları “üzdəniraq” adlandırması başa düşülən deyil.

“Risk qrupu” kimə sərf edir?

Yaxud da bu günlərdə nazirlik rəsmisinin “risk qrupu” barədə dediklərinə nəzər yetirək. Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov problemli vergi ödəyicilərinin siyahısının, yəni risk qrupunun olduğunu bildirib: “Biz onları risk qrupuna ona görə daxil edirik ki, normal veri ödəyiciləri sonradan onlarla iş görüb, o risk qrupuna düşməsinlər”.

İlk baxışdan normal yanaşmadır və obyektivlik gözlənilərsə, belə qrupun yaradılmasını hardasa başa düşmək olar. Ancaq maraqlıdır ki, nazirlik nümayəndəsi riskli vergi ödəyicilərinin sayını və onların hansı meyarlarla müəyyən edildiyini demək istəməyib: “Bu kommersiya sirridir. Yəni riskli vergi ödəyicilərinin hansı alqoritmlə müəyyən edilməsi sirrdir”. N.Şirinov deyib ki, bu alqoritmlər açıqlansa, pozuntuya yol verən ödəyicilər bu siyahya düşməkdən yayına bilərlər...

Ancaq bu məntiqi anlamaq çətindir. Deməli belə çıxır ki, risk qrupuna aid edilən sahibkar bu siyahıya niyə salındığını bilməli deyil, çünki bilsə həmin qrupdan çıxmaq üçün addımlar atar və digər ödəyicilər də bu qrupa düşməkdən yayınar. Belə nəticə hasil olur ki, nazirlik həmin siyahıya düşənlərin çox olmasında maraqlıdır. Sual yaranır – NİYƏ? Olmazmı ki, bu sahibkarlarla vaxtında iş aparılsın və digərləri də həmin qrupa düşməsin? Axı məlumdur ki, onlar bu siyahıya elə-belə salınmayıblar və yaxın gələcəkdə heç kim onların “başını sığallamayacaq”.

Elektron xidmət idealdan çox uzaqdır

Nazirliyin gördüyü müsbət işlərlə yanaşı, təəssüf ki, “axsadığı” bəzi sahələr qalmaqdadır. Bunların sırasında elektron xidmətlərin tətbiqi və xidmət mərkəzlərinin effektivliyi xüsusi yer tutur. Belə ki, olduqca tez-tez elektron sistemdə donmalar, xətalar müşahidə olunur. Son günlərdə isə sahibkarlara kütləvi şəkildə bəyannamələrlə bağlı qüsurlu sms-lər göndərilir.

Bir neçə il bundan əvvəl fəaliyyətini dayandıran, müflis olan, yaxud ümumiyyətlə hazırda sahibkarlıqla məşğul olmayan şəxslərin nömrələrinə “təqdim edilməmiş bəyannamələr” barədə məlumat daxil olur. Həmin şəxsin elektron sistemdəki məlumatlarını araşdırdıqda isə məlum olur ki, təqdim etmədiyi bəyannaməsi yoxdur. İndi kim təminat verə bilər ki, sözügedən şəxslərə hətta bəyannamə təqdim etmədiyi adı ilə cərimə hesablanmayacaq?

Belə hallar kifayət qədər çoxdur, kütləvidir. Və belə sms-lərin hamıya eyni gündə göndərilməsi isə böyük ajiotaja səbəb olur. Vətəndaşlar hesabat təqdim olunan dövrdə olduğu kimi, kütləvi şəkildə vergi xidmət mərkəzlərinə üz tutmağa başlayırlar. Onlarınsa sayı, əvvəllər də qeyd etdiyimiz kimi, tələb olunandan çox-çox azdır! Demək olar ki, bu xidmət məntəqələrində həmişə böyük növbələr olur. Ölkə üzrə 1 milyona yaxın ödəyicinin mövcudluğunu, onların da böyük hissəsinin paytaxtda yaşadığını, Bakıda isə cəmi 4 vergi xidməti mərkəzi olduğunu nəzərə alsaq, belə növbələrin yaranması təbiidir...

Daha bir texniki məsələni qeyd etməyə dəyər. Elektron qaimə sisteminə keçiddən sonra hətta su və elektrik enerjisinə ödəmələrə görə də sahibkara elektron qaimə göndərilir. Əgər sahibkar obyekti bağlayıb, fəaliyyətini dayandırdıqdan sonra su və işıq idarələrilə müqaviləsini ləğv etməyi unudursa, vay onun halına. Belə ki, həmin idarələr növbəti aylarda da sahibkarın adına elektron qaimə göndərirsə, verginin elektron sisteminə görə belə çıxır ki, sahibkar hələ də özünün xəbəri olmadan fəaliyyət göstərir(!).

Həmin “yenilikdən” təəssüf ki, insanların çoxu xəbərsizdir. Bu isə obyektini, işini çoxdan bağlayıb, müflis olub getmiş sahibkar üçün yenidən vergi və sosial ödəmələr hesablanması deməkdir. Yəni elektron qaimə sisteminin müsbət tərəflərilə yanaşı belə çatışmazlıqları da var. Hələ bu, bizim qeyd etdiyimiz kiçik bir nümunədir.

Əlbəttə ki, hər bir kəs ölkədəki bütün sahələrdə qanunların işləməsinin və hamıya eyni dərəcədə tətbiq olunmasının tərəfdarıdır. O cümlədən də, heç kim sahibkarlıq subyektlərinə qarşı hədsiz dərəcədə güzəşt olunmasına, onların kütləvi şəkildə vergidən yayınmasına şərait yaradılmasına tərəfdar deyil. Lakin bu işi daha sadə, bütün sahibkarlar üçün anlaşılan, sənədləşmə, hesabat işlərini mürəkkəbləşdirən, vergi yükünü daha da çoxaldan yox, azaldan formada həyata keçirmək doğru olmazmı?

Vergilər naziri Mikayıl Cabbarov təyinatından bir müddət sonra sahibkarlara “gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq” demişdi. Əslində, nazir kimi əksər sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektləri qətiyyən gizlənpaç-filan oynamaqdan zövq almırlar.Və bu gün hələ də gəliri az, vergilər və sosial ödəmələr isə gəlirlə müqayisədə çox olduğundan vergidən yayınmağa məcbur qalan sahibsiz sahibkarlara “üzdəniraq” deməkdən, yaxud hədələməkdənsə, bunun səbəblərini araşdırıb, onları aradan qaldırmaqla, doğrudan da “başqa oyun oynamaq” olar...

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

veten daşına 2019-06-17 22:05:36

Siyahıya Almalı monopolistini əlavə etsəydin yazın tamam olardı.

Şəki-Bazar ASC-nin səhmdarı 2019-06-17 22:05:36

Cənab Nazir , sizdən xahiş edirəm "Şəki-Bazar" ASC-də olan özbaşnalıqlara son qoyasınız ,,,, Vergidən yayınma halları hökm sürür,belə hallar ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirinin göstərməsinə baxmayaraq Eldəniz öz adını "milyonerlərin" siyahısına sala bilib ? İldə ən azı 600-700 min manat vergidən yayınır,həmin məbəğ "molla" Eldənizin cibinə daxil olub... Vaxt itirmədən bu aylarda köklü surətdə səyyar yoxlaması aparılsa,hər şey üzə çıxacaqdır ?

Şəki-Bazarın ASC-nin səhmdarı 2019-06-17 22:05:36

Cənab Nazir Şəki-Bazar ASC-də özbaşnalıqlar,vergidən yayınmalar,korrupsiya hökm sürməkdədir...? xahiş edirik bu özbaşnalıqların qarşısının alınmasında qanuni tədbirlər görəsiniz ?

vekil 2019-06-17 22:05:36

burada here bir fikir yazir lakin kimsesiz sahibsiz qanunsuz isleyen sahibkarlari hec kim dusunmur,her kes sahibkarlari sixmaq qorxu altinda saxlamaq elindekin tutub almaqla mesquldur,vergilere geldikde ise eslinde sahibkarin tanidigi bir yer var o da vergiler idaresi olmalidir lakin bu idare de mutamadi is adamlarini yigib topalayib sorgu etmelidir yoxsa ki gelib ser,bohtanla cerme yazib getmek is deyil ...

veten dashi 2019-06-17 22:05:36

Binə , Sədərək və digər bazarlardaki vergi pozqunluqlarını aradan qaldirmağa,Qeyri-qanuni kargo xidmətlərinin,gömrukdəki monopoliyanin qarşısını almağa nail olmadan bu işdə dönüş olmayacaq...

rashad haciyev 2019-06-17 22:05:36

Nağdsız ödənişlər bunun üçün QR paydən istifadəni dəstəkləyirəm belə ki,hər dükanda ya post terminal işləmir yada bankda olduğunu bildirirlər .həmçinin olanda belə xidmət haqqı 1 AZn tuturlar halbuki qanun vericilikdə belə bir hal nəzərdə tutulmayıb.QR pay hər sahibkarın hesabına bağlansın Wechat və ya What sapp la ödəniş tətbiq olsun.Qr pay hətta ərzağ bazarlarındada tətbiq edilə bilər .Bununlada post terminala ehtiyac olmayacaq.Cibində pul varsa ya xaricisən ya da oğru.

Vətəndaş 2019-06-17 22:05:36

Ölkəni milləti talan etmişlərdən vergi deklarasiyası tələb ediləcəkmi? Yoxsa ancaq kimsəsizlər, kiçik biznes əzilib məhv ediləcək?

Şəki-Bazar ASC-nin səhmdarı 2019-06-17 22:05:36

Vergidən yayınma halları Səhmdar Cəmiyyətlərdə höküm sürməkdədir..Dəfələrlə VN-nin ünvanına müraciət edərək bildirmişdim ki,"Şəki-Bazar"ASC-də gündəlik sahibkarlardan toplanılan xidmət pulları kütləvi şəkildə vergidən yayınaraq mənimsənilir.Bu səbəbdən Səhmdarlar dividentsiz qalmalarına baxmayaraq,ancaq "molla"lıqıa məşğul olan,Bazarın direktor vəzifəsini zəbt edən,savadsız,özünü hegomon kimi aparan Eldəniz Hacıağayev öz adını milyonerlərin siyahısına daxil edə bilib..İldə ən azı 600-700 min m.ver.yayınır

Son yazılar