Menu

Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? – Yarıdağılmış məktəbin bu il təmiri nəzərdə tutulur, amma…

19.06.2019, 13:41
Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək?  – Yarıdağılmış məktəbin bu il təmiri nəzərdə tutulur, amma…

Bərbad vəziyyətdə olan Tovuz rayon Köhnəqala kənd orta məktəbinin əsaslı təmiri məsələsi gündəmdədir. Təhsil Nazirliyindən bildirilib ki, bu il dövlət proqramında bu təhsil müəssisəsinin binasının müasir standartlara uyğun bərpası nəzərdə tutulub.

Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə məktəbin binasının hazırki vəziyyəti ilə bağlı paylaşılan fotolar ciddi rezonans doğurmuşdu. Müxtəlif platformalarda məktəbin yarıdağılmış binası, elementar şərait olmayan sinif otaqlarının fotoları on minlərlə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmışdı və tənqid hədəfinə çevrilmişdi.

Köhnəqala kənd orta məktəbi 1980-ci ildə istifadəyə verilib və 640 yerlik bu təhsil müəssisəsi ötən 40 il müddətində bir dəfə də olsun əsaslı təmir olunmayıb. Məktəbin istilik sistemi, sanitar qovşağı ümumiyyətlə mövcud deyil, sinif otaqlarının şüşələri qırılıb, döşəmələr, tavan, divarlar dağılıb, elektrik sistemi bərbad durumdadır. Məktəbin inventarı da uzun illərdir yenilənməyib, partalalar, yazı lövhələri sınıq-salxaqdır, maddi-texniki vəsaitlər yox dərəcəsindədir.

Vaxtı ilə Azərbaycanın bir çox sahələrinə bacarıqlı kadrlar, mütəxəssislər bəxş edən orta məktəb bu ağır şəraitdə də kollektivin gərgin zəhməti ilə təhsildə yaxşı nəticələr əldə edə bilir, Tovuzda nailiyyətləri olan təhsil müəssisələrindən biridir. Amma şəraitin dözülməz olması bir sıra ciddi problemlərə yol açır.

Artıq tədris müddəti başa çatıb, indi məktəbin kollektivi, şagirdlər, kənd sakinləri məktəb binasının tezliklə təmirinə başlanacağını gözləyirlər. Amma Təhsil Nazirliyi hələ ki, tələsmir, yeni dərs ilinə isə hər gün daha az vaxt qalır…

(Türküstan.info)

Şərhlər

Valideyn 2019-06-19 13:41:20

Təhsil Nazirliyinin hərəkətə keçəcək bazası var? Nazirlik ölüb.ağlayanı tapılmır.Bu ölkədə orta və Ali təhsilin təşkili və səviyyəsi ilə təsdiqlənir. Bütün dünyada təhsilə insanlar pul xərcləyir ki, yxşı,mükəmməl təhsil aklsın.Amma AZərbaycanda hər imtahan,zaçot zamanı pul xərclənir ki, savadsız olduqlarından onlara qiymət yazsınlar.BU biabırçılıqğın səbəbləri aradan qaldırılmasa,Azərbaycanda təhsil Nazirliyində hərəkət olmayacaq. Bunu isə istəyən varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol