Pambıq istehsalı kəskin şəkildə azalıb

Vahid Məhərrəmov: «Kənd Təsərrüfatı Nazirliyi problemlərin qarşısını almaq üçün heç bir addım atmır»

Son 18 ildə Azərbaycanda pambıq istehsalı altı dəfə, əkin sahələrinin həcmi isə doqquz dəfə azalıb. “Exo” qəzetinin yaydığı məlumata görə, son illərin tendensiyası bu sahədə azalma getdiyini göstərir. 1995-ci ildə Azərbaycanda 274,1 min ton pambıq istehsal olunmuşdusa, 2013-cü ildə bu rəqəm 45,2 min ton olub.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda pambıq istehsalının azalmasının səbəblərini açıqlayıb. Ekspert “Azadlıq”a açıqlamasında bildirib ki, pambıq texniki bitki olduğu üçün fermerlər əldə olunan məhsulu bazara çıxarıb sata bilmir: “Məhsul tədarük emal müəssisələrinə verilir ki, onlar da nəzarətdə olduğundan qiyməti diqtə edirlər.

Emal müəssisələri pambığa bir qiymət qoyurlar, halbuki, Azərbaycanda müxtəlif sort pambıq istehsal olunur. Yəni lifindən asılı olaraq, zərif, yüksək keyfiyyətli və s. sort pambıq yetişdirilir. Məhsuldarlıq aşağı olduğu üçün onun maya dəyəri yüksək olur. Burda daha çox əl əməyindən istifadə olunur. Bu sahədə, yəni əkin, səpin, aqrotexniki qaydalara əməl olunmalıdır, yığım zamanı texnikadan istifadə olunmasına, məhsulun ucuz başa gəlməsinə çalışmaq lazımdır. Bu zaman məhsulun satışından gəlir əldə etmək mümkündür”.

Ekspert deyir ki, məhsuldarlığın aşağı olması aqrotexniki qaydalara əməl edilməməsinin nəticəsidir. Fermerlərin suvarma suyuna olan tələbatı bu il də ödənilməyib, onlar keyfiyyətli gübrə ilə təmin olunmayıb. 2010-cu ildə qəbul edilən qanuna baxmayaraq, vəziyyət hələ də düzəlməyib.

Vahid Məhərrəmov qeyd edir ki, bu gün dünyada pambıq istehsalıyla məşğul olub yaxşı gəlir əldə edən kifayət qədər inkişaf etmiş ölkələr var: “Amerika, Israil, Çin genetik modifikasiya yoluyla hər hektardan 6 ton məhsul götürür. Azərbaycanda isə ton yarım, ən yaxşı halda, iki ton pambıq götürülür. Belə olan halda bizim istehsal etdiyimiz məhsul dünya bazarında rəqabət qabiliyyətli ola bilməz. Bununla bağlı xüsusi proqram qəbul olunmalı, mütəxəssislər cəlb edilməlidir. Aqrotexniki qaydalara əməl olunması üçün bütün lazımi avadanlıqların, mineral gübrələrin, kimyəvi maddələrin gətirilməsi və yaxud daxildə istehsalı həyata keçirilməlidir ki, fermerlər üçün hər şey əlçatan olsun. Nəticə də bu halda müsbət ola bilər. Bu sahədə ciddi problemlər var və getdikcə dərinləşir. Amma problemlərin qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi hansısa addım atmır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar