Və ya Sahil Babayev hansı səbəblərdən özünün kütləvi reklamına ehtiyac hiss edib?
Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi - DOST TV – internet televiziyasının fəaliyyətə başlaması barədə məlumat verildi. Məlumatda deyildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-də əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq, sosial yeniliklər, islahatlar, sosial hüquqlar və s. barədə məlumatlar çatdırılacaq. Sosial məsələlərlə bağlı suallar da nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.
Təbii ki, əhalinin maarifləndirilməsi və xeyli sayda jurnalist həmkarımızın işlə təmin olunması baxımından müsbət layihə kimi qəbul oluna bilər. Ancaq o halda ki, söhbət normal, effektiv, şəffaf və necə deyərlər, “əhaliyə canı yanan” bir nazirlikdən gedərsə (əgər ümumiyyətlə, Azərbaycanda belə birisi varsa-C.M.). Yəni, necə deyərlər, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”...
Təəssüf ki, indiyə qədərki mənzərə göz önünə alınanda, nədənsə yeni televiziya layihəsinin əhalidən çox nazirliyin və nazirin maraqlarına, piarına xidmət edəcəyinə dair şübhələr yaranır. Ümumiyyətlə, son zamanlar sözügedən nazirliyin və şəxsən nazir Sahil Babayevin mətbuatda reklamı xeyli artıb. Xüsusilə də ölkənin ən tanınan rusdilli saytlarından biri mütəmadi olaraq, az qala hər gün nazirliyin bu və ya digər tədbirləri, xüsusilə də S.Babayevin fəaliyyəti, görüşləri, səfərləri barədə məlumatlar yayır. Adətən bu məlumatlar müsbət mesajlar və təriflərlə “bəzədilir”. Hansı ki, əvvəllər nə sözügedən nazirlik, nə də nazirlə bağlı bu tendensiya müşahidə olunmurdu.

S.Babayevin hazırda hansı səbəblərdən bu cür reklama ehtiyacının yarandığını demək çətindir. Bu, onun hakimiyyət daxilindəki mövqeyinin, vəzifəsinin itirilməsi təhlükəsindən tutmuş daha yüksək posta iddialara qədər müxtəlif səbəblərlə bağlı ola bilər. Ümumiyyətlə, indiki hökumətdə özünü reklam etdirmək istəyən nazirlər və digər yüksək vəzifəlilər az deyil, amma indiyə qədər bunun üçün televiziya yaradanına rast gəlməmişik...
Lakin bizi düşündürən daha çox nazirin şəxsi karyera məsələləri yox, belə bir televiziyanın – bahalı bir layihənin, bu nazirliyin nəyinə, harasına yaraşmasıdır. Söhbət əhalinin sosial təminat sarıdan zəif, kasıb təbəqəsinin, əlillərin, qazilərin və s. ən çox şikayət etdiyi, fəaliyyətindən narazı qaldığı nazirlikdən gedir.
Maraqlıdır ki, bu nazirlik və onun obyektləri, şirkətləri və s. olan yüksək gəlirli vəzifə sahibləri yaşa görə 220 manat müavinət, 240 manat pensiya alan vətəndaşa həmin televiziyadan nəyi və hansı üzlə deyəcək, izah edəcək? Öz missiyasının, vəzifəsinin fəlsəfəsini anlamayan, anlamaq istəməyən, ona görə də dövlətin əhalinin kasıb təbəqəsinə, əlillərə, pensiyaçılara verdiyi vəsaitin artırılması yox, kəsilməsi, “qənaət edilməsi” ilə fəxr edən bir nazirliyin və onun başında duran şəxsin bu “qara camaata” xitab etməyə sözü və buna mənəvi haqqı varmı?
Bəlkə xırda və mənasız bəhanələrlə süründürməçiliyə məruz qoyulan, nəticədə əlillik müavinəti aylarla, illərlə, ya da birdəfəlik kəsilən əlil vətəndaşa deyəcək nələrisə var?
Bəlkə kənd camaatına min əzab-zillətdən, süründürməçilikdən və “qara-qura” alış-verişdən sonra verdikləri sınıq-salxaq mal-qaranı, qoyun-quzunu göstərəcəklər?
Görəsən, “uşaq pulu”nun verilməsinin ən qızğın əleyhdarlarından olan nazir Babayev kirayələrdə yaşayan, fəhləlik edib övladına od bahasına uşaq yeməyi alan və kasbçılıq ucbatından ailəsi hər an dağılmaq təhlükəsilə üz-üzə qalan azərbaycanlı gəncə özünün və hökumətin “uşaq pulu inadkarlığını” necə izah edəcək həmin televiziyadan?

Yeri gəlmişkən, S.Babayev “uşaq pulu” verilməməsini onunla izah etmişdi ki, “ölkədə demoqrafik vəziyyət yaxşıdır və əhalinin artımının stimullaşdırılmasına ehtiyac yoxdur”. Yəni, əhaliyə hər uşağa görə 100 manat versələr, millət artıb-törəyə bilər, bu isə nazirin dediyinə görə, dövlətə, hökumətə lazım deyil. Doğrudanmı belədir?
Axı, heç bir dövlət, o cümlədən Azərbaycan dövləti bu cür düşünə bilməz və sözsüz ki, düşünmür də! Belə olan halda, millətə, xalqa qarşı belə bir aşağılayıcı zehniyyətin, düşüncənin sahibinin indiyə qədər nazir postunda qalmasının özü bir möcüzədir və yəqin ki, nazir Babayev yaratdığı yeni televiziyada bu möcüzənin də sirrini açıqlayacaq...
Yeri gəlmişkən, son statistikaya görə, Azərbaycanda kişilərin 48 faizi pensiya yaşına çatmamış dünyasını dəyişir. Ancaq yəqin ki, bu statistika Azərbaycandakı demoqrafik durumla bağlı "özünəməxsus mövqeyi" olan nazir Babayevi qətiyyən kədərləndirmir...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Babək edam edildikdən 10 il sonra Afşin də edam edilir.Amma necə?Aclıqla.Bizim pensionerlərimiz kimi yəni.Demək,işverənlər xəlifəyə deyirlər ki,Afşin islamı üzdə qəbul edib,əslində isə zərdüştilərdəndi, heyvanı əvvəlcə boğdurub öldürür ki qanı tökülməsin,sonra kəsdirib yeyir məcusilər kimi.Qərəz,məhkəmə olur,iki dənə şax üzə dura bilən zərdüşti tapırlar,onlar da Afşinin üzünə dururlar ki,heyvanları kəsmədən öncə boğduğunu gözümüzlə görmüşük.Sübut olunur yəni.Afşini bir otağa salıb qapı-pəncərəsini bağıayırlar,gündə də bir boşqab yemək verirlər.Amma hər gün boşqabdakı yeməyi müəyyən qədər azaldırlar.Ay sonuna boşqabda noxud boyda çörək verilibmiş,sonra onu da azaldırlar,nəhayət,o boyda pəhləvan cüssəli sərkərdə arıqlayıb çöpə dönür,olur quşbala,mədə-bağırsağı pozulub ölür.Görünür pensiya idarəsinin başbilənləri məktəbdə tarixi yaxşı oxumadıqları üçün bizim pensionerləri Babəkin yox,Afşinin nəvə-nəticələri hesab edirlər,ona görə də quşbalaya döndərmək istəyirlər hamısını,yoxsa gündə bir boşqab yemək yeməyə zorla çatacaq qədər acınacaqlı pensiya təyin etməzdilər millətə,pensiyaya çıxmadan ölsünlər deyə yaş həddini 65 etməzdilər.Öz yaxınlarının,qohum-əqrəbalarının pensiyaları nə qədərdir görəsən?Mütləq araşdırılmalıdır.Qanun hamı üçün eyni olmalıdır.Dost-most televiziyasıyla filanla gözə kül üfürmək olmaz.Ən yarıtmaz halların pensiya və sosial yardım məsələlərində baş verdiyini bu gün respublikamızda ibtidai sinif uşaqları da bilir.
DSMF-ni Himalay ayısına tapşırıblarşO da qənaət edib yemlənir.
Televiziya "PUL DAĞARCIĞI"dır
Demek əllilər ilə məşğul olmaqdansa onun bunun pensiyasını kəsməkdənsə.El arasında neqodnu deyən əsgərlikdən yayınanlar yağlı yerdə oturanlar gömrükdə,vergidə,ədliyyədə,milli meclisdə, xalqın qanını sorub oturanlardan .Soruşunda hərbi komissarlardan hər 3 ildən bir nə qədər alırsız rüşvət. Neqodnu yenidən təsdiqləməyə
Esli, nesli haqqinda cox danishilib ! Bir onu deye bilerem ki, bu mexluq birbasha moskvanin adamidir ....
Ümumiyyətlə bizim deputatlardan da son dərəcə ağıllı olan və ona görə də uşaq pulu verilməsi məsələsi gündəmdə olanda gül dodaqlarının bir yanıyla ironiyayla qımışa-qımışa buna qarşı çıxan bir neçəsi hələ də anlamayıblar ki,əhalisinin sayı get-gedə azalan ölkələrdə gənc cütlükləri çoxuşaqlı olmağa həvəsləndirmək üçün verilən külli-miqdar pul,yeni mənzil-filan uşaq pulu deyil,,stimuldur.Ər-arvad görüncə ki,ilk uşaq üçün dövlət,məsələn,on min dollar verir,sonrakı uşaqlar üçün də əlavə olaraq artırır,təbii ki daha bir neçə övlad sahibi olmaq istəyəcəklər,çünki görəcəklər ki uşaqları böyütmək problem olmayacaq.Amma bizdə 80 manatmı,100 manatmı verilməli olub qətiyyən verilmək istənməyən qəpik-quruş uşağın pampersinə belə yetməz,o ki ola qidalanmağına.Ayda yüz manat verəcəklər deyə hansı ata-ana həvəsə gəlib sonrakı uşaqları dünyaya gətirmək haqqında düşünər ki,uşaq pulu verməməyi demoqrafik vəziyyətin pis olmamağıyla əsaslandırasan?Ay dərin zəka sahibləri kimi görünən məmurcuqlar,uşaq pulu deyilən şey hərhansı ölkədə demoqrafik vəziyyətin yaxşı və ya pis olmağına görə deyil,dünyaya gəlmiş uşaqların qidalanmağı üçün verilir.Demoqrafik vəziyyətin yaxşı olduğu ölkələrdə uşaqlar ac yaşamalıdı?Daha da pisi odur ki,bunca zəngin ölkəmizdə cüzi olan uşaq pulunu da verməmək dünyada dövlətimizin imicinə başlıca zərbədir.Hər bir ölkədə hər şey ilk növbədə uşaqların gözəl,xoşbəxt yaşaması üçündür,Deputatların maaşlarının artırılmasından əvvəl inkişaf etmiş ölkələrdə uşaq pulunun artırılması qayğısına qalarlar,çünki düşünürlər ki uşaqlar cəmiyyətin gələcəyidir.Yarıac,gözü o yeməkdə-bu içməkdə qalaraq içindən qırıla-qırıla böyüyən uşaqlar cəmiyyətin necə layiqli davamçıları ola bilərlər?Bu yerdə birdəncə Cəlaləddin Rumi yadıma düşdü.Deyib ki,nə qədər danışırsan danış,dediklərin qarşındakının anlaya bildiyi qədərdir.Ona görə də,nöqtə qoymağa məcburam.
Çox sağ ol Cəlal Məmmədov Təəssüf ki, Azərbaycanda Sizin kimi vicdanının hökmü ilə düşünən jurnalistlər yox dərəcəsindədir. Sizin bütün yazılarınızı həvəslə oxuyuram. Halal olsun.
AXI BU NAZİR SOSİAL LAHİYƏLƏR ÜÇÜN AYRILAN VƏSAİTDƏN "50 MİLYON "QƏNAƏT EDİB. BU PULUN HESABINA TELEVİZİYA KANALI İŞLƏYƏCƏK.
Angelina Jolie öz qazandığı milyonlarını Afrikadakı yad xalqların uşaqlarına səpələyir yağış kimi,bu tox məmur isə dövlətin ayırdığı, özünün qazanmadığı pulları öz xalqının uşaqlarına qıymır.Paradoks! Sözün bitdiyi yer.
Durğunluq illərində Seyran Səxavətin bir povestini oxumuşdum,o illərdə özlərini raykom olduqları rayonun kiçik xanı hesab edən raykomlara “ölümünü gözünün önünə gətirməyən adam” deyirdi o.Super ifadəydi.Bu da heç şübhəsiz ki,ölümünü gözünün qabağına gətirəmmir heç vaxt,yəni qətiyyən inanmır ki vaxt gələcək o da öləcək hamı kimi.Ölümünü gözünün qabağına gətirə bilsəydi hər şey bir yana,südəmər uşaqlar üçün ən kasıb ölkələrdə belə verilən uşaq pulunu dövlətin bu nazirliyə hər il milyardlarla manat ayırdığı puldan verməyi əsirgəməzdi.Bir var milyarderin öz pulu ola,deyə ki pul mənimdir,vermirəm kardeşim.Heç kim də ona irad tuta bilməzdi.Amma bir də var dövlət milyardlar ayıra,o milyardların bir qırağından dilsiz-ağızsız körpələrə onsuz da qəpik-quruş kimi veriləcək olan pulları verməyəsən,bu yalnız və yalnız mənsub olduğun xalqa nə qədər yuxarıdan aşağı baxmağın,o xalqa nifrət etməyin səbəbindən ola bilər.Belə deyilsə, pul dövlətin ayırdığı puldur və bu məqsədlər üçün ayrılıb,nə deyib onu vermək istəməyəsən?Səndən gedən nədir yəni?Sən qazanmısanmı o milyardları?O milyardları qalıq pul kimi hər il dövlətə geri qaytaranda döşünə orden-medal taxırlarmı?Uşaq pulu verilərsə gecələr gözünə yuxu getməyəcəkmi ordensiz-medalsız qalacaqsan deyə?Şahlara layiq obed süfrələrində pendirin,yağın,balın,qaymağın əskik olacaqmı?Şux yaşamağın yağ-bal daman üzündən bəllidi. Amma o pendirdən,o yağdan,o baldan,o qaymaqdan uşaqlar da yemək istəmirlərmi elə bilirsən?Nədir səni uşaqlara bunca düşmən edən?Demək ki ölümünü gözünün qabağına gətirə bilməyənlərdənsən sən də.
Televiziyaya ayrılacaq maliyyə aztəminatlı ailıələrə yönəldilsə problem yerindəcə həllini tapar. Heç Sahil millətin yadına da düşməz.
Bu televiziya hansı mənbədən maliyyələşəcək?Pensiya fonundan?Yoxsa müavinətlərin kəsilməsindən?
...Ona görə də millətin pensiyasını kəsir çoxlarının da illərdir aldığı pensiyanı tam kəsib.
XALQIMIZ İSİNMƏDİ İSTİSİNƏ ,KOR OLDU DSMF-NİN TÜSTÜSÜNƏ.