Menu

AVROPA PARLAMENTİ DƏ SEÇKİNİN NƏTİCƏLƏRİNİ TANIMADI - SƏRT QƏTNAMƏ

23.10.2013, 22:12
AVROPA PARLAMENTİ DƏ SEÇKİNİN NƏTİCƏLƏRİNİ TANIMADI -  SƏRT  QƏTNAMƏ

“9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edirik”

Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Bu barədə musavat.com Avropa Parlamentinin rəsmi saytına istinadən məlumat yayıb.

Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının Şərq Tərəfdaşlığı ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır.

“Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir.

Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.

Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirir. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır", - deyə qətnamədə bildirilir

Qeyd edək ki, Avropa Parlamentinin bu qərarı rəsmi Bakı ilə Qərb arasında uçrumu daha da dərinləşdirəcək. Bu isə geriyə dönüşü olmayan proseslərin başlaması deməkdir. Hakim komanda da edilən son dəyişikliklər, xüsusən müdafiə naziri ilə bağlı qərar hakimiyyətin də artıq bu prosesə hazırlaşdığını göstəririr. Daxili Qoşunların komandanının müdafiə naziri təyin edilməsini hakimiyyətin gələcəkdə ordunu da daxildə sabitliyin təmin olunmasına cəlb edilə biləcəyinə işarə sayanlar bu baxımdan haqsız deyillər. Ancaq təcrübə göstərir ki, Qərblə açıq qarşıdurmaya gedən rejimlərin ömrü uzun olmur. Arzu etməsək də, baş verənlər Azərbaycanı çətin günlərin gözlədiyindən xəbər verir.

VAQİF

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol