“Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində sualların yoxlanılması zamanı ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən olunub. Bu suallar ümumi sualların 0,54 faizini təşkil edib”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib.
Onun sözlərinə görə, texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur.
“İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdısa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlardan olan qüsur izah olunacaq”, - M. Camalzadə vurğulayıb.


Şərhlər
VƏ TƏHSİLİN ELİMİN BİLİYİN DEQRADASİYASI...