Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev DİN rəhbəri Ramil Usubovun iddiası haqqında iş üzrə təcili olaraq Nəsimi rayon məhkəməsinə çağırılıb. “Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi rayon məhkəməsinə çağırıblar. Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq”, deyə Quliyev Turan-ın müxbiri ilə söhbətində bildirib.
Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb.
Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib. Quliyev hesab edir ki, bu cinayət təqibi siyasi motivlidir və onun Ziyalılar Birliyinin rəhbəri və Milli Şuranın üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.
E.Quliyev "Azadlıq"a açıqlamasında gözləntilərini dilə gətirib. O, məhkəmədən istənilən qərar gözlədiyini deyib: "Məntiqdən uzaq məmləkətdə yaşayırıq. Burda heç nə məntiqlə izah olunmur. Məhkəmə hərəkət imkanımı məhdudlaşdıra bilər. Ancaq həbs də edə bilərlər. Bunlardan nə desən gözləmək olar".


Şərhlər