Menu

Türkiyə mafiyasının liderilə bağlı qərar verildi - Əhalini silahlanmağa çağırmışdı

01.08.2019, 17:33
Türkiyə mafiyasının liderilə bağlı qərar verildi - Əhalini silahlanmağa çağırmışdı

Türkiyədə kifayət qədər ciddi nüfuza sahib olan və kriminal aləmin lideri hesab edilən Sedat Pekerlə bağlı prokurorluğun qərarı məlum olub.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, S.Pekerin bu ilin fevral ayında toplantıların birində söylədiklərinə dair araşdırma yekunlaşıb və prokurorluq işdə cinayət tərkibinin olmadığı qərarına gəlib.

Məsələ ondadır ki, daha çox millətçi, ülküçü kimi ad çıxaran S.Peker hazırkı Türkiyə hakimiyyətinə yaxın şəxs kimi tanınır. O, dəfələrlə tərəfdarları qarşısındakı çıxışlarında, həmçinin mətbuata açıqlamalarında hakimiyyətə dəstəyini gizlətməyib. Türkiyədə keçirilən son bələdiyyə seçkiləri öncəsi isə İstanbulun Ataşehir bölgəsində çoxlu sayda yerli sakin və tərəfdarları qarşısında çıxış edən S.Peker insanları xarici qüvvələr və onların Türkiyədəki tərəfdarlarına qarşı silahlanmağa çağırmışdı.

MHP sədri Dövlət Baxçalının açıqlamalarını əsas gətirən S.Peker bu seçkidə dövlətin və xalqın varlığı məsələsinin həll olunduğunu iddia etmiş və müdafiə olunmaq üçün insanların odlu silahlarla, ov tüfənglərilə və s. silahlanmasının vacib olduğunu qeyd etmişdi.

Həmin vaxt bu çağırışla bağlı prokurorluq araşdırmaya başlamışdı. İstintaqa çağırılan S.Peker isə söylədiklərində qanunsuz heç nə olmadığını deyib. O, bildirib ki, insanların rəsmi qaydada dövlətdən icazəsi alınan silahlarla silahlanmasını nəzərdə tutub. Pekerin çıxışının videoyazısından da görünür ki, o, “ruhsatlı” yəni icazəsi alınan silahlarla silahlanmaya çağırış edir.

Buna baxmayaraq, müxalif partiyalar S.Pekerə həddindən artıq azadlıq verildiyini bildirərək, onun kriminalla əlaqələrini, Türkiyənin başlıca mafiya lideri olduğunu önə çəkirlər. Sözügedən çıxışında isə Peker özünün və tərəfdarlarının sadəcə “vətən dəliləri” və “vətən fədailəri” olduğunu bildirmişdi. Və demişdi ki, “bu vətəndə hər kəs sussa da, biz danışacağıq..." Bununla yanaşı Peker xitab etdiyi insanları bələdiyyə seçkilərilə bağlı pis ssenarilərə hazır olmağa çağırşmışdı və silahlanma çağırışı da məhz həmin ssenarilərlə bağlı idi.

Xatırladaq ki, İstanbulda keçirilən bələdiyyə seçkilərinin ikinci turundan sonra qalib müxalif CHP-nin namizədi Əkrəm İmamoğlu elan edildi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol