Menu

Milli Şura seçki saxtakarlığı ilə bəyanat verdi

24.10.2013, 19:22
Milli Şura seçki saxtakarlığı ilə bəyanat verdi

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlıDemokratik Qüvvələrin Milli Şurasının BƏYANATI

Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri qeyri-demokratik şəraitdə keçirilib, azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib.

Seçkilər azad və ədalətli olmayıb, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə etməyib.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Beynəlxalq qurumların bəyan etdiyi kimi, bu seçkilər beynəlxalq standartlardan çox uzaq olub.

Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.

İlham Əliyevin beynəlxalq hüquq normalarına və qanunlara zidd olaraq üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi seçkilərin legitimliyini əvvəlcədən şübhə altına düşməsinə səbəb olub.

Nəticəsidə ATƏT/DTİHB, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumlar seçkilərin nəticələrini tanımayan, faktiki olaraq bu seçkilər nəticələrinin xalqın iradəsini ifadə etmədiyini əks etdirən bəyanatlar yayıb.

Demokratik Qüvəələrin Milli Şurası hesab edir ki, 09 oktyabr 2013-cü il Prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması əslində əksər məntəqələrdə hakimiyyətin nəzarəti altında olan seçki komissiyaları tərəfindən uydurma nəticələrin protokola yazılması vasitəsilə ölkədə hakimiyyətin mənimsənilməsi prosesi baş verib, xalqa qarşı ağır cinayət törədilib.

Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, demokratik seçkilərin keçirilməsi və ölkədə demokratik islahatlara başlanması imkanı növbəti dəfə itirilib.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilərin nəticələri xalqın azad iradəsini əks etdirmir. Belə ki:

- Prezident seçkiləri ərəfəsində ölkədə seçkiqabağı demokratik şərait olmayıb;

- müxalifətdə olan siyasi partiyaların və digər müxalifət təşkilatlarının normal fəaliyyətinə imkan verilməyib;

- ölkədə siyasi rəqabət şəraiti mövcud olmayıb;

- seçki ərəfəsində siyasi məhbusların sayı rekord həddə çatıb;

- vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilməyib;

- müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam edib, hakimiyyəti tənqid edən jurnalistlər şərlənərək Cinayət Məcəlləsinin müxtəlif maddələrilə həbs olunub;

- demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb;

- seçkilər ərəfəsində seçki qanunverciliyində azad və ədalətli seçkilərin keçirilməsi üçün maneçilik törədəcək əlavə və dəyişikliklər edilib;

- Seçki Məcəlləsinin demokratikləşməsi istiqamətində AŞ PA-nın Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb;

- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri faktiki olaraq həlledici səs çoxluğuna malik olub;

- komissiyadakı vəzifələr iqtidar və iqtidaryönlü partiyaların nümayəndələri arasında bölünüb;

- iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb;

- seçki kampaniyasının müddəti azaldılıb, təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə xeyli məhdudlaşdırılıb;

- administrativ resurs hakimiyyət namizədinin seçki kampaniyasına cəlb edilib;

- seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən hakimiyyətin nəzarəti altında olan 7 televiziya kanalı daim hakimiyyət namizədinin təbliğatı ilə məşğul olub;

- seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri xalqın azad iradəsini ifadə etməyib.

Cəmil Həsəınlinin seçki qərargahına daxil olan çoxsaylı məlumatlar, seçki məntəqələrində olan müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin hesablamaları tam əminliklə deməyə əsas verir ki, seçkilərdə iştirak edən seçicilərin sayı saxtakarlıqlar və qanun pozuntuları hesabına dəfələrlə şişirdilib. Əslindəseçkilərdə iştirak edən seçicilərin ümumi sayı 20 faizdən aşağı olub.

Seçicilərə öz istəklərinə uyğun səs vermək üçün imkan yaradılmayıb. Seçicilərin bir qismi seçki məntəqələrinə məcburi şəkildə, işdən azad olunmaq və digər təhdidlərlə gətirilib, onlara iqtidar namizədinə səs verməli olduqları təbliğ olunub.

Seçkilərdə administrativ resursun hüdudsuz iştirakı, qanun pozuntuları və saxtakarlıqlar seçkilərin nəticələrinin müəyyənləşməsində həlledici rol oynayıb.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri xalqın seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin mümkünlüyünə olan inamını növbəti dəfə doğrultmayıb.

Azərbaycan hakimiyyəti 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində xalqın iradəsinə zidd olaraq, hakimiyyətin mənimsənilməsi istiqamətində növbəti addımını ataraq, xalqa qarşı ağır cinayət törədib.

Seçki kampaniyası və seçki günü yol verilən qanun pozuntuları və saxtakarlıqlar barədə dairə seçki komissiyalarına, Mərkəzi Seçki Komissiyasına, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə verilən onlarla şikayətin heç biri qanuni araşdırılma aparılmadan təmin edilməyib, Konstitusiya Məhkəməsi isə namizədin MSK-nın yekun qərarından şikayət vermək üçün məhkəmələrə müraciət etmək üçün tələb olunan zamanı gözləmədən tələsik seçkinin nəticələrini təsdiqləyib. Bu da istər seçki administrasiyasının, istərsə də məhkəmə hakimiyyətinin tamamilə icra hakimiyyəti strukturlarının nəzarəti altında olmasının növbəti sübutudur.

Əvvəlcədən heç bir məlumat verilmədən andiçmə mərasiminin tələsik keçirilməsi, bu mərasimə heç bir ölkənin rəsmi nümayəndəsinin dəvət edilməməsi saxta seçkilərin nəticələri barədə beynəlxalq birliyin seçkilərlə bağlı mənfi rəylərini durdurmağa, Azərbaycan və beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymağa yönəlib.

Qeyd olunanları nəzərə alaraq, Demokratik Qüvvələrin Milli Şurası 09 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərinin legitim olmadığını, seçkilər barəsində ATƏT/DTHİB-in verdiyi rəyin tam olmasa da belə həqiqəti əks etdirdiyini təsdiqləyərək, bu seçkilərin nəticəsini tanımadığını bəyan edir. Belə ki, seçkilərin gedişi və hakimiyyətin həyata keçirdiyi saxtakarlığın strukturu və miqyası barədə Demokratik Qüvvələrin Milli Surasının sərəncamına daxil olan gerçək məlumatlar bəyan etməyə əsas verir ki, 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində öz iradəsi ilə iştirak edən seçicilərin əksəriyyəti Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verib. Ciddi qanun pozuntuları, saxtakarlıqlar, hakimiyyət strukturlarının zorakı müdaxiləsi nəticəsində seçkilərin nəticələri iqtidar namizədinin xeyrinə əsaslı surətdə dəyişdirilib.

Seçkilərin nəticələri xalqın iradəsini əks etdirməyib. Hakimiyyət administrativ resursun müdaxiləsi ilə zorakılıqla mənimsənilib.

Demokratik Qüvvələrin Milli Surası 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik seçkilər hesab edir. Belə seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır.

Demokratik Qüvvələrin Milli Surası 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə təkrar Prezident seçkilərinin keçirilməsini tələb edir.

Bakı şəhəri,

24 oktyabr 2013-cü il

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol