İsrailin “The Jerusalem Post” qəzeti “Mossad”ın yeni əməliyyatı barədə məlumat yayıb.
“AzPolitika.info” xəbər verir ki, qəzetdə İsrail kəşfiyyatının İrana və “Hizbullah”a qarşı keçirdiyi əməliyyatın bəzi təfərrüatları yer alıb.
Məlumatda deyilir ki, İran “Hizbullah”ın vasitəsilə İsrailin şimalına hücum hazırlayıbmış. İsrail qəzeti iddia edir ki, bunun üçün Pilotsuz Uçan Aparatlardan, yəni dronlardan istifadə edilməsi nəzərdə tutulub. Həmin dronlar partladıcı ilə təmin olunacaqmış. “Mossad” isə bu hücumu yerinə yetirəcək “Hizbullah” üzvlərinin izinə düşə bilib. Qeyd olunur ki, İsrail kəşfiyyatına bu işdə əsas köməyi Tehrandakı agentura şəbəkəsi göstərib. Ehtimal olunur ki, məhz İranda fəaliyyət göstərən şəbəkə bu ölkəyə təlim keçmək üçün gələn “Hizbullah” təmsilçilərini müəyyən edib. Məlum olub ki, həmin şəxslər bu il ərzində bir neçə dəfə İrana gələrək, dronlardan istifadə ilə bağlı təlimlərdə iştirak ediblər.
“The Jerusalem Post” qəzeti bildirir ki, avqustun 25-də İsrailin Fələstinin Akraba bölgəsinə, eləcə də Suriya, Livan və hətta İranın ərazisinə endirdiyi zərbələr də məhz yuxarıda qeyd olunan əməliyyatla bağlıdır. Belə ki, həmin zərbələr nəticəsində İranda məhv edilən 3 nəfərdən ikisinin məhz dronlarla hücumda iştirak edəcək “Hizbullah” təmsilçiləri olduğu iddia edilir. Onların hətta İrana son səfərlərindən öncə təyyarəyə minərkən fotoşəkil çəkdirdikləri, bütün bunların isə İsrail kəşfiyyatının müşahidəsi altında baş verdiyi məlum olub.
Qəzet sonda “Mossad”ın işini çox yüksək qiymətləndirərək iddia edir ki, məhz onun sayəsində İsrailə qarşı növbəti təhlükəli hücumun qarşısı alınıb.
“AzPolitika”


Şərhlər