Menu

Ərdoğandan İŞİD etirafı - Video

22.09.2014, 09:13
Ərdoğandan İŞİD etirafı - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Mosul şəhərində İŞİD qruplaşması tərəfindən girov götürülən və 101 günlük əsarətdən sonra dünən azad edilən Mosul konsulluğunun diplomatlarını qəbul edib.

Girovluqdan azad olunmuş türk diplomatları qarşısında çxış edən Ərdoğan bunun Türkiyə üçün bir bayram olduğunu deyib, iradə və mətanətlə bu anı gözlədikləri üçün onlara təşəkkürünü bildirib: “Hər hansı türk diplomatının burnu belə qanasaydı, bunu özümüzə bağışlamazdıq. Bu işdə uğursuz olacağımızı heç düşünmədik”.

Türkiyə prezidenti çıxışı zamanı göstərilən təzyiqlərə rəğmən diplomatların cəsarət nümayiş etdirməsini alqışlayaraq onların xilas edilməsi üçün Türkiyə hökumətinin atdığı addımları da yüksək qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, diplomatların təhlükəsizliyi əsas vəzifələri olub: “Türkiyə Cümhuriyyətinin etibarını qorumaq çox önəmli idi. Biz bəzi koalisiya tələblərinə və təkliflərinə həmin vaxt dərhal “əlbəttə, biz də varıq” deyərək cavab verə bilməzdik. O zaman dünya nəhəngləri “onu da edək, bunu da edək” deyirlər. Amma biz dərhal bu işə “bəli” deyə bilməzdik. Çünki bizim 49 canımız var idi, "biz onlardan arxayın olmadan addım ata bilmərik" dedik və diplomatlarımızın təhlükəsizliyini, azadlığını düşünərək yol xəritəmizi müəyyənləşdirdik. "Arxayın olmadan addım atmarıq" söylədik”.

Ərdoğan çıxışında İŞİD-in başını kəsdiyi ingilislərin, amerikalıların yerində türk vətəndaşlarının olmasını və eyni aqibəti yaşamaq istəmədiklərini söyləyib.

Xatırladaq ki, 3-ü uşaq olmaqla 49 türk diplomatı iyun ayının 11-də İŞİD tərəfindən girov götürülüb. 3 aydan çox əsirlik həyatı yaşayan diplomatların yeri İŞİD silahlıları tərəfindən 8 dəfə dəyişdirilib. Diplomatlar əsirlikdə yaşadıqları dəhşətli anları dilə gətirmək istəməsələr də bu müddət ərzində çox təhlükələrdən keçdiklərini bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol