ƏL-ƏSƏD AİLƏSİNİN QARANLIQ TALEYİ – Rusiya Suriyanın başına kimi gətirə bilər?

Artıq 8 ildən çoxdur ki, davam edən Suriya münaqişəsi son mərhələyə yaxınlaşıb. Münaqişənin aqibəti Suriyanın yeni konstitusiyası ətrafında aparılan müzakirələrdən asılıdır. Müzakirələrə təsir edəcək əsas amillər Cerablus, Afrin, İdlib, Deyr ez-Zor və Əl-Tənf kimi şəhərlərin statusu məsələsi olacaq. Burada Rusiya-İran-Türkiyə üçlüyü arasında davam edən müzakirələrlə yanaşı, Birləşmiş Ştatların mövqeyi də həlledici olacaq.

Suriya münaqişəsinin vətəndaş müharibəsi kimi təqdim edilməsi ilə razılaşmaq qətiyyən mümkün deyil. Münaqişədə iştirak edən onminlərlə xarici döyüşçü və ölkə ərazisində əməliyyatlar aparan xarici dövlətlər nəzərə alındıqda münaqişənin vəkalət müharibəsi (proxy war) kimi adlandırılması daha doğru olardı. Bütün hallarda, münaqişənin formal qalibi Bəşər Əsədin rəhbərlik etdiyi Suriya rejimidir. Bununla da, Bəşər Əsəd Yaxın Şərqin ən qanlı savaşlarından birinin qalibi kimi adını tarixə yazdıracaq.

Buna baxmayaraq, uzun perspektivdə Suriyanın gələcək siyasi həyatında Əsəd ailəsinə yer olmayacağını düşünürəm. Fikirlərimi üç prizmadan əsaslandırmağa çalışacağam: siyasi, sosial-ictimai və iqtisadi.

Siyasi prizmadan baxdıqda, Bəşər Əsədin çıxılmaz bir vəziyyətə düşdüyünü görmək mümkündür. Mövcud situasiyada Əsəd Suriya prezidentindən daha çox Rusiyanın Suriya “qubernatoru”na bənzəyir. Ölkə siyasi həyatı bütünlüklə Rusiyanın nəzarətinə keçib. Suriya ərazisində qurulan Tartus və Hmeymim rus hərbi bazaları müqavilə əsasında 49 illik Moskvanın icarəsinə verilib. Müqaviləyə əsasən, bazalar üzərində Suriyanın heç bir söz haqqı yoxdur. Bütün bunlar Suriyanın Yaxın Şərqin Ermənistanına çevrildiyini göstərir. Lakin Bəşər Əsəd üçün daha acınacaqlı bir məqam da var: Moskvanın başqa bir namizədə “stavka” etməsi. Bu şəxs general Süheyl Həsəndir. General Suheyl Rusiyanın dəstəyi ilə qurulan və ən qanlı əməliyyatları keçirən elit “Pələng” briqadasına rəhbərlik edir. Həsənin əmrləri birbaşa Rusiyadan aldığı və Suriya ordusuna tabe olmadığı məlumdur. Hətta beynəlxalq mətbuatda Bəşər Əsədin qardaşı Mahir Əsədlə Süheyl Həsən arasında ciddi münaqişənin olduğu barədə məlumatlar dərc olunur. Elə bu səbəbdən, Rusiyanın təzyiqi ilə Mahir ordudan uzaqlaşdırılıb.

Onu da qeyd edim ki, Rusiya prezidentinin 2017-ci ildə Suriyaya səfəri zamanı general Həsən rus hərbi bazasına dəvət olunan yeganə suriyalı zabit idi. General Həsənin Suriyanın gələcək lideri olması ehtimalı çox yüksəkdir. Bunun əsas səbəblərindən biri Bəşər Əsədin həm daxili, həm də beynəlxalq müstəvidə imicinin çox mənfi olmasıdır. O, insanlığa qarşı bir çox cinayətdə ittiham olunur. Rusiyanın isə Yaxın Şərqdə yeni bir Ömər əl-Bəşirə (sabiq Sudan prezidenti) himayəçilik edəcəyi inandırıcı deyil. Digər tərəfdən, Bəşər Əsədin İran ilə yaxınlığı nəzərə alındıqda, Rusiyaya sadiq general Həsənin hakimiyyətə gəlməsi Kremlinin maraqlarına daha çox uyğundur. Rusiya bu addımla, həm də İsrail və Türkiyə başda olmaqla, digər region ölkələrinin Suriya ilə bağlı etirazlarını neytrallaşdıra bilər.

Sosial-ictimai prizma daha qabarıq hiss edilməkdədir. Cəmi 10 il əvvəl Yaxın Şərqin ən sivil və rifah ölkələrindən biri olan Suriya, hazırda ərazisi darmadağın edilmiş və parçalanmış, əhalisinin demək olar ki, yarısı, yəni 12 milyonu qaçqın və ya didərgin salınmış vəziyyətdədir ki, bunun azı 6 milyonu xarici ölkələrə köç edib. Bir milyona yaxın insan həlak olub və ya itkin düşüb. Bütün bunlar, ölkənin üzləşdiyi demoqrafik fəlakətin miqyasını göstərir. Digər yandan, 50 ilə yaxındır ki, Suriyaya nəzarət edən Əsəd ailəsinə qarşı sünni əhalinin nifrəti daha da dərinləşib. Hələ 70-ci illərin sonunda Hafiz Əsədə qarşı üsyana qalxan sünni müxaliflərə də qanlı divan tutulmuşdu.

Qeyd edək ki, sekulyar dövlətçilik prinsipinə əsaslanan BƏƏS ideologiyasını mənimsəyən Əsəd ailəsi ələvi məzhəbindəndir. Ələvilər Suriya əhalisinin cəmisi 12%-ni təşkil edir. Suriyada məzhəb savaşının mərkəzində duran əsas amil budur. Son məzhəb müharibəsi də Əsəd ailəsinin zəfəri ilə yekunlaşsa da, münaqişənin müxtəlif formalarda Əsəd ailəsinə qarşı hələ uzun illər davam edəcəyinə şübhə yoxdur. Bu narazılığın susdurulması üçün Əsəd ailəsinin siyasi hakimiyyətdən uzaqlaşdırılması zəruridir.

Bununla belə, yuxarıda adı çəkilən general Süheyl Həsənin də ələvi məzhəbindən olduğunu qeyd etmək lazımdır. Elə bu səbəbdən siyasi hakimiyyətin formal şəkildə fərqli bir sekulyar və sünni namizədə (Əli Məmlük) keçməsi də mümkündür.

İqtisadi prizmadan baxdıqda, ölkənin xaricdən asılılığının daha çox artacağı gözlənilir. Digər qonşularından fərqli olaraq, Suriyanın neft-qaz ehtiyatları çox azdır. Münaqişədən öncəki dövrdə (2010) Suriyadakı neft istehsalatı dünya neft istehsalatının cəmi 0,5%-ni təşkil edirdi və neftin dövlət gəlirlərindəki payı 25% idi. Lakin hazırda əsas neft ehtiyatlarının toplandığı Deyr ez-Zor şəhərinə və ölkənin ən böyük neft yatağı olan əl-Ömər yatağına ABŞ nəzarət edir. Ölkə iqtisadiyyatında digər əsas pay 25%-lə kənd təsərrüfatının idi. Ancaq münaqişə zamanı mövcud infrastrukturun dağıdıldığı nəzərə alındıqda, aqrar təsərrüfatın bərpası üçün külli miqdarda xarici investisiyaya ehtiyac var. Eləcə də, turizm və mineral ehtiyatlar kimi sektorlara da yüksək həcmdə xarici sərmayənin qoyulması zəruridir. Artıq bir neçə Rusiya şirkəti Suriyanın təbii mineral ehtiyatlarının istismarı üçün səlahiyyət əldə edib. Lakin həm zəngin Körfəz ərəblərinin, həm də İsrail və Türkiyə kimi regionun inkişaf etmiş ölkələrinin Suriyadakı yenidənqurma və bərpa işlərində iştirakı mütləqdir. Bu ölkələrin də hər biri Əsəd ailəsinin hakimiyyətdən uzaqlaşdırılmasını istəyir. Suriyada iqtisadi inkişafı təmin etməklə stabillik əldə etmək və status-kvonu qorumaq istəyən Moskvanın Əsəd ailəsini yola salmaqda maraqlı olduğunu düşünmək mümkündür.

Yuxarıda yazılanlarla yanaşı, Rusiyanın ilk dəfə öz oyun meydanından (MDB) kənarda beynəlxalq miqyaslı münaqişədə iştirak etdiyini və qalib gəldiyini unutmamaq lazımdı. Moskva, bununla xüsusi strateji əhəmiyyətə malik hərbi bazalar qururaq, Aralıq dənizinə çıxış əldə etdi. Bu da yaxın gələcəkdə Rusiyaya Avropanın “ürəyinə” nüfuz etmək, Şərqi Aralıqdakı qaz ehtiyatlarında söz sahibi olmaq və Türkiyəni cənubdan mühasirəyə almaq imkanı yaradacaq. Bütün bu amillər Moskvanı Suriya siyasətində riskli addımlar atmaqdan çəkindirəcək və daha konstruktiv siyasət yürütməyə məcbur edəcək. Elə buna görə də, münaqişədən sonra Bəşər Əsədin Moskvanın lüks məhəllələrinin birinə sürgünə göndəriləcəyini ehtimal etmək mümkündür. Bununla da, Suriyada Əsəd sülaləsi dövrünün bitəcəyini düşünürəm.

Cavidan ƏHMƏDXANLI

635x100

Şərhlər

Arif 2019-11-06 21:25:55

Umumiyyətlə Surya münaqişəsini bilmək üçün mütləq 1-ci dünya savaşını bilmək, həmin savaşda yarımçıq qalan müqavilələri öyrənmək, sonda Xəzər dənizindən çıxarılan qaz kəməri, Fars körfəsindən çıxarılacaq qaz kəmərilə birləşdirməklə, İrak, Surya ərazisindən Aralıq dənizi vasitəsilə mərkəzi Avropaya çatdırmaq, həmçinin burda İraqda Suryada hasil olunan qaz yatağlarıda daxil idi, necə deyərlər sən saydığını say ABŞ-da yaxşı saymışdı amma fələyin saydığını hesaba almamışdı təkrar edirəm burda çox oyunçular var.

Arif 2019-11-06 21:25:55

Mən hər zaman kiminsə qəlbinə toxunan ifadə iştətmərəm, burda yalnız fikirlərimizi, bildiyimiz anladığımız şəkildə bölüşməliyik, kimsə nəyisə dərk edib yazırsa, demək onun ən böyük silahı mədəniyyətdir.Cavablarınızla razılaşardım amma Suryada siyasi hakimiyyətlik təkcə B.Əsəddən və yaxud Surya xalqından aslı olsaydı, Aralıq dənizi ətrafında gedən oyunlar bu günün deyil burda ABŞ, Rusya üzdədir qalanlar isə bu oyunda çox fəal oyunçudurlar bu sırf gələcəkdə adlandırılacaq qaz muharibəsidir, sonu görünməyən.

Adsız cavaba 2019-11-06 21:25:55

Panama, İçgeriya? Hüquqi aləm silahlı qırğınların demokrat-müxalif bəhanəsini aşkar görür. Dudayevdən sonra İçgeriyada çoxmu qırğın oldu? Cavadov, Hüseynov kimi(heç biri müxaif olmayıb) eşidilməyən iqtidar fərdlərini aktdan öncə mükəmməl azadlıq(müdafiə şurasına) yoluna çəkmək gərəkdi. Bəşər ən geci ABŞ müxalifətə (Sizcə terrora) 25 mlrd elan edəndə (Əli Məmlüklə) RAKİROVKAya getməliydi? Diktator ölkəni iflas edib, hakimiyyəti heç kəsə layiq bilmir? İ.Stalin diktəsi deyil, "Stavka" faşizmə qalib gəlib!

kamil 2019-11-06 21:25:55

Vaxtinda getmeyi bacarmaq lazimdir.

Bəhi-yə 2019-11-06 21:25:55

Sizin düşüncənizlə Bəşər Əsəd, hakimiyyəti ABŞ-la, Səudiyanın yaratdığı İŞİD-çilərə verməliydi?Bəyəm orda müxalifət var idi, əllərdə silah tank olan insanlar haçandan muxalifət sayılır, belə çıxırki ölkəmizdədə bir zaman Cəvadovların silahlı dəstəsini mixalifət sayaq?Allah rəhmət eləsin H.Əliyevə deyərdi, muxalifətin əlində radatka belə olsa o, artıq muxalifət yox silahlı qurup sayılır.Elə düşünülməsin B.Əsədi müdafiyə edirəm, bütün ərəb dünyasının azad düşüncəyə bəlkədə əsr qalıb, terorçulardan azadlıq?

Bəhi 2019-11-06 21:25:55

Viranə Suriyada qalib çıxmaq siyasi lider vəhşətinin faciəsi deyilmi? Hər məxluq işdə ən vacib-həqiqət anını da arayır. Gecikmə-uzaqlaşma iflas və faciə ilə bitir. Liderlik vəhşəti bəziləri kimi Bəşəri də çoxdan bitirib. Məncə, ilkin təlatümdə taxt hər hansı müxalifətə-liderə verilsəydi, 5 illik, milyonluq faciələr olmazdı? B.Əsəd atasını da dövlətə yüksəltmiş Vətənə bircə kreslonu belə zamanında qaytarmadı ki, bəlkə əhali qırğından qurtula! O, Suriyanı necə sevirmiş?

Son yazılar