Otuz altı Müsavat yetkilisi iqtisadçını dəstəklədi və partiyadaşlarını onu başqan seçməyə çağırdı
Müsavat Partiyası başqanlığına keçiriləcək seçkilərə sayılı günlər qalır. Partiyanın qırxa yaxın funksioneri sentyabrın 23-də bəyanat yayaraq namizədlərdən Qubad İbadoğlunu dəstəklədiklərini açıqlayıblar.
Musavat.com-a göndərilən bəyanatda bildirilir ki, Müsavat Partiyasının qurultayı təkcə Müsavat Partiyası üzvlərinin deyil, bütün Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir: “Bu qurultay həm də alternativ qaydada seçiləcək yeni partiya başqanı seçkiləri ilə əlamətdardır. Partiya başqanlığına seçkilərdə iştirak etmək üçün bu günə qədər dörd nəfərin namizədliyi qeydə alınıb. Hər bir namizəd bu post uğrunda mübarizəni haqq etmiş insandır. Seçki bir yarış olduğundan, həmin namizədlərin hər birinin partiya daxilində və cəmiyyətdə öz tərəfdarları və dəstəkçiləri var. Biz də Müsavat Partiyasının Azərbaycanda bərpa işlərinə rəhbərlik etmiş, bərpa müddətindən bu yana partiyanın tək başqanı olmuş İsa Qəmbərdən sonra partiyanı uğurla idarə edə biləcək namizəd olaraq Qubad İbadoğlunu görürük”,- deyə bəyanatda vurğulanır.
Səbəb kimi isə onun Azərbaycan cəmiyyətində və onun hüdudlarından kənarda yüksək səviyyəli iqtisadçı, bir çox dəyərli araşdırmaların müəllifi olan bir alim kimi tanınması, siyasi intiriqa və konfiliktlərdən uzaq olması, fərqli fikrə dözümlü yanaşması göstərilir: “Cəmiyyətdə belə bir müsbət imicə məxsus olan bir şəxsin Müsavat Partiyasının başqanı seçilməsi cəmiyyətimizdə partiyanın nüfuzunun və tərəfdarlarının daha da artmasına səbəb olacaq. Müsavat Partiyasını Azərbaycanda olan digər mövcud siyasi partiyalardan fərqləndirən mühüm cəhətlərdən biri də onun ölkəmizin ən ciddi problemlərindən çıxış yolları, ölkənin müxtəlif sahələrinin idarə edilməsi ilə bağlı proqram və konsepsiyalara malik olmasıdır. Bu proqram və konsepsiyaların böyük əksəriyyəti Qubad İbadoğlunun rəhbərliyi ilə hazırlanıb. Hesab edirik ki, Qubad bəy partiya başqanı seçildikdən sonra istər partiya daxilində olan, istərsə də bitərəf, siyasi proseslərdən uzaq durmağa çalışan mütəxəssisləri yeni proqram və konsepsiyaların hazırlanması işinə daha yaxından cəlb edəcək”.
Bəyanatda həmçinin Q.İbadoğlunun təşkilatçılıq və idarəetmə bacarığının Müsavat Partiyasını təşkilati baxımdan daha da gücləndirmək işinə yeni töhfələr verəcəyinə inam ifadə olunub: “Qubad bəy yaş və təcrübə baxımından elə bir səviyyədədir ki, o, həm partiyanın, həm cəmiyyətimizin ən gənc nəsli ilə yaşlı nəsli arasında körpü rolunu oynaya biləcək, hər iki nəslə mənsub insanları Müsavatçılıq ideyaları ətrafında toplaya biləcək bir insandır. Yeni perspektivli və intellektual gənclərin təşkilata axınını təmin etməklə təcrübəli, illər ərzində siyasi meydanda yetkinləşmiş partiya üzvlərinin gənc nəsillə birgə, koordinasiya olunmuş mübarizəsini təşkil edə biləcək”.
Bəyanat müəllifləri Q.İbadoğlunu indiki başqanın layiqli siyasi varisi hesab etdiklərini də vurğulayıblar: “Qubad İbadoğlu yetkin bir şəxsiyyət, siyasi lider olaraq səbrli, təmkinli, dözümlüdür, hər bir insana, partiya yoldaşlarına qarşı diqqətcil və qayğıkeşdir. Bu mənada o Müsavat və Azərbaycan siyasi mühitinin lideri İsa Qəmbərin layiqli siyasi varisi hesab oluna bilər”. Bəyanatı imzalayanlar müsavatçıları seçkidə Q.İbadoğluna səs verməyə çağırıblar. Qeyd edək ki, bəyanatı 36 müsavatçı imzalayıb. Onlar əsasən başqanın müavinləri, müşavirləri, həmçinin Müsavat Divanının üzvləridir.
Siyahını təqdim edirik:
Tofiq Yaqublu, Müsavat başqanının müavini, siyasi məhbus
Mehman Cavadoğlu, Müsavat başqanının müavini
Məryəm Oruclu, Müsavat başqanının müavini
Vurğun Əyyub, Müsavat Divanının üzvü
Hökümə İbrahimli, Müsavat Divanının üzvü
İbrahim İbrahimli, Mərkəzi Nəazrət-Təftiş Komissiyasının sədri
Hikmət Hacızadə, Müsavat Məclisinin üzvü
Fəxrəddin Bağırlı, keçmiş Divan üzvü
Cəlal Allahverdiyev, Akademik
Adil Qeybulla, Tibb elmləri doktoru, professor
Yusif Qəmbərov, Elmlər doktoru
Arifə Hüseynli, Müsavat Məclisinin katibi
Əhliman Abbaslı, Gənclər Təşkilatının sədri
Ellada Məmmədli, Qadınlar Təşkilatının sədri
Məzahir Məmmədli, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Etibar Bayramlı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Əlövsət Talışxanlı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Rüfət Sultan, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Səmayə Hüseynova, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Nizaməddin Quliyev, Müsavat başqanının müşaviri
Dünyaxanım Cərullayeva, Müsavat başqanının müşaviri
Mərdan Mehdili, Müsavat başqanının müşaviri
Asif Məmmədli, Müsavat Məclisinin üzvü
Aypara Rüstəmova, Müsavat Məclisinin üzvü
Bəhruz Əsədbəyli, Müsavat Məclisinin üzvü
Böyükkişi Heydərli, Müsavat Məclisinin üzvü
Elxan Mehdiyev, Müsavat Məclisinin üzvü
Seyidəli Məmmədli, Müsavat Məclisinin üzvü
Elşad Paşasoy, Müsavat Məclisinin üzvü
Hamlet Səfixanlı, Müsavat Məclisinin üzvü
Qalabəy Ağalarlı, Müsavat Məclisinin üzvü, Komissiya sədri
Məlahət Mürşüdlü, Müsavat Məclisinin üzvü
Nəsibə Şuşalı, Müsavat Məclisinin üzvü
Nigar Yaqublu, Müsavat Məclisinin üzvü
Füzuli Cərullayev, Regional koordinator


Şərhlər