Drezdendə naməlum şəxslər dünya şöhrətli "Yaşıl qübbə" muzeyinin xəzinəsini qarət ediblər. Virtualaz.org xəbər verir ki, bu barədə “Bild” dərgisi məlumat yayıb.
Zərərin miqdarı bir milyard avro civarında qiymətləndirilir. Soyğunçular hadisə yerindən qaçmağa nail olublar. Şəhər polisi oğurluq hadisəsində şübhəli bilinən şəxslərin olmadığını bildirib. Oğruların vaza və rəsm əsərləri kimi böyük eksponatlara toxunmadan xəzinədən zərgərlik əşyalarını aldıqları ehtimal edilir.
Saksoniyanın daxili işlər naziri Roland Veller bu hadisəni "mədəni irs üçün acı bir gün" adlandırıb və qeyd edib ki, bu "sakson mədəni kimliyinə qəsddir”. R. Veller həm oğurlanmış malların geri qaytarılması, həm də cinayətkarların tutulması üçün də əllərindən gələni əsirgəməyəcəklərini deyib.
Soyğunçular qarət üçün körpünün altındakı katakombalarda yerləşən transformatoru yandırdığı bildirilir. Nəticədə bir neçə böyük şəhər muzeyi elektriksiz qalıb. Daha sonra quldurlar pəncərədən xəzinəyə daxil olublar. Onların müşahidə kameralarına düşüb-düşmədiyi aydınlaşdırılır.


Şərhlər
maladesss