Menu

Tramp qəfildən Kabildə peyda oldu – “Taliban”la danışıqları bərpa edib

29.11.2019, 11:25
Tramp qəfildən Kabildə peyda oldu – “Taliban”la danışıqları bərpa edib

ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib. O, səfər çərçivəsində Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşüb. Bu barədə “Reuters” xəbər verir.

“The New York Times” nəşrinin məlumatına əsasən, Amerika lideri Vaşinqtonun “Taliban” hərəkatı ilə sülh danışıqlarını bərpa etdiyini bildirib. “Baxaq görək, onlar (taliblər – red.) bunu istəyəcək, ya yox”, - Baqram aviabazasında çıxış edən Tramp qeyd edib.

Prezident amerikalı əsgərlərə baş çəkib, onları Şükranlıq Günü münasibətilə təbrik edib və Əfqanıstandakı ABŞ qoşunlarının sayını artırmaq niyyətində olduğunu təsdiqləyib.

Bu, Trampın Əfqanıstana ilk səfəridir. Ağ Ev təhlükəsizlik səbəblərindən dolayı səfər haqqında əvvəlcədən məlumat verməyib.

Trampın “Taliban” liderləri və Əfqanıstan prezidenti ilə danışıqları sentyabrın 8-i ABŞ liderinin Kemp-Devddəki iqamətgahında baş tutmalı idi. Kabulda 12 nəfərin, o cümlədən amerikalı hərbçinin həlak olması ilə nəticələnən partlayışdan sonra Tramp görüşü ləğv etmək qərarına gəlib. “Taliban” hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. ABŞ prezidenti isə təşkilatın nümayəndələri ilə danışıqları “ölü” elan edib.

Avqustun sonu məlum olub ki, ABŞ qoşunların Əfqanıstandan çıxarılma şərtləri barədə “Taliban” ilə razılığa gəlib. “RBC” agentliyinin danışıqların gedişatı ilə tanış olan mənbələri qeyd edib ki, razılaşmanın baza ssenarisinə əsasən, sülh sazişindən sonra Əfqanıstanda yerləşən 14 min hərbçinin 5 mini respublikanı tərk etməlidir. Yerdə qalan hərbçilər isə 2 il ərzində ölkədən çıxarılmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol