Türkmənistan vətəndaşları üçün “ASAN Viza” vasitəsilə viza verilməsinə başlanılıb

Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları üçün “ASAN Viza” vasitəsilə viza verilməsinə başlanılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, sözügedən faəliyyətin təmin edilməsi üçün Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında viza rejiminin sadələşdirilməsi haqqında 22 noyabr 2018-ci il tarixində Aşqabad şəhərində imzalanan saziş Azərbaycan Milli Məclisində təsdiq edilib.

Hər iki dövlətin ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları Ələt qəsəbəsində yerləşən, regionun əsas nəqliyyat və logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” sistemi vasitəsilə elektron viza əldə edə bilirlər.

2018-ci ildə rekord sayda, 47000 sərnişin Bakı Limanı vasitəsi ilə ölkə ərazisinə daxil olub ki, onların əksəriyyəti Türkmənistan vətəndaşlarıdır.

“ASAN Viza” sistemi vasitəsilə indiyədək 1 842 000-dən çox viza verilib. Bu vizaların 34 %-i Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunmuş vizaların payına düşür.

2019-cu ilin ilk 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39% daha çox, yəni 869 905 viza verilib. “ASAN Viza” ilə Azərbaycana səfər edən bu əcnəbilərin 82%-i səfər məqsədini turizm olaraq qeyd edib.

Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıq, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə olunması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar