Menu

"Üçüncü Bahar” yaşlıların festivalına start verilir - "Bu, çox nəcib təşəbbüsdür”

20.12.2019, 11:09
"Üçüncü Bahar” yaşlıların festivalına start verilir -  "Bu, çox nəcib təşəbbüsdür”

"Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində 20-21 dekabr tarixlərində Azərbaycanda ilk dəfə “Üçüncü Bahar” yaşlıların festivalı keçiriləcək.

Adıçəkilən təşkilatdan AzPoltika.info-ya verilən məlumata görə, festivalın ilk günü 20 dekabr tarixində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində təşkil olunacaq. Festivalın yekun tədbiri 21 dekabr tarixində Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində baş tutacaq. 

“Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulub. Festival zamanı səhnə çıxışları, ustad dərsləri, sərgi və yaşlıların uşaqlıq dövrlərində oynadığı oyunlar təşkil olunacaq.

Məlumatda həmçinin qeyd olunub ki, festivalda bütün yaşlılar iştirak edə bilər. İştirakçılar “Üçüncü Bahar” Festivalına övladları və nəvələri ilə birgə qatıla bilərlər.

72 yaşlı Məhəmməd Qasımov deyir ki, festival barədə ona nəvəsi məlumat verib: "Ətraflı maraqlandım, inşallah, nəvələrimlə birgə iştirak edəcəyəm. Çox nəcib təşəbbüsdür. Yaşlı insanlar maddi cəhətdən nə qədər təmin olunsalar da onların belə bir mənəvi dəstəyə, qayğıya ehtiyacları var. Bizim günümüz necə keçir, səhhətimiz imkan verəndə ta-tuşlarımızla həyətə, parka çıxırıq, söhbət edirik, gəzirik. Evdə olanda bütün günü divanda televizor qarşısında keçiririk. Uşaqlar işdə-gücdə, adam darıxır, həm də özünü faydasız hesab edir. Belə layihələr inkişaf etmiş ölkələrdə tez-tez həyata keçirilir. Çox gözəl, bizə də gəlib çatdı. Ümid edərm ki, davamlı olacaq, biz ahılların da həyatına rəng qatılacaq, özümüzü, lazımlı, gümrah hiss edəcəyik".

Ahıllara və Tənhalara Dəstək ictimai birliyininin sədri Ruhiyyə Məmmədova “Üçüncü Bahar” İctimai Birliyinin bu təşəbbüsünü çox bəyəndiyini, alqışladığını deyir.

Birlik sədri AzPolitika.info-ya açıqlamasında layihənin dövlətimizin yaşlı nəslin qaygısına qaldığını, yaşamaları ücün bir cox tədbirlərlə stimul verdiyini vurğuladı:"Bu layihənini təqdirəlayiq hesab edirəm. Düşünürəm ki, zaman kecdikcə bütün regionlarımızı əhatə edəcək. Bu da yaşlı nəslin saglam qocalmasına öz müsbət təsirini göstərəcək. Cünki yaşlı insanlara diqqət, qaygı onların stresdən və gərginlikdən uzaq qalaraq ömürlərinin uzanmasına şərait yaradır".

Millət vəkili Məlahət İbrahimqızı da Azərbaycanda “Üçüncü Bahar” yaşlıların festivalının keçirilməsini alqışladığını bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident tərəfindən həyata keçirilən demoqrafiya siyasəti öz müsbət nəticələrini göstərir: “Azərbaycanda insanların orta ömrü uzanır, yaşlı nəslin sosial qayğıları həll olunur, onların sağlam yaşlanması üçün mühüm tədbirlər görülür. Bu, çox vacibdir, bu təşəbbüsə ictimai təşkilatlarında dəstək verməsi təqdirəlayiqdir”.

M. İbrahimqızı bildirib ki, ahıllara qayğı həm də nəsillərarası estafetin düzgün şəkildə ötürülməsi, imkanların, resursların paylaşılmasıdır. “İnsan yaşlandıqca onun sosial ehtiyaclarının qarşılanması ilə yanaşı cəmiyyətin yararlı üzvü kimi özünü hiss etməsi çox vacibdir. Bu baxımdan, “Üçüncü Bahar” yaşlıların festivalı çox nəcib təşəbbüsdür. Ümid edirəm ki, belə layihələr davamlı olacaq və respublikamızın hər yerini əhatə edəcək”.

AzPolitika. info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol