Xaricdə aparılan araşdırmalara görə, əksər şirkətlər reklamlarını depressiya, dəhşət və gələcək üçün qorxu yaradacaq veriliş və filmlərin arasında yerləşdirməyə çalışırlar.
Bunun səbəbi nədir? Şirkətlər, onların ağıllı CEO-ları, reklam mütəxəssisləri, PR-manlar doğrudanmı məhsullarını məhz dəhşətlə assosiasiya olunmasını istəyirlər? Burada məntiq haradadır? Terror, qan, dəhşət, həyəcan anında kim qaçıb supermarketdə özünə yağlı kökə, Koka-kola, çipsimi alacaq?
Müəyyən olunub ki, adını çəkdiyimiz peşə sahibləri düşündüyümüz qədər sadəlövh və axmaq deyillər. Burada təhlükənin (terrorun, ölüm qorxusunun) idarə olunması psixoloji fenomeni tətbiq edilir. Bu nədir?
Müəyyən olunub ki qorxunun (terrorun, stressin) idarə olunması nəzəriyyəsinə görə, insanlar ölümləri haqda düşünərkən, ölümün belə yaxın olduğunu anlayarkən, təbii qorxu hissi keçirirlər. Bu zaman beyində təlaş reaksiyası yaranır. Beyin isə bu təlaşa qarşısında gücsüzlüyü dəf etmək üçün nəsə düşünüb həyata keçirməyi qərarlaşdırır. Insan beyni məsləhət görür ki, daha rahat, güclü və təhlükəsiz yerə çəkilmək lazımdır.
Bu zaman iradəcə zəif olanlar təkcə silaha sarılmır, Allaha pənah aparmır, qəfil kəsiləcək ömürü daha xoş keçirmək üçün yollar arayır, kredit götürür, külli borca girir, əlinə nə keçdi yeyir, kökəlir, spirtli içki qəbul edir. Necə deyərlər, 5 günlük dünyadır, anidən qırıla bilər, ona görə də bəy balası kimi yaşamaq lazımdır.
Buna konkret misal gətirək: xaricdə supermarketlərdə bazarlıq etməyə gəlmiş insanlardan məqsədli şəkildə ölümləri haqda sual sorulur, qəfil kəsiləcək ölümə hazırlıq haqda sorğu keçirildiyi faktları olur. Bu sınaq zamanı müəyyən olunur ki, belə sual eşidən insanlar əvvəlkinə nisbətən 3 dəfə çox bazarlıq edirlər. Xərclər 3 dəfə artıq olur. Hətta mağazaların qarşısına din xadimləri, kilsə təbəələri, mərasim evlərinin əməkdaşları büroşurlar paylaması da təşkil edilir. Demək, təkcə real ölüm hadisələri yox, filmlərdəki kəskin süjetlər, dramatizm, təhlükə və həyəcan da eyni effektə malikdir.
İndi isə daha maraqlı bir məqam: siqaret qutularının üstündəki xəbərdarlıq etiketləri növbəti siqaret yandırmaq istəyini artıra bilər. Beynəlxalq səhiyyə yönümlü QHT-lərin, təşkilatların mütəxəssisləri müəyyən ediblər ki, siqaretin üzərində olan xəstəlik, ölümlə bağlı qorxulu şəkil və xəbərdarlıqlar insanlarda daha çox depressiya yaradır, stressə salır.
Beləliklə, aydın olur ki, bu adi marketoloji oyundur: “siqaret çəkmə!” xəbərdarlığı daha çox siqaret satmaq” strategiyası imiş. Belə izah edək, siqaret qutusunun üstündə vurulan təhlükəli xərçəng xəstəliyinin simptomlarını əks etdirən foto siqaret çəkəni həyəcandan növbəti siqareti, daha sonra növbəti, bir sonra başqa birini yandırmağa sövq edir. Təbii ki, siqaret çəkməyin əsas səbəbi bu deyil və sağlamlığa vurulan zədələri tək bununla izah etmək olmaz.
ÜST rəhbərinin açıqlamasına görə, son illərdə siqaretdən istifadənin aşağı düşməsi siqaret çəkilməsinə qarşı aparılan kampaniyaların sərtləşməsi ilə bağlıdır. Bu fikirlə razı deyiləm. Məsələ tək inzibati resurslarda, böyük kampaniyalarda deyil. Adi ondan götürün ki, son zamanların müşahidəsinə görə, siqaret çəkən kişilərdən çox, qadınlar arasında da siqaret çəkilməsi azalıb və bu da statistikaya təsir edib.

Bilirsiniz, qlobal tütün epidemiyası ölkə, din, irq, insan, cins, böyük-kiçik fərqi qoymur. Kimi gəldi quluna çevirir. Çox maraqlıdır ki, hazırda ölkə əhalisinin sayı nisbətində liderlik cırtdan ölkələrdədir. Misal üçün, Nauru və Kiribati əhalisinin 52% siqaret çəkir. Sonrakı yerlərdə Tuvalu, Myanma, Livan, Serbiya gəlir. Bu ölkələrin çoxunu biz heç tanımırıq. Hansı problemlərlə üzləşdikləri, hansı şəraitdə yaşadıqları bəlli deyil.
Statistikaya görə, son illərdə siqaret çəkənlərin sayı Misir, Konqo, Lesoto, Niger və Omanda artır. Ölkələrin yaşayış vəziyyəti haqda ətraflı danışmağa ehtiyac yoxdur. Marketoloqların stress strategiyası işindədir.
Qaldı Azərbaycana. Bilirik ki, ölkəmizdə tütün məmulatlarının və alkoqollu içkilərin hər növ reklamı qadağandır. Bu dövlətin atdığı addımlardan biridir. Bəs media?
Başlayanda qeyd etdiyim məqamları əsas götürərək, özünüzə sual edin: Mediada ən çox nəyi oxuyur, ən çox nəyi eşidirsiniz? Bu dəfə hansı bina yanıb? Kim öz arvadını baltalayıb? Avtomobil qəzalarında ötən gün neçə nəfər tələf olub? Hansı xəstəlik daha çox yayılır? Niyə həkimlər gücsüzdür və s. və i. Stress, stress, yenə də stress!...
Digər tərəfdən, ölkədə siqaret çəkənlərin sayı, əhali sayına görə faiz tərkibi haqda məlumatla rastlaşmamışam. Bəlkə də var. Məncə bu yöndə ciddi araşdırmalar aparılmalıdır. Ən azından, hansı təbəqənin nəyə görə qlobal tütün epidemiyasının əsiri olduğunu müəyyən etmək olar. Bir məsələni də qeyd edim: Milli Məclis tərəfindən qəbul olunmuş qaydanın tətbiqində axsamalar var. Hələ də restoran və çay evlərində, zallarda siqaret çəkilməsi tam aradan qaldırılmayıb. Metro keçidlərində siqaret çəkmə qadağası olmasına baxmayaraq, məhəl qoyan azdır. Belə xırda məqamlar da var.
Sənan Nəcəfov
Qhtxəbər.az saytının baş redaktoru


Şərhlər