QÜDS KOMANDANIN QƏTLİNİN PƏRDƏARXASI – Müharibə olacaqmı?

Ramazan SİRACOĞLU

Ötən həftənin cümə günü Bağdadda ABŞ-a məxsus PUA (pilotsuz uçuş aparatı) vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı Qasim Süleymaninin qətlə yetirilməsindən sonra ABŞ-la İran arasında onsuz da gərgin olan münasibətlər daha da gərginləşdi. Bu gərginliyin hərbi konfliktə çevrilmək təhlükəsi çox yüksəkdir. İrana hər hansı hərbi müdaxilə bölgənin həssas ölkəsi olaraq bizim üçün olduqca arzuolunmazdır.

İran İslam Respublikasında son iyirmi ildə çox önəmli vəzifə tutmuş, iranlıların milli qəhrəman saydıqları general (sərdar) Qasim Süleymaninin həlak olması hazırda dünya mediasının əsas diqqət mərkəzindədir. Onun haqqında, qətlə yetirilməsinin təfərrüatları barədə müxtəlif fikirlər irəli sürülür, daha sonra nə baş verəcəyinə dair mülahizələr söylənilir. Siyasi kuluarlarda 2015-ci ildə Q.Süleymaninin Moskvaya gəlməsindən, Suriya rejiminin məhz Q.Süleymani sayəsində hələ də ayaqda qalmasından, islam dövləti qurmaq üçün fəaliyyət göstərən İŞİD və ya DAİŞ adlandırılan bəzi silahlı birliklərin məhz onun qətiyyətli əməliyyatları nəticəsində tərksilah edilməsindən, Kərkükün təkrar Bağdad rejiminin nəzarətinə qaytarılmasındakı müstəsna rolundan və s. xidmətlərindən söhbətlər gedir. Bunların nə dərəcədə doğru olub-olmadığını bilmək üçün hələlik lazımı materiallar aşkara çıxarılmamışdır.

İranın özündə onu prezident kimi görənlər vardı. Hətta 2017-ci il seçkilərində Q.Süleymanidən prezidentliyə namizədliyini irəli sürməsini xahiş edən siyasi qüvvələr də mövcud idi. General Q.Süleymaninin nüfuzu İranla bərabər Əfqanıstan, Suriya, İraq və Livanda çox yüksəkdi. Şübhəsiz ki, məqtul general son illərdə bölgədə nüfuz uğrunda ciddi mübarizə aparan dövlətlərin xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında idi. Onun hərəkətləri, danışıqları daim havadan, sudan, qurudan və kosmosdan izlənilirdi. Təbii olaraq, dərhal sual yaranır ki, İranın ali rütbəli komandanı Q.Süleymaniyə qarşı əməliyyat niyə məhz indi gerçəkləşdirildi? Nə üçün 2019-cu ilin may ayında Hörmüz boğazında hərbi şərait yarananda, Birləşmiş Ərəb Əmirliklərinə aid neft emalı zavoduna zərbələr endirələndə, ABŞ-ın Bağdad yaxınlığındakı bazasına hücum olunduğu zamanda və ya ABŞ-ın Bağdaddakı səfirliyinin qoruyucu divarları yandırılanda Q.Süleymani haqqında bir tədbir görülmürdü?

Bəzi analitiklər hətta güman edirlər ki, Qüds birləşmələrinin başçısının qətlə yetirilməsi planından ABŞ prezidentinin guya heç xəbəri olmamışdır. Dərhal qeyd edək ki, konstitusiyanın müvafiq maddəsi belə ehtimala heç bir bir əsas vermir. Son dərəcə konfidensial şəkildə planlaşdırılmış məlum əməliyyat əvvəldən axıradək cənab Trampın iştirakı və bilgisi əsasında gerçəkləşdirilmişdir. Süleymaninin müəmmalı şəkildə qətlində Mərkəzi Kəşfiyyat İdarəsinin də rol aldığını, Süleymaninin ştabında hətta MKİ agentinin olduğunu, komandanın yerinin də lazımı mərkəzə məhz onun tərəfindən ötürüldüyü barədə versiyalar irəli sürülür. Bizcə, bu da tutarsız ehtimaldır. Su kimi aydındır ki, dünyanın istənilən yerində istifadə edilən bütün elektronik cihazlara, elektron poçtlara, telefon danışıqlarına müdaxilə etmək imkanı vardır. Hətta müasir cihazlar saatda 90 km. sürətlə hərəkət edən avtomobillərin, min metr uzaqlıqdakı evin pəncərələrinin şüşələrini membran kimi istifadə edib onu çox uzaqdan asanlıqla dinləmək imkan yaradır. Bunun üçün “texniki böcək-ötürücüyə” heç ehtiyac yoxdur. Çox uzaqdan, insanın səsini eşitmədən ağız hərəkətlərini “oxuyan” loqoped mütəxəssislər var. Başqa sözlə, Q.Süleymaninin koordinatlarını hərbi kəşfiyyat ovcunun içi kimi bildiyi halda agentə nə gərək vardı ki?

Bizim fikrimizcə, Qüds qüvvələri komandanına sui-qəsdin əsas məqsədi amerikan vətəndaşlarında Prezident Trampa rəğbət hissini gücləndirmək olmuşdur. 2019-cu ilin dekabr ayının 18-də Amerika ictimai-siyasi həyatında baş vermiş hadisə hamımızın yadındadır. O zaman Konqresin Nümayəndələr Palatasının ABŞ Prezidenti cənab Donald Tramp haqqında impiçment qərarı bütün dünyanı təəccübləndirmişdi. ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentlik vəzifəsinin sonuncu ilində cənab Donald Tramp barədə qəbul etdiyi impiçment qərarı, Ağ Evin hazırkı respublikaçı sahibini vəzifə məqamından uzaqlaşdıra bilməsə də (bu qərarın, hüququ qüvvəyə minməsi üçün Senatın 100 üzvündən 67-si impiçmentin lehinə səs verməlidir, orada isə 53 nəfər senator respublikaçıdır, demokratların sayı isə 45 nəfərdir) bu ilin noyabr ayında keçiriləcək seçkilərdə cənab Trampın nüfuzuna yetərincə xələl gətirmişdir.

Bunu hər kəsdən əvvəl Trampın özü və müşavirləri də yaxşı dərk edirlər. Belə məqamda respublikaçı prezidentin zədələnmiş nüfuzunu qaldırmaq, onu amerikan seçicilərinə sevdirmək, seçkilərdə siyasi divident qazandırmaq üçün lokal səciyyəli “blits kriq” lazımdır. Başqa sözlə, imicmeykerlərin məsləhəti əsasında dəqiq nöqtə atışları ilə seçicilərin “ürəyini ələ almaq” lazımdır. Məhz bu məqsədlə də Qasim Süleymani kimi nüfuz sahibi hədəf seçilmişdir. İndi bütün dünya ictimaiyyətinin əsas müzakirə obyektinə çevrilmiş bu qeyri-adi hadisəyə iki baxış açısından - ABŞ və İranın mövqeyindən nəzər yetirsək fərqli mənzərələr görəcəyik.

Qasim Süleymaninin həlakından bir neçə saat sonra prezident Trampın kütləvi informasiya vasitələrinə rəsmi açıqlamasında bir neçə məqam diqqət çəkir. Bu baxımdan, fikrimizcə, dəyərli oxuculara təqdim olunan 58 saniyəlik videomaterial çox mətləblərdən xəbər verir. 

Cənab Tramp çıxışında həlak olmuş general Qasim Süleymanidən bəhs edərkən “biz onun terror səltənətinin bitdiyini biləndə rahatladıq” deyir (15-19-cu saniyələr). ABŞ Prezidenti həlak olmuş komandanı terrorçu kimi qələmə verməklə ictimaiyyətin nəzərində onun dəyərini azaltmağa, general haqqında verdiyi qərarın isə ədalətli olmasını isbatlamağa çalışır. Onun düşüncəsinə görə, “Orta Şərqdə sabitliyi pozmaq üçün Süleymani son iyirmi ildə terror aktları törətmişdir” (22-28-ci saniyələr).

Cənab Tramp daha sonra iranlı komandanın qətlə yetirilməsinin vacibliyini “çoxlu insan həyatının xilas edilməsi” ilə əsaslandırır (34-35-ci saniyələr). Başqa sözlə, ABŞ prezidenti general Süleymaniyə qarşı gerçəkləşdirilmiş sui-qəsdin son zərurətdən yarandığını, böyük ictimai təhlükənin aradan qaldırılması üçün onun qətlinin yeganə düzgün variant olduğunu vurğulayır. Son zərurət ( extreme necessity) isə hüquqda cinayət sayılmır. Öz açıqlamasında cənab Tramp bu məsələnin hətta yubadıldığını da xatırlatmaqdan vaz keçmir: “ABŞ dünən etdiyini çoxdan etməli idi” (30-32-ci saniyələr).

Özündən əmin şəkildə olub-bitənlər barədə açıqlama verən Tramp Bağdad aeroportunda gecə gerçəkləşdirilmiş qətl hadisəsinin “müharibəni başlamaq üçün deyil, müharibəni durdurmaq naminə” edildiyini söyləyir (50-57-ci saniyələr). 

ABŞ prezidentinin Q.Süleymani haqqındakı qərarı hətta Amerikada da birmənalı qarşılanmamışdır. Onun bu qərarını həm təqdir edənlər, həm də tənqid atəşinə tutanlar da vardır. Məsələn, sabiq vitse-prezident və prezidentliyə namizəd Jozef Baydenin düşüncəsinə görə, “Prezident Tramp az öncə barıt çəlləyinə dinamit çubuğu atdı”.

2020-ci il seçkilərində Demokratlar partiyasından namizəd olacaq tanınmış və nüfuzlu amerikan senatoru Bernard Sanders də məlum hərəkətdən öz məyusluğunu gizlətmir: “Tramp sonsuz savaşları durduracağına söz vermişdi, amma bu hərəkət bizi daha bir savaşa götürür”.

Massaçusets ştatından olan hüquqşünas alim və senator Elizabət Varren isə yazdığı tvitində “bu düşüncəsiz hərəkətin İranla vəziyyəti gərginləşdirəcəyini, Orta Şərqdə yeni konflikt yaradacağını və daha çox ölüm olacağı ehtimalını artıracağını” ifadə etmişdir.

Vaşinqtonda fəaliyyət göstərən “Müharibəsiz qazan - Win Without War” ictimai hərkatının icracı direktoru Stefen Mayls da təəssüf hissi ilə bildirir ki, “Donald Tramp bu gecə bizi İranla savaşın eşiyinə gətirdi”.

İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Əli Xamenei həlak olmuş general Qasim Süleymaninin ailəsinə təziyə vermək üçün mərhumun mənzilini ziyarət etmiş, səmimi hisslərlə ailə üzvlərinə başsağlığı vermişdir. Əyanilik üçün oxuculardan 1 dəqiqə 15 saniyəlik videomateriala nəzər yetirmələrini istəyirik. Təqdim olunan videomaterialda Ağa-ye Xamenei məqtul general Qasim Süleymaniyə böyük dəyər verir 

İnqilab rəhbərinin sözlərinə görə, “Hacı Qasim yüz dəfə şəhidlik tutqusuna giriftar olmuşdu; ALLAH yolunda; vəzifəsini icrada, ALLAH uğruna cahadda qorxusu yoxdu.”

Ali dini rəhbər əzizlərinin ölümündən sarsılmış ailə üzvlərini təskinləşdirərək “onun heç kəsdən qorxu duymadığını, savaşının böyük cihad olduğunu, millətin hamısının onun ölümünə kədərləndiyini, Uca ALLAH yanında şəhadət dərəcəsinin də yüksək olacağı” ilə təsəlli edir.

İran rəsmiləri qətlə yetirilmiş əfsanəvi general (sərdar) Q.Süleymaninin qisasını alacaqlarını əsla gizlətmirlər. Həlak olmuş generalın ailəsinə təziyyə üçün gəlmiş prezident Həsən Ruhaniyə mərhum komandanın qızının ünvanladığı “atamın qanının intiqamını kim alacaqdır” sualına prezident qətiyyətli və təsəlliverici şəkildə “əsla nigaran qalmayın, onun intiqamını bütünlüklə alacaqlar”, – deyə cavab verir.

Prezident Həsən Puhani mərhumun ailəsinə başsağlığı verərkən “bu gün qəmgin olan yalnız siz deyilsiniz, ancaq iranlılar deyildirlər, bütün məsəlmanlar bu şəhid sərdarın böyük acısına şərikdirlər” söyləmişdir. İslam Şurası Məclisinin (Parlamentin) sədri Əli Laricani də Qüds komandanının intiqamının alınacağını bəyan etmişdir: “İran xalqı öz qəhrəman övladlarının qanından əsla keçməyəcəkdir”.

Məlum hadisəyə münasibət bildirən İran İslam Respublikasının Müdafiə naziri Əmir Hatəmi Qüds komandanına qarşı gerçəkləşdirilən “terror aktının” cavabsız qalmayacağını bildirmişdir: “Nahaq axıdılan qanın intiqamı onu törədənlərin hamısından alınacaqdır”.

Siyasətdə tribunaya oynamaq üslubu bütün zamanlar üçün aktualdır. İran rəsmilərinin ABŞ ünvanına səsləndirdikləri fikirlərin, hər şeydən öncə, qəzəbli publikanı sakitləşdirmək məqsədi daşıdığını düşünürük. ABŞ-İran münasibətləri yaxın günlər və həftələrdə qarşılıqlı ittihamlar və təhdilərin müşaiyətində keçəyi şübhəsizdir. Lakin, fikrimizcə, bu söz duelindən, rəcəzdən (hərbə-zorba gəlməkdən) o tərəfə aşmayacaqdır. Hər iki tərəf biri-birinin potensialını, atacaqları addımın, qəbul edəcəkləri qərarın doğuracağı siyasi, iqtisadi və hərbi sonucun nə olacağını çox yaxşı bilir. Qüds komandanın qətli iranlılara 2019-cu ilin noyabr etirazlarını, amerikanlara isə impiçment məsələsini indilik unutdurmuş kimi görünür…

Şəkildə: Qüds komandanının avtomobilindən qalan mənzərə. 03.01.2020. Bağdad

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-01-07 19:16:27

Müəlifin bu yazısında Süleymani obrazı ne qeder şişirdilsə də, sonda onun “Qüds komandanın qətli iranlılara 2019-cu ilin noyabr etirazlarını, amerikanlara isə impiçment məsələsini indilik unutdurmuş kimi görünür” fikirləri ilə tam razıyam. Görünən o ki, bu qətlam hər iki ölkənin işinə yaradı. İran rejimi bu hadisə ilə hakimiyyt üçün yaranmış təhlükəni hədəfdən yayındırdı. Amerikada dediyi kimi. İran rəsmilərinin bəyanatları isə sadəcə xalqın çılğınığına su çiləmək kimi bir şeydir. Iranın indiki iqtisadi durumu Amerikanı və arxasında duran NATO-nu qarşısına almağa imkan verməz. İran istəsə də buna cəsarət belə edə bilməz. Qaldı Süleymaniyə, neçə gündü onunla bağlı mətbuatı izləyirəm, hələ bir dəfə qarşıma çıxmadı ki, yazılsın Süleymanı hansısa ölkəyə gedəndə (təbii ki, islam ölkələrinə) İran adından o ölkənin üst düzey yetgililəri ilə görüşsün. Hamısında dövlətə aid olmayan silahlı qruplarla görüşür. Bunun ne anlama gəldiyini isə oxucular düşünsün.

Azər 2020-01-07 18:36:20

......... qasımın yanına göndərmək lazımdır

Elli 2020-01-07 18:02:42

Ramazan müəllim, yazınızdakı fikirlərlə şərikəm. Mən də güman edirəm ki, bu dialoq xox gəlməkdən uzağa getməz.

Son yazılar