ABŞ-İRAN QARŞIDURMASI: AZƏRBAYCANA MÜMKÜN TƏSİRLƏRİ
Məhəmməd Talıblı
İranın səhra generalı Qasım Sülemaninin öldürülməsi ABŞ-İran qarşıdurmasını xeyli gərginləşdirdi. Bir neçə il bundan öncə ABŞ zabitinin İran tərəfindən əsir götürülmüşdü. Bu kimi çoxsaylı faktlar əslində faciə və son deyil. İndiyə qədər olmuşlar və bundan sonra olacaqlar sadəcə ABŞ-İran qarşıdurmasının elementləridir. Bu savaş hələ on illər davam edəcək.
Azərbaycan üçün bu dövlətlərin fərqli obrazları və məzmunları var. Biri qonşu dövlətdir. Biri dünyanın o başı. Biri teokratik dövlətdir. Biri demokratik ənənələri olan dövlət. Biri qapalı sistemdir, biri açıq sistem. Biri iqtisadiyyatda ifrat proteksionizmin halı olan iqtisadi avtarkiya tərəfdarıdır, digər bazar iqtisadiyyatı və liberal iqtisadi siyasəti tərəfdarı. Biri qapalı dairə yaradır, digəri qloballaşma prosesini təşviq edir.
Azərbaycanda hər iki ölkəyə münasibət isə birmənalı deyil. Əvvəlki illərə baxanda Azərbaycanda antiamerikan ovqatı nisbətən güclənib. Demokratik təsisatların ölkəmizdən getməsi, “Azadlıq” radiosunun tezliyinin dəyişdirilərək baxımsız bir vəziyyətə gətirilməsi, vətəndaş cəmiyyəti sektorunun çökdürülməsi tamaşasına laqeyd münasibəti, transmilli neft korporasiyası kimi BP-nin səhnəarxasında hökumətlərlə gözəgörünməz dueti Amerika cazibədarlığını xeyli azaldıb.
İranın ölkəmizdə çox ciddi dayaqlarının olması faktı son günlər çılpaqlığı ilə bir daha göründü. Şiə məzhəbinin tərəfdarları sürətlə artır. Qatı dindar və təriqət xətti xeyli güclənib. Regionda dini-ideoloji və maliyyə şəbəkəsi qoşa qanad kimi xeyli pərvazlanıb.
İran iqtisadiyyatı resurs iqtisadiyyatıdır. Dünyada neftin qiymətinin düşməsi bu ölkənin iqtisadiyyatının xarici şoklardan asıllığını şərtləndirir. Bunun üzərinə iqtisadi sanksiyaları da əlavə etsək, o zaman İran iqtisadiyyatının gerilməsinin labüdlüyü meydana çıxar. 2019-cu ildə İran iqtisadiyyatı 10 faizə yaxın kiçilib. Bu olduqca böyük bir rəqəmdir. İran iqtisadiyyatının zəifləməsi fonunda xalqın narazılığı xeyli artmışdı. Sanksiyaların doğurduğu səfalət və sosial-iqtisadi geriləmələr hökumət-xalq məsafəsini xeyli uzaqlaşdırmışdı.
Lakin Sülemaninin ölümü bu məsafəni bir az yaxınlaşdırdı və sosial-iqtisadi qayğıları nisbətən uzaq məsafəyə itələdi. Xarici təhlükəyə qarşı birləşmək zərurəti bütün çətinlikləri əhəmiyyətsiz hala gətirdi. Beləliklə, ABŞ-İran qarşıdurmasında Süleymaninin öldürülməsi İran daxilində mobilizasiya faktoru kimi çıxış etdi. Süleymanının dəfnində izdiham nəticəsində 78 nəfərin ölməsi və 48 nəfərin xəsarət alması bu ölümün səfərbəredici gücünü ortaya qoydu.
Bu konteksdə bu qarşıdurmanın konfrantasiya həddinə gətirilməsi özündə çoxlu sayda riskləri ehtiva edir. Müharibə fazasına keçən zaman isə bu təsir zolağı daha da geniş ola bilər. Bunlara sosial-iqtisadi təsirlər baxımından baxdığımızda təsirləri bir neçə vektorlar üzrə təsnifləndirmək olar:
Sadaladıqlarımız çoxsaylı riskləri nəzərə alaraq bizim rasional-praqmatik siyasət yürütməyimizə ehtiyac var. Hər ikisinin “soyuq” müharibə müstəvisindən çıxıb açıq müharibə şəraitinə keçməsi Azərbaycan üçün yalnız gözlənilməz faciələr vəd edir.
İki ağanın savaşması nökərin başının yarılması kimi müdrik sonucu siyasi müstəvidə təsəvvür etməliyik. Heç birinə aşırı sevgim yoxdur. Azərbaycan adında gözəl bir diyari iki nəhəng güc arasındakı qarşıdurmanın predmeti olmadan uzaqda saxlayan siyasi müdrikliyimiz olmalıdır. Regionda qlobal güc mərkəzlərinin siyasi maraqların kəsişdiyi nöqtə vardır ki, Azərbaycan maraqlarını həmin uzlaşma nöqtəsində yerləşdirməliyik!
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.