Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa rəsmi namizədi Sadiq Qurbanov seçkiqabağı təşviqat görüşlərini davam etdirir.

Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, yanvarın 21-də S.Qurbanov Şabran rayonunun Pirədəbil, Zeyvə, Sumaqova, Qazma, Zöhramı, Kilvar, Taxtalar və Dağ Bilici kəndlərinin sakinləri ilə görüşüb. Seçicilər YAP-ın namizədini səmimiyyətlə qarşılayıb, onunla gələcək planları barəsində ətraflı müzakirə aparıblar.

S.Qurbanovun seçki qərargahından bildiriblər ki, namizədin indiyə qədərki bütün görüşləri yüksək səviyyədə baş tutub. Hökumətin, xüsusən son 5 ildə Şabran və Siyəzən rayonlarının ərazisində apardığı böyük abadlıq-quruculuq işləri insanların elə böyük təqdirini qazanıb ki, seçicilər YAP-ın namizədinin görüşünə həvəslə gəlir, onu böyük hörmət və səmimiyyətlə qarşılayırlar. “İndiyədək gördüyümüz işlər, bundan sonra görüləcək işlərin təminatıdır”.

S.Qurbanovun seçicilərlə görüşləri davam edir.

“AzPolitika”