İmişli Şəkər Zavodunda kütləvi ixtisarlar - Fəhlələr etiraza qalxdı, “Azərsun” səbəbini açıqladı

Şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb, çünki...

İmişli Şəkər Zavodunda yüzlərlə yerli sakin işdən çıxarılıb. Onlar bu gün qərara etiraz olaraq zavodun qarşısına toplaşıblar.

İşçilərin bildirdiyinə görə, İmişli Şəkər Zavodu maliyyə böhranını əsas gətirərək bu addımı atıb: "Hazırda zavod işləyir, heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir. Etiraz səsimizi qaldırdıq.

Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız. Amma dekabr ayında da 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt onlara "işə qayıdacaqsınız” vədini verdilər. Elə həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu”.

Fəhlələrin verdiyi məlumata görə, məsələyə İmişli rayon İcra Hakimiyyətinin başçısı qarışıb. Başçı məsələ ilə bağlı Bakıya gedib.

Yaranmış vəziyyətlə bağlı zavodun məxsus olduğu “Azərsun Holdinq“-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Rza Məmmədov AzPolitika.info-nun sorğusunu cavablandırıb.

Açıqlamada qeyd olunur ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb: “Belə ki, 2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır.

İmişli şəkər zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də, müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”.

R.Məmmədov daha sonra bildirib ki, buna baxmayaraq, “Azərsun Holdinq” rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq müəssisənin fəaliyyəti dayandırılmayıb: “Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühümdür. Yaranmış bu böhran vəziyyətində, Holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək”.

Açıqlamada qeyd olunur ki, hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir: “Sadəcə istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə, istehsal müəssisəmiz 2020-ci ildən etibarən sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq. Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq”.

R. Məmmdov vurğulayıb ki, son 3 ildə İmişli Şəkər Zavodu zərərlə işləyib.

AzPolitika.info

635x100

Şərhlər

Omet 2020-01-23 06:13:31

A kise 5-10 futbolcuya verdiyi pulu ele o iwcilerine vverda.

Son yazılar