12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Turabxan Turabxanlı növbədənkənar parlament seçkilərində Azərbaycanın sığorta sistemini təmsil edən yeganə namizəddir. O, 10 ildir bu sahədə çalışır, hazırda "Bakı Sığorta" ASC-nin İdarə Heyətinin üzvüdür.

Namizəd “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, millət vəkili seçilərsə, qarşısında duran əsas məqsədlərdən biri də ölkənin milli sığorta sisteminin inkişafına töhfə verməkdir. Onun sözlərinə görə, Azərbaycanda bu sistemin inkişafı üçün yaxşı potensial var. T.Turabxanlı hesab edir ki, ilk növbədə sığorta bazarının qarşısında duran vəzifə əhalinin maarifləndirilməsidir: "Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Vətəndaşlar sığortanın əhəmiyyəti, insan həyatındakı müstəsna rolunu ətraflı bilməlidirlər. Bu bazarın dinamik inkişafı üçün başlıca şərtlərdən biridir".

Turabxan Turabxanlı təəssüflə bildirir ki, Azərbaycanda sığorta potensialı böyük olsa da, əməliyyatlar pik həddə çatmır: "Bəzi sığorta şirkətləri öz rezervlerini hazırlaya bilmirlər. Şirkətlərin maliyyə imkanlarının aşağı olması böyük riskli sığortaların xarici təkrar sığorta şirkətlərinə ötürülməsi ilə nəticlənir. Bu da bazar iştirakçılarının əldə etməli olduqları iri mənfəətin ölkədən çıxmasına səbəb olur".

Namizəd vurğulayır ki, bazarın inkişafı üçün uğurlu xarici təcrübədən yararlanmaq vacibdir: "Sığorta şirkətləri inkişaf etmiş ölkələrin təcrübələrini öyrənib tətbiq etməlidirlər. Bununla yanaşı bazardakı şirkətlərin biri-birləri ilə koordinasiyalı işləməsi də çox vacibdir".

Namizəd daha sonra problemlərin aradan qaldırılması üçün təkliflərini açıqlayıb: "Ölkədə sığorta ilə bağlı tələbatları stimullaşdırmaq lazmdır. Yeni sığorta məhsulları, proqramları hazırlanmalıdır. Sığorta marketinqinin inkişafını həyata keçirmək lazımdır. Şirkətlərin maliyyə kapitallarının idarə olunması səviyyəsi yaxşılaşdırılmalıdır. Daxili sığorta fəaliyyəti, əməliyyatları daha da təkmilləşdirilməlidir. Sığorta sistemində müasir texnologiyaların, innovasiyaların tətbiqi həyata keçirilməlidir".

T.Turabxanlının sözlərinə görə, vacib tədbirlərdən biri də milli sığorta sisteminin dünya sığorta sisteminə inteqrasiyasını təmin etmək olmalıdır: "Bu sahədə olan geniş təcrübəmdən istifadə edib Azərbaycanın milli sığorta sisteminin beynəlxaq sığorta sisteminə inteqrasiyasını təmin edəcək təkliflər hazırlayacağam".

“AzPolitika”