“Parlamentə gerçəkdən də insanların etimadına layiq olan namizəd seçilməlidir”
80 saylı İmişli-Beyləqan Dairəsində ən aktiv kampaniya aparan, yerli əhali arasında böyük nüfuza və dəstəyə malik olan Raqif Muradovun seçicilərlə növbəti görüşləri baş tutub. Qeyd edək ki, R.Muradov artıq namizədliyini irəli sürdüyü dairəyə aid demək olar bütün kənd və qəsəblərdə görüşlər keçirib. Bu görüşlərin böyük əksəriyyəti maraq və izdihamla qarşılanıb.
Buna baxmayaraq, seçkiyə qədər görüşlərini, seçki kampaniyasını daha da böyük həvəs və istəklə davam etdirmək fikrində olan R.Muradov seçicilərin problemlərilə maraqlanır, onların ölkəmiz, xalqımız üçün vacib olan bu tədbirə hamılıqla qoşulması üçün əlindən gələni əsirgəmir.
Depuatlığa namizəd R.Muradovun qətiyyətini havanın yağışlı, soyuq olmasına baxmayaraq, Beyləqan rayonunun Sarısu kəndində keçirdiyi görüş də təsdiqləyir.

Kənd sakinlərilə görüşən R.Muradov digər görüşlərində olduğu kimi, əvvəlcə ölkədə növbədənkənar parlament seçkisi keçirilməsinin hansı zərurətdən yarandığını izah etdi və ölkə başçısının bununla bağlı sərəncamının əhəmiyyətini vurğuladı: “Parlament ölkədə aparılan islahatlarla bağlı olaraq, öz istəyi və ölkə başçısının sərəncamı ilə istefaya göndərildi. Növbədənkənar seçkilər təyin olundu. Məqsəd cənab Prezident İlham Əliyevin başlatdığı islahatlarla ayaqlaşa bilən, çevik, günün tələblərinə cavab verən və xalqın etimad göstərdiyi namizədlərdən formalaşan Milli Məclisin yaranmasıdır. Prezidentin “Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır” fikri də məhz bundan xəbər verir. Mən də bu yola Prezidentə, siz seçicilərə və islahatlara olan inamıma söykənərək çıxmışam…”
R.Muradov seçicilərin sosial problemlərini, eləcə də ölkənin gündəmində olan bütün digər vacib məsələləri parlament tribunasından səsləndirməyə, bu problemlərin həlli istiqamətində əməli fəaliiyyətə hazır olduğunu qeyd edib.

Daha sonra dairədəki seçki prosesinə toxunan R.Muradov Beyləqan və İmişli rayonlarının icra başçılarının keçirdikləri son toplantıdan danışıb: “İmişli və Beyləqan icra hakimiyyətlərinin icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə iclası keçirilib. İclasda Beyləqanın və İmişlinin icra başçıları çıxış edərək, cənab Prezidentin seçkiylə bağlı göstəriş və tapşırıqlarını qeyd ediblər. Həmçinin, seçkinin tam şəffaf və ədalətli keçirilməsinin təmin olunması üçün öz tövsiyyələrini veriblər.”
Raqif Muradov seçicilərlə görüşündə icra başçılarına bu təşəbbüs və tövsiyyələrinə görə öz minnətdarlığını bildirib. Həmçinin xüsusi qeyd edib ki, hər iki icra başçısının iclasın sonunda verdikləri əlavə tapşırıqlar haqqında da məlumatlıdır…
R.Muradov sonda çıxdığı bu yolda sonadək mübarizə aparacağını, seçicilərin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini və seçki günü məhz bu ərazidəki insanların etimadına layiq olan namizədin qalib çıxacağına inandığını söyləyib: “Parlamentə gerçəkdən də insanların etimadına layiq olan namizədlər seçilməlidir. Mən inanıram ki, son və həlledici söz seçicinin olacaq.”
AzPolitika.info

Şərhlər
Oorxun ki, son söz İcra başçılarının göstərişlə və ya rüşvətlə göndərdiyi protokolların olacaq.İnanmasız 10 gündən sonra nəticələrə baxın!