Menu

“Qüsurlar etiraf olundu və müəyyən adamlar kənarlaşdırıldı...” – Rəfael Hüseynov

01.02.2020, 17:06
“Qüsurlar etiraf olundu və müəyyən adamlar kənarlaşdırıldı...” –  Rəfael Hüseynov

“Jurnalist hər hansı təzyiqlərə məruz qalmamalıdır. Əgər qalırsa bunun səbəbini kənarda yox, elə jurnalistin özündə axtarmaq lazımdır”. Bu fikiri Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov “Azadlıq” radiosuna müsahibəsində deyib.

Yanvarın 27-dən 31-dək Strasburqda keçirilən AŞPA-nın qış sessiyasında bir sıra məsələlərlə yanaşı üzv ölkələrdə medianın vəziyyəti ilə bağlı məruzə də müzakirə olunub.

Həmin məruzədə Azərbaycanın adı medianın vəziyyətinin qənaətbəxş olmadığı və jurnalistlərə daha çox təzyiqlərin olduğu ölkələrdən biri kimi çəkilib. Müzakirələrin sonunda qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində təcili addımlar atılması tövsiyə olunub. Rəfael Hüseynov medianın vəziyyətinin acınacaqlı olması ilə bağlı Azərbaycanın adının daha qabarıq göstərilməsinin doğru olmadığını deyir. O, Azərbaycanda medianın indiki durumunu yalnız peşəkarlıqla bağlayır:

“Demək jurnalist kifayət qədər peşəkar deyil. Jurnalist hər şeyi, ən kəskin həqiqətləri də deyə, ən ağlagəlməz araşdırmalar da apara bilər. Əgər onun peşəkarlıq səviyyəsi üstündürsə, elə edəcək ki, ondan yapışmağa bir yer olmayacaq. Mən jurnalisti alpinistlərlə müqayisə edirəm. Alpinist nə qədər ustadırsa, nə qədər mahirdirsə o, ən uca dağa, ən sıldırım qayaya da dırmana biləcək və yıxılmayacaq. Əgər az peşəkardırsa, ən sadə yerdə də yıxıla və büdrəyə bilər. Qaldı ki, medianın vəziyyəti ilə bağlı AŞPA-dakı məruzədə Rusiya, Türkiyə və digər bir sıra ölkələrlə yanaşı Azərbaycanın da adının medianın təzyiqlər altında olduğu ölkələr sirasında yer almasına, hesab etmirəm ki, bu məruzəni tam obyektiv məruzə hesab etmək olar. Çünki həmin məruzədə adı çəkilməyən elə ölkələr var ki, - misal üçün İngiltərə, Fransa və İtaliyada jurnalistə təzyiq olunması baxımından çox faktlar bilirəm. Bu faktlar AŞPA-da müzakirə olunan sənədə salınmayıb. Ən böyük bəlalardan biri odur ki, dünyada çox böyük şirkətlər var, onlar ən böyük jurnalist qurumlarına, qəzetlərinə təsir edə bilirlər, istədiklərini yazdıra bilirlər. Bununla böyük layihələrin reallaşmasına mane olmağa çalışırlar. Yəni siyasət jurnalistika peşəsinə qarışdırılır. Jurnalist də bu məngənələrdən çətin qurtula bilir. Bu baxımdan o jurnalist ki, özünü bu çətin proseslərin, çətin dövrlərin içərisində qoruya bilirsə, əlbəttə, bu təqdirə layiqdir. Amma o da var ki, bir gün jurnalistə təzyiq edənin özünün jurnalistlərə ehtiyacı olur. Ona görə güclü dövlət, ağıllı dövlət, sabahı görən dövlət mətbuata qayğı göstərməlidir. Bu qayğı da ölkənin demokratik inkişafında özünü göstərir”.

“Jurnalistlərə təzyiqlər edilməsi baxımından heç narahat deyilmi” sualına cavab olaraq Rəfael Hüseynov deyib ki, Azərbaycanda mətbuatın inkişafı üçün hər bir şərait var.

“Kim istəyir sayt aça bilir, kim istəyir qəzet aça bilir, kim istəyir telekanal aça bilir. Ciddi maneə də yoxdur. Əsas məsələ odur ki, sənin o qəzetləri, o radioları, o televiziyaları normal şəkildə idarə etməyə, normal şəkildə Azərbaycan insanına təqdim etməyə qüvvən varmı? Yoxdur. Mən saytlara ürək ağrısı ilə baxıram. Çünki peşəkar nöqteyi-nəzərdən baxıram, görürəm ki, Azərbaycan dilində normal şəkildə cümlə qura bilmirlər. Jurnalist hər şeyi bilməlidir, jurnalist universal adam olmalıdır. O, daxilən ədalətliliyi, obyektivliyi daşımalıdır. Həm də sərras söz deməyi bacarmalıdır. Bizim beynəlxalq jurnalistika da inkişaf etməlidir. Ona görə də düşünürəm ki, xüsusi bir proqram olmalıdır və dövlət də buna mütləq öz dəstəyini göstərməlidir. Tək Bakı Dövlət Universitetindəki jurnaistika təhsili kifayət deyil, müasir jurnalistikanın çox inkişaf etmiş təmayülləri var. Onları Azərbaycanda tətbiq edən kurslar təşkil olunmalıdır. Ora dünyanın peşəkar jurnalistlərini dəvət etmək lazımdır. Ən əvvəl bunu dövlət etməlidir, çünki bu, dövlətimizə də lazımdır”.

“Bu deyilənləri dövlət edirmi” sualına isə o belə cavab verib: “Dövlət müəyyən işlər görür, amma bu pərakəndə işlərlə ola bilməz. Bu sistemli şəkildə olmalıdır ki, biz müasir jurnalistikanı tərbiyə edək. Müasir jurnalistika tərbiyə olunanda onda dövlətin özünün də ona ehtiyacı olacaq. Axı dövlətə də lazımdı ki, cəmiyyət içərisində özünün əyər-əskiyini görsün. Biri var bunu sadəcə söyən şəkildə göstərirlər, biri də peşəkar şəkildə. O, peşəkar şəkildə tənqid edənə həmişə dövlətin də ehtiyacı var, sadə insanın da”.

- Siz hesab edirsiniz ki, mediaya, jurnalistlərə nə olursa onların peşəkarlığından irəli gəlir? Azərbaycanda jurnalistlərə heçmi təzyiq yoxdur?

- Mən dövlət səviyyəsində belə bir təzyiq görmürəm. Ayrı-ayrı insanlar səviyyəsində ola bilər, fərdi qaydada belə şeylər mümkündür. Dövlət səviyyəsində təzyiq və ya məhdudlaşdırma nə ola bilər ki? Sən qeydiyyatdan keçib bir sayt yaratmaq, qəzet, jurnal açmaq istəyirsən, burada heç bir məhdudiyyət yoxdur. O cümlədən sənin öz fikirlərini sərbəst şəkildə ifadə etməyə hər hansı məhdudiyyət yoxdur. Mən Avropanı qoyuram kənara, sovetdən çıxmış bəzi ölkələrdə mətbuatın vəziyyəti necədir? O da hamıya bəllidir ki, o ölkələrdə mediaya hansı məhdudiyyətlər qoyulur. Həqiqətlər müqayisədə ortaya çıxır. Əgər, sən özünü ABŞ-la müqayisə eləsən, təbii, görəcəksən ki, mən geridə qalmışam. Mən demirəm ən pislə müqayisə edib ondan irəlidə olduğunu deyəsən, amma mənim müqayisə apardığım ölkələrlə müqayisədə Azərbaycanda məhdudiyyətlər yoxdur. Ayrı-ayrı adamların mediaya təzyiqləri ola bilər və bunun qarşısını almaq üçün dövlət də, ayrı-ayrı insanlar da səsini qaldırmalıdırlar.

- Üç ildir “Azadlıq” radiosunun veb səhifəsi Azərbaycanda bloklanıb, radionun ofisi Bakıda beş ildən çoxdur bağlıdır. Bu da ayrı-ayrı fərdlərin təzyiqləri ilə olubmu?

- Məsələ ondadır ki, ayrı-ayrı mətbuat vasitələrinə, mətbuat nümayəndələrinə qarşı formalaşan hansısa arzu olunmayan baxış, yanaşma ola bilsin o təqdimatlardan asılı olur. Bəzən hansısa mətbuat vasitəsində araşdırılan, ortaya qoyulan mövzuların dövlət və cəmiyyət üçün nə qədər lazımlı olduğunu bilməyən adamların, təhlilçilərin yuxarıya verdikləri təqdimatlar yanlış ola bilir. Ümumiyyətlə prosesləri təhlil edənlər, gələcəyə yönəlik təhlil verənlər çox ağıllı insanlar olmalıdırlar. Hesab edirəm ki, artıq Azərbaycanda bu sahədə addımların atılması istiqamətində müəyyən işlər gedir. Çünki bu sahədə qüsurların olduğu etiraf olundu və müəyyən adamlar da oradan kənarlaşdırıldı. Bu sahə çox vacibdir və düşünürəm ki, dövlətin barmağı həmişə o nəbzin üzərində olmalıdır. Çünki dövlət hər şeyi görmür və məhz o insanlara o vəzifə tapşırılıb ki, onlar baxıb düzgün təhlil edib, düzgün də nəticə çıxarsınlar".

"Nəticələr düzgün təqdim ediləndə, düşünürəm ki, verilən qərarlar da doğru olur. Siz gördünüz, ictimai-siyasi sektor tamam başqa şəkildə quruldu. Əgər ictimai-siyasi sektor tamamilə başqa strukturda qurulursa, demək indiyə qədər olan format təmin etmirmiş. Format niyə təmin etmirdi, bu öz-özünə olan bir qurum deyil, bu qurumu idarə edən ayrı-ayrı adamlardır. Yeni format üçün daha ağıllı adamlar, daha müasir baxışlı adamlar lazımdır. Hesab edirəm ki, həm hakimiyyət, həm müxalifət mətbuata bir körpü kimi, birləşdirici körpü kimi yanaşmalıdır. Yəni mətbuata o tərəfi, ya bu tərəfi daha çox aşağılayıcı vasitə kimi baxılmamalıdır".

Şərhlər

SEYİD ƏNHU 2020-02-01 20:37:37

BU ADAMIN ƏYNİNDƏ NİMDAŞ BİR CİNS ÇİYNİNDƏ KÖHNƏ BİR ÇANTASI OLARDI. HARADA AXTARSAN RADİODA TAPARDIN. İNDİSİNİ BİLMİRƏM. AZƏRBAYCANDA JURNALİST YOX İMİŞ.HƏTTA BUNUNLA DA KİFAYƏTLƏNMİR. BEYNƏLXALQ JURNALİSTİKAYA CİK-CİK ÖYRƏDİR.

Araz 2020-02-01 18:38:18

Rəfael bəy sanki başqa qitədə,başqa planetdə yaşayır.Rəfael bəy ölkədə jurnalistlərə zor işlədilməsini.onların həbsə atılmasını qeyri peşkarlıq adlandırır.Bu gülməli deyilmi?Bəzəkli,pafoslu ibarəli sözləri Rəfael bəy niyə seçki qabağı söyləyir? Xalqın belə çıxıışlardan həddən artıq doyduğunu.bezdiyini niyə Rəfael bəy anlamaq istəmir? Bir dönüb öıkədəki vəziyyətlə maraqlansa idi belə çıxışlar etməzdi.Yəqin yuxuda gördüklərini həqiqət sayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol