Fevral ayının 3-də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə Şıxlınski 49 küçəsində görüş keçirib.
Rauf Arifoğlu ərazidə marşrut probleminin aktual olduğunu deyərək, bu gün bir neçə ictimai nəqliyyat avtobusuna mindiyini və sərnişinlərin problemlərini dinlədiyini deyib. O, qeyd edib ki, buradan şəhərin mərkəzinə birbaşa işləyən ictimai nəqliyyatın olmaması səbəbindən insanlar bir neçə marşrut dəyişir və daha çox xərc ödəyirlər.
Namizəd həmçinin görüşə insanların problemlərini dinləmək üçün gəldiyini, mövcud çətinlikləri işıqlandıraraq həllinə çalışdığını vurğulayıb. 35 saylı Xətai üçüncü Seçki Dairəsinə düşən ərazilərdə binalarda dam örtüyü və zirzəmilərlə bağlı problemlərin, liftlərin qəzalı isə vəziyyətdə olduğunu deyən R.Arifoğlu zamanla bunların aradan qaldırılacağını vurğulayıb. Həmçinin "Yeni Müsavat" qəzetində dərc olunan məsələlərin qısa zamanda həllini tapdığını diqqətə çatdırıb.
Qeyd olunan problemlərin deputatın işi olmadığı ilə bağlı iddiaları cavablandıran R.Arifoğlu "İnsanlar problem içindəykən onların vəkili, qırmızı kreslosunda necə rahat əyləşə bilər" deyə sual verib.
"İnsanların problemləri, tapşırığı, öncəliyi mənim də öncəliyimdir" - deyən namizəd bunun üçün insanlarla təmas qurduğunu, onları dinlədiyini açıqlayıb. R.Arifoğlu vurğulayıb ki, o, insanlarla dövlət arasında körpü olmaq üçün buradadır: “Bu ərazidə sizlərdən olan köməkçilərlə işləyəcəm, onlar sizin düşüncələrinizi, problemlərinizi, tapşırıqlarınızı bizə çatdıracaq, bir gün belə, gecikmədən dövlət qurumları qarşısında qaldıracağıq. Özüm də hər zaman yanınızda olacağam”.
Buraya hər zaman vəsait ayrıldığını deyən R.Arifoğlu vurğulayıb ki, problemlərin bu həddə olmasının səbəbi o vəsaitin xərclənməsinə nəzarət edəcək bir deputatın olmamasıdır: “Ancaq mən buraya gələn layihələrdən xəbərdaram və onun ünvana çatması üçün əlimdən gələni edəcəyəm”.
Rauf Arifoğlu vətəndaşları narahat edən uşaqpulu məsələsini, pensiya yaşının yuxarı olmasını, elektrik və təbii qazın limitlərinin ləğvini və sair məsələləri parlamentdə qaldıracağınə vəd edib. O, sakinləri əmin edib ki, seçki kampaniyası bitdikdən sonra proseslərin dayanmayacağını, 41 min vətəndaşın millət vəkili kimi daha böyük işlərin başlayacağını qeyd edib.
Bülletendə özündən başqa klonlarının da olduğunu deyən namizəd, hər kəsin onu Arifoğlu kimi tanıdığını və bülletendə bu adı axtarmalarını rica edib. Bülletendə ikinci olduğunu deyən R.Arifoğlu seçicilərinə "gəlin, ikincini birinci edək" deyə səslənib.
Namizəd seçiciləri fevralın 9-da məntəqələrə gedərək, səs verməyə çağırıb və ona səs verənlərin qarşıdakı 5 ildə təkcə qalmayacağını bildirib. Dairə ilə bağlı iqtisadi inkişaf proqramı və platforma hazırlandığını deyən R.Arifoğlu qarşıdakı illərdə qeyd olunan məqamların reallaşacağına söz verib. R.Arifoğlu seçicilərini fevralın 5-də, saat 19:00-da Ağrıdağ mərasim evində keçiriləcək möhtəşəm görüşə dəvət edib.
Sakinlər isə Rauf Arifoğluna müraciət edərək, ərazidə ən böyük problemin marşrutla bağlı olduğunu, illər ərzində əhalinin sayı artsa da, marşrut sayının azaldığını və vətəndaşların çox əziyyət çəkdiyini vurğulayıblar. Həmçinin qeyd ediblər ki, binaların damından çənlər götürüldükdən sonra suyun fasilə ilə verilməsi onların məişətində çətinliklər yaradıb.
Görüşə gələnlərin bir qismi mənzillərin sığorta edilməsi ilə bağlı müəyyən edilən 50 manat vəsaitin çox olduğunu və bir otaqlı evlərlə 3-4 otaqlı evlərə fərq qoyulmamasının doğru olmadığını deyiblər.
Vətəndaşlar Rauf Arifoğlunun platformasını oxuduqlarını və qeyd olunan məsələlərin hər birinin ürəklərincə olduğunu bildiriblər. Onlar həmin məsələlərin çox cəsarətli və aktual şəkildə qaldırıldığını əlavə ediblər. Sakinlərin əsas istəklərindən biri də həyətdə onların istirahəti üçün şəriatin yaradılması olub. (Musavat.com)







Şərhlər