Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə rəsmi mənbələrə istinad etmədən müxtəlif anonim informasiyalar yayılıb. Bu barədə virtualaz.org-a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən açıqlamada bildirilir.

Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.

İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur. Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.

İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcək.


***

Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin noyabrında oğurlanmış və iki ay sonra-yanvarın 6-da yandırılmış halda meyiti tapılmış 10 yaşlı Nərminin əsl qatilinin kimliyi açıqlanıb.

Naməlum şəxs ima.tv adlı YouTube kanalında dünən sensasion səs yazısını yayaraq kənd sakini, bu dəhşətli qətldə ittiham edilərək tutulan İlkin Süleymanovun əslində günahsız olduğunu, azyaşlını digər kənd sakini Ələkbərov Altay Famil oğlunun oğurladığını və qətlə yetirdiyini bildirib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov  açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.

Virtualaz.org-ın əməkdaşı bu dəhşətli səs yazısı ilə bağlı Tovuz rayon prokuroru Elçin Qəhrəmanova da zəng vurub. Ona səs yazısında “manyak, qatil Altayın dostu” kimi prokurorun adının hallanması haqda sual verib. Prokuror “mən heç bir açıqlama vermirəm, Baş prokurorluqla əlaqə saxlayın” deyib və dəstəyi asıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Nərminin atası Şərif Quliyev səsyazısından xəbərdar olduğunu deyib: “Məsələ prokurorluğun nəzarətindədir. Mən bir ata kimi dövlətimdən, hüquq mühafizə orqanlarından, prokurorluqdan məlumat gözləyirəm”.

Ş.Quliyev Altay Ələkbərovu tanıdğını qeyd edib: “Əlbəttə tanıyıram, kəndlimizdir, cavan adamdır. Amma bu işdə onun günahı varmı-yoxmu, bunu prokurorluq araşdırır. Əlavə heç bir bilgim yoxdur. Amma videoda danışanın bizim kənddən olmadığını bildirirlər. Mən prokurorluq nə deyəcəksə, ona inanacağam. Bu işi bilənlər araşdırır. Tək istəyim balamın qatilinin tapılması və cəzasını almasıdır”.

Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova virtualaz.org-a açıqlama verib. Bildirib ki, yayılan səs yazısından dünən xəbər tutub. 

Səs yazısında barəsində bəhs edilən şəxs Altay Ələkbərov ötən gün axşamdan polis əməkdaşları tərəfindən saxlanılıb:"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur. Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər. Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram. Altayın atası Famil müəllim mənim oğlumun müəllimi olub, İlkinin atası kimi sakit adamdır. Bu söhbət yayılandan sonra dünən axşamdan Altay Ələkbərovu da tutub aparıblar".

Nənəsi deyir ki, Altay Ələkbərovun yeznəsi Fikrət adlı şəxs, həqiqətən, polis mayorudur: "Fikrəti də tanıyıram, polisdə işləyir, bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. O gün dedilər ki, onu da işdən çıxarıblar. Bilmir özü çıxıb yoxsa işdən çıxarıblar".

Kənd camaatının A. Ələkbərovdan qorxması və hadisə barədə məlumatlı olsalar da, indiyə kimi susmaları ilə bağlı deyilənlərə gəlincə isə, M. İsmayılova əvvəldən bu barədə bilmədiyini və heç kimdən qorxmadığını deyib: “Altayın nəyindən qorxacağam, mənim uşağımın qatili tapılsın. Arxası güclüdür özü üçündür, buna görə mənim balamı öldürməlidirlərmi? Hökumətin əlindədir, canını alsınlar özü deyəcək...”

M. İsmayılova həmçinin deyib ki, Nərminin dərdindən səhər evdən çıxır və bir də axşam qayıdır ki, fikri dağılsın: “O mələkdir, Allah eləsin, onun əsl qatili tutulsun”.

M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını bildirib: "Hamı bilir ki, Nərmini kim öldürüb, hər şeyi bilirlər, polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".

A. Ələkbərovun atası Famil Ələkbərov virtualaz.org-a zəng edərək bildirib ki, ailədən kimisə narahat etməsinlər: “Bizi axtarmayın, bu məsələ ilə bağlı narahat etməyin”.

Virtualaz.org hadisə ilə bağlı A. Ələkbərovun atası Famil Ələkbərovla əlaqə saxlamağa çalışıb. Özünü təqdim etməyən şəxs redaksiyamıza zəng edərək bildirib ki, ailəni bu məsələ ilə bağlı narahat etməsinlər: “Bir səfeh bir xəbər yayıb. Buna görə bizi axtarmayın, bu məsələ ilə bağlı narahat etməyin”.

Səs yazısında adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.