Prezident İlham Əliyev növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntularının ciddi araşdırılacağını bəyan edib. Dövlət başçısı qeyd edib ki, qanunsuzluğa yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra Azərbaycan beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətini və əməkdaşlığını davam etdirəcək.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) da seçki dairələrində baş verən seçki saxtakarlıqları ilə bağlı ciddi ölçü götürüləcəyini bəyan edib.
Qurumdan verilən məlumata görə, hazırda davam edən iclasda DSK-lardan göndərilən şikayətlərlə bağlı araşdırmalar aparılır: “Seçkilərlə bağlı sosial şəbəkədə yayılmış video-görüntülərə baxış davam edir.200-dən çox videomateriala baxış keçirilib. Baxışlar hələ davam edir. Yaxın müddətdə bununla bağlı qərar veriləcək»,
Ölkə başçısının və MSK-nın qeyd olunan açıqlamasından sonra cəmiyyətdə hansı seçki dairələrinin ləğv olunacağı barədə müzakirələr başlayıb. Təbliğat-təşviqat kampaniyası zamanı namizədlərin üzləşdiyi etirazların, habelə seçki günü video görüntülərlə sübut olunmuş pozuntuların veriləcək qərarlarda müstəsna rol oynacağı şübhə doğurmur.
Məsələn, seçki kampaniyası zamanı 95 saylı Tərtər, 107 saylı Qazax, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 60 saylı Salyan-Nefçala, 42 saylı Sumqayıt, 110 saylı Zaqatala, 74 saylı Lənkaran, 33 saylı Xətai və bir sıra başqa seçki dairələrində baş verən qalmaqallı hadisələr cəmiyyətdə ciddi rezonans doğurub.
Bu dairələrdən ilkin rəsmi nəticələrə görə, qalib elan olunan namizədlərin bir nəfəri istisna olmaqla hamısı hazırki deputatlardır və onlar seçicilər tərəfindən kəskin etirazla qarşılanmışdı. Seçki günü də əksər qanun pozuntuları bu dairələri əhatə etdi. Bunu əks etdirən çoxsaylı videolar sosial mediada trendə çevrildi. Həmin faktlara göz yumulması bütövlükdə növbədənkənar parlament seçkilərinin nəticələrinə kölgə sala bilər. Ona görə də, etimal etmək olar ki, MSK bu dairələrin bir neçəsində seçkilərin nəticələrini ləğv edəcək.
Xatırladaq ki, əksər parlament seçkilərindən sonra kobud qanun pozuntuları baş verən dairələrdə nətəcələr ləğv olunub və MSK orada təkrar seçkilər təyin edib.
AzPolitika.info


Şərhlər
S.Rüstəmxanlının da səs toplaması inandırıcı görünmür....