“ƏLAQƏLƏRİMİZ DOSTLUQ YOX, QARDAŞLIQ SƏVİYYƏSİNDƏDİR” - Qətər Dövlətinin Bakıdakı səfiri

Əfsanələr ölkəsi Qətər dünyanın ən kiçik dövlətlərindən olsa da, öz ambisiyaları ilə qlobal miqyasda əks-səda yarada bilib. Təkcə bütün dünyaya səs salan Əl-Cəzirə telekanalını xatırlamaq yetər ki, Qətərin regionun, müsəlman dünyasının mədəni, iqtisadi və maliyyə mərkəzinə çevrilmək iddialarında nə qədər əzmli olması qənaətinə gələsən. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, Qətər adambaşına düşən ÜDM-ə görə dünya lideridir. Qətər əmiri Əl Taninin səyləri ilə ölkədə geniş islahatlar proqramına start verilib. Bu baxımdan Azərbaycan və Qətər arasında bənzərlik var. Qətər üçün də hazırda əsas məqsəd enerji daşıyıcılarından əldə edilən gəlirlərdən istifadə etməklə iqtisadiyyatda şaxaləndirməyə nail olmaq, rəqabətə davamlı iqtisadiyyat yaratmaqdır. Qətər Dövlətinin Azərbaycana yeni təyin olunan səfiri, cənab Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla yerli KİV-ə ilk müsahibəsində bu məsələlər və ölkələrimiz arasında əlaqələrin inkişafı perspektivindən bəhs etmişik.

Cənab səfir, bildiyimə görə, kifayət qədər mühüm vəzifələrdə çalışmısınız, ölkənizi bir neçə böyük dövlətlərdə təmsil etmisiniz. Hüquqşünas olaraq, insan haqları ilə bağlı daha çox məşğul olmusunuz. Bu işin peşəkarı kimi bilmək istərdik, Qətərdə insan haqları necə qorunur?

- İnsan hüquqlarının qorunmasını təmin etmək Qətər Dövlətinin daxili və xarici siyasətində öncül yerlərdən birini tutur. Çünki biz inanırıq ki, insan hüquqlarını qorumadan inkişaf etmiş cəmiyyətin qurulması mümkün deyil. İnsan hüquqlarının qorunması isə öz növbəsində insan inkişafına töhfəsini verir ki, bu da cəmiyyətin inkişafı və dirçəlişinə müsbət təsir edir. Qətər Dövləti insan hüquqları ilə bağlı olan bir sıra mühüm sazişlərə qoşulub.
Eyni zamanda Qətər Dövləti ölkəmizdə yaşanan iqtisadi dirçəliş və inkişafda bizimlə bərabər iştirak etmiş və mühüm tərəfdaşımız sayılan əcnəbi işçilərin hüquqlarının qorunmasına da böyük əhəmiyyət verir.

Son zamanlar Qətər Dövləti insan haqlarının qorunması sahəsində bir sıra islahatlar həyata keçirib. Qətər Dövləti insan haqları problemləri ilə məşğul olan beynəlxalq təşkilatlarla da sıx şəkildə əməkdaşlıq edir.

Bizdə İnsan Hüquqları üzrə Milli Komitə fəaliyyət göstərir. Bu təşkilat müstəqildir və cəmiyyətdə insan haqlarının pozulması ilə bağlı qüsur gördüyü təqdirdə, insan haqlarının qorunması ilə bağlı hökumətə öz tövsiyələrini verə bilmək səlahiyyətinə malikdir. Çünki insan haqlarına hörmət etməyən cəmiyyət inkişaf edə bilməz.

Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür. Ölkəmizə yeni gəlmisiniz və yəqin ki, Azərbaycana səfir təyin olunan zaman münasibətlərimizlə bağlı araşdırmanız olub. Hər iki ölkə rəhbərlərinin dostluq münasibətlərinin olmasına baxmayaraq, ölkələrimiz arasındakı münasibətləri hazırda qənaətbəxş hesab edirsinizmi, yoxsa, münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün çox iş görülməlidir?

- Qətər Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycanla olan əlaqələr dostluq çərçivəsində deyil, artıq qardaşlıq səviyyəsindədir. Biz bunu belə qəbul edirik.

Siyasi baxımdan iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani və zati-aliləri cənab Prezident İlham Əliyev arasındakı dostluq əlaqələri iki ölkə arasındakı siyası əməkdaşlığın dərinləşməsində böyük rol oynayır. Bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi üçün dövlət rəhbərləri tərəfindən xüsusi göstərişlər, tövsiyələr verilir. Bu baxımdan, iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri olmalıdır. Düşünürük ki, yaxın gələcəkdə Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında yaradılmış birgə iqtisadi, ticarət və texniki komissiyanın fəaliyyəti çərçivəsində qarşılıqlı əlaqələrin inkişafı və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayıracağıq. Bilirsiniz ki, bu komissiya iki ildə bir dəfə olmaqla bir dəfə Bakıda, növbəti dəfə isə Dohada iclaslarını keçirir. Komissiyanın son iclası 2019-cu ildə Dohada keçirilib.

Bu toplantıların keçirilməsində əsas məqsəd ölkələrimiz arasındakı ikitərəfli əlaqələri daha da möhkəmləndirmək, müxtəlif sahələrdə, o cümlədən, iqtisadiyyat, ticarət, investisiya, energetika, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək, eyni zamanda, Azərbaycan Respublikasında investisiya imkanlarının olduğu bir şəraitdə Qətər şirkətlərini bura cəlb etməyə çalışmaqdır.

Həmçinin, ölkələrimiz arasındakı münasibətlərin inkişafı ilə bağlı koordinasiyanın artırılması məqsədilə siyasi məsləhətləşmələr də aparılır. Bu məsləhətləşmələrin ilk iclası keçən il dekabr ayında Dohada keçirilib.

Son illər Azərbaycana turist axını güclənib. Azərbaycandan digər ölkələrə dincəlməyə gedənlər də çoxdur. Doha da gözəl bir şəhərdir, turistlərin dincələməsi, gəzməsi üçün yüksək şərait mövcuddur. Hətta birbaşa hava nəqliyyatımız var. Bəs turizmin inkişafı, qarşılıqlı səfərlər təşkil etmək üçün sizcə nə etmək lazımdır?

- Azərbaycana gələn qonaqlar, turistlər arasında qətərlilərin də sayı çoxalıb. Qətərlilərin bura gəlişi ölkənizdəki sabitlik, əmin-amanlıq, qonaqpərvərlikdən irəli gəlir. Dini tolerantlıq yüksək səviyyədədir. Burada digər millətlərə hörmət var. Qətər xalqı çox mehriban, qonaqpərvər, hörmətcil və qədim mədəniyyətə malik olan Azərbaycan xalqını çox sevir. Məhz bu səbəbdəndir ki, Azərbaycana gələn qətərlilərin sayı artmaqdadır. Azərbaycanın ölkə boyu hər yerində görməli, gəzməli yerləri çoxdur. Hər regionun özünəməxsus gözəlliyi, adət-ənənəsi, mətbəxi var. Eyni zamanda burada turizmlə bağlı çox yaxşı müasir şərait yaradılıb. Burada olduğum qısa bir müddətdə mən özüm də ölkənizi çox sevdim və Azərbaycanı ikinci evim hesab edirəm.

Bir çox ölkələrdə oldum, fəaliyyət göstərdim. Amma Azərbaycanı həqiqətən də çox bəyəndim və sevdim. Arzu edirəm ki, ölkəniz zati-aliləri cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daima əmin-aman ölkə kimi inkişaf etsin. Yeri gəlmişkən, bunu da vurğulamaq istəyirəm ki, bu yaxınlarda Azərbaycanı Qətərdə tanıtmaq məqsədi ilə bir qrup qətərli məktəb şagirdi Azərbaycanda olub. Səfər zamanı onlar gözəl ölkənizin görməli və tarixi yerlərində olub.

Yuxarıda qeyd etdiyim kimi Azərbaycan xalqı dini tolerantlığa çox dəyər verir. Burada digər millətlərə, dinlərə hörmət var. Onların Azərbaycan cəmiyyətində tam qarşılıqlı əməkdaşlıq münasibəti ilə birgə yaşaması alqışa layiqdir.

Qeyd etdiyiniz kimi ölkələrimiz arasında birbaşa avia əlaqə var. Qətər Hava Yolları Doha-Bakı-Doha marşrutu üzrə gündə iki dəfə reys həyata keçirir. Avia yükdaşıma xidməti də artıq fəaliyyətə başlayıb. Bu da iki ölkə arasında ticari əlaqələrin yaranması üçün zəmin yaradır. Dohada da görməli yerlər çoxdur, çoxlu sayda muzeylər fəaliyyət göstərir. Bizdə də turizmlə bağlı yüksək şərait mövcuddur. Doha günbəgün daha da gözəlləşir, inkişaf edir. Bilirsiniz ki, 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına Qətər ev sahibliyi edəcək. Çempionatın indiyə qədər görünməmiş çox yüksək səviyyədə təşkili və keçirilməsi üçün bir çox işlər görülüb.

Gələcəkdə Azərbaycanda Qətər Mədəniyyəti günləri, Qətər film həftəsi və bu kimi mədəni tədbirlərin keçirilməsi barədə bir planınız varmı?

- Azərbaycan xalqının Qətər mədəniyyəti ilə yaxından tanış olmasını istəyirəm. Fəaliyyətim dövründə Qətər incəsənətini, musiqisini, adət-ənənələrini, filmlərini Azərbaycanda təqdim etməyə çalışacağam. Ölkənizdə yeni olmağıma baxmayaraq, bütün tədbirlərdə iştirak etməyə çalışıram, Azərbaycanın və digər ölkə səfirliklərinin burada keçirdikləri bütün mədəni tədbirlərə qatılıram. Gələcəkdə Heydər Əliyev Mərkəzi, Dövlət Xalça Muzeyi, Dövlət Akademik Filarmoniyası ilə birgə əməkdaşlıq çərçivəsində mədəniyyət tədbirlərinin keçirilməsini düşünürəm. Bunları həyata keçirmək üçün imkanlarımız da var.

Cənab səfir, bir neçə il əvvəl bəzi körfəz və ərəb ölkələri ilə problemlər yaşandı. Hətta o zamandan bir neçə ərəb ölkəsi Qətər ilə diplomatik əlaqələri də kəsib. Hazırda həmin ölkələrlə münasibətlər nə yerdədir? Bunun aradan qaldırılması üçün təşəbbüsslər varmı?

- Qətər Dövləti körfəz böhranının Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin müdrik rəhbərliyi altında danışıqlar yolu ilə cözüləçəyinə inanır. Həmçinin, Qətər Dövləti bütün böhranların, o cümlədən ümumən reqiondakı problemlərin həllinin mümkünlüyünü də yalnız danışıqlar yolunda görür. Hazırda bu ölkələr arasında vasitəçilik missiyasını Küveyt həyata keçirir.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, körfəz böhranın ilk günündən etibarən Azərbaycan Respublikası Qətərdə ərzaq çatışmazlığı ola biləcəyini nəzərə alaraq ölkəmizə ərzaq və istehlak malları göndərilməsi üçün hava körpüsü yaratdı. Bu humanist və qardaşlıq münasibətinə görə buradan Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür edirəm.

Türkiyə yenidən körfəz siyasətini fəallaşdırıb. Ankara-Doha əlaqələri möhkəmlənib, bölgədə sabitlik və əmin-amanlığın saxlanılmasında Türkiyənin rolunu necə qiymətləndirirsiniz?

- Sualınıza cavab olaraq deyə bilərəm ki, Qətər Türkiyə münasibətləri Orta Şərq reqionunda özəl təcrübəni əks etdirməklə qarşılıqlı maraqların qorunmasına yönəlib. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və mədəni əməkdaşlığı daha da irəli aparıb. Bu inkişaf dinamikası 2011-ci ildən bəri bu bölgənin keçdiyi həssas şəraitdə həm reqional həm də beynəlxalq səviyyədə iki ölkənin gücündən güc alıb. Qətər-Türkiyə əlaqələri qarşılıqlı hörmət prinsipləri əsasında qurulub və iki ölkə arasında qarşılıqlı mənafelərin qorunması məqsədini güdür.

Laçın SƏMLA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar