“SİYASİ ELİTAMIZ ÖZÜNƏ İNAMLI TƏSİR BAĞIŞLAYA BİLMƏDİ...” – “Necə oldu ki, belə təcrübəli siyasətçi tələyə düşdü?”

Növbədənkənar parlament seçkiləri artıq finişə yaxınlaşır – bu gün Konstitusiya Məhkəməsi yekun protokolun təsdiqlənməsi məsələsinə baxacaq.

“AzPolitika.info” “seçkilər və onun nəticələri” mövzusunu Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Alqış Musayevlə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Alqış müəllim, Azərbaycan parlamentinə fevralın 9-da keçirilən növbədənkənar seçkilər artıq gündəmlə vidalaşmaq ərəfəsindədir. Bu seçkinin nəticələrini necə dəyərləndirərdiniz?

- Düzdür, seçkilər yekunlaşıb, amma mövzunün gündəmdən çıxması haqqında danışmaq hələ çox tezdir. Nəzərə alaq ki, seçki yalnız bir gündə baş verən hadisədən - yalnız səsvermə prosedurundan, səslərin sayılmasından ibarət deyil. Seçki bəlli bir qrafikə, məcəllənin müəyyən etdiyi şərtlərə sığmayan siyasi hadisədir. Seçki elə bir prosesdir ki, rəsmən, cədvəl üzrə tamamlansa da, müzakirələrdə, mübahisələrdə mövzu olaraq qalır. Ona görə səsvermə bitsə də, seçkilər davam edir. Növbədənkənar seçkinin yekunu ilə bağlı fərqli, hətta ziddiyyətli fikirlər ortaya çıxıb. Kifayət qədər hüquqi, texniki və sair pozuntular qeydə alınıb. Prosesin özündən, MSK-dan narazı qalanlar, etiraz edənlər yetərincədir. Bir neçə dairədə seçkinin nəticələri ləğv edilib. Elə namizədlər var ki, məğlubiyyəti qəbul etmək istəmir. Əlbəttə ki, bəzilərinin belə iddiayla çıxış etmələri üçün əsasları, konkret sübutları var. Bəziləri isə, sadəcə, hələ də ənənəvi yanaşmadan xilas ola bilməyib, “Mənim qalib gəlmədiyim seçki demokratik və ədalətli sayıla biıməz” mövqeyindən çıxış edirlər. Bütün bunlar təbii ki, başadüşülən və anlaşılandır. Ümumilikdə mən 9 fevral seçkisinın ölkəmiz, cəmiyyətimiz üçün çox faydalı olduğu düşüncəsindəyəm. Belə ki, növbədənkənar seçki təkcə VI cağırışın millət vəkillərini müəyyənləşdirmədi, eyni zamanda hər kəsə - həm idarə edənlərə, həm də idarə olunanlara düşünüb-daşınmaq üçün zəngin, bir qədər də növbədənkənar təəssüratlar qazandırdı.

- Konkret olaraq nəyi, hansı məqamları qeyd edə bilərsiniz?

- Zənnimcə, səsvermə günü qeydə alınmış catışmazlıqlar, kobud səhvlər, xoşagəlməz görüntülər o qədər də narahatedici deyil. Məni bu seçki prosesində müşahidə etdiyim başqa bir məsələ məyus etdi. Etiraf edək ki, proses zamanı vətəndaş cəmiyyəti, siyasi elita sandığmız təbəqə özünü mükəmməl tərəfdən nümayiş etdirə bilmədi. Əksinə, vətəndaş cəmiyyətinin, siyasi elitanın nöqsanları daha qabarıq, çılpaq şəkildə üzə çıxmış oldu. Bu baxımdan, 31 saylı Suraxanı Seçki Dairəsində baş verənlər bir model kimi gotürülə bilər. Söhbət nədən gedir, orada nə olmuşdu? Həmin dairədən deputatlığa namizədliyi qeydə alınan Mehman Hüseynov gəncdir. Bilirsiniz ki, o, videobloger kimi tanınıb, məşhurlaşıb. Ancaq onun konkret, sistemli, dəqiq siyasi baxışları yoxdur. Arxasında siyasi təşkilat, böyük maliyə resursu dayanmır. İqtisadi inkişafla, sosial rifahla bağlı heç bir konseptual yanaşmanın, təklifin müəllifi deyil. Heç bir platforma, konsepsiyası da yoxdur. Və belə bir potensialı da nəzərə çarpmır. Amma nəticədə müəyyən bir qism seçicinin rəğbətini qazana bilib. Bu ciddi araşdırma mövzusudur. Ona səs verən kəsim hansı mənəvi-psixoloji övqatla belə qərar qəbul edib? Şübhəsiz ki, bu Mehman Hüseynovun fərasətindən irəli gələn uğur sayıla bilməz. Başqa səbəblər və səbəbkarlar var. Zənnimcə, bu videoblogerin timsalındakı bir namizədə ehtiramın yox, sosial incikliyin əlamətidir.

Həmin dairədə digər namizəd Azərbaycanın siyasi elitasını təmsil edirdi. Razılaşaq ki, Fərəc Quliyev təsadüfi adam deyil - 90-cı illərin fəallarından biridir. Meydan təcrübəsi var. Əbülfəz Elçibəyin yaxın silahdaşı olub. 10 ildir ki, millət vəkilidir. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxildır. Bəs, necə ola bilir ki, belə bir həyat yolu keçib, meydan, siyasi, parlament təcrübəsi qazanmış bir partiya sədri seçkiyə fərdi qaydada qatılan gənc bir blogerin tələsinə düşür? Özü də çox asanlıqla. Bunlar çox ciddi və narahatedici suallardır. Və bu suallar təkcə Fərəc Quliyevi yox, hamını düşündürməlidir. O cümlədən həmin rayonun rəhbərliyini və daha yüksək səlahiyyət sahiblərini məşğul etməlidir.

- Sizcə, bu nəyin əlaməti ola bilərdi?

- Bu o deməkdir ki, cəmiyyətin sosial strukturlaşması hələ başa çatmayıb. Aşağı təbəqə kimlərdən ibarətdir, orta təbəqənin göstəriciləri nələrdir, siyasi elita kimlərdən təşkil olunub, bu kimi suallar hələ də birmənalı cavabını tapmayıb. Acıq-aşkar göründü ki, seçici bərkə-boşa o qədər də hazır deyil. Azərbaycan seçicisini istənilən səmtə yönləndirmək üçün kifayət qədər boşluqlar mövcuddur. Axı seçici əvəzsiz sosial materialdır. Keyfiyyətli sosial material olmadan keyfiyyətli siyasət yürütmək mümkünsüzdür. Bu seçkidə sıravi seşicinin qüsurları ilə bərabər stajlı siyasətçilərin də zəif yerləri üzə çıxdı. Təəssüf ki, bütövlükdə olmasa da, ayrı-ayrı epizodar üzrə və ayrı-ayrı namizədlərin timsalında siyası elitamız güvənli və özünə inamlı təsir bağışlaya bilmədi. Təbbi ki, bu mənim şəxsi müşahidəm və qənaətimdə belədir.

- Bu seçkilər həm də onu göstərdi ki, sosial şəbəkələr bu prosesdə söz sahibi kimi çıxış edə bildi. Hətta MSK rəhbərliyi də etiraf edir ki, fəaliyyəti əsasən sosial şəbəkələrdə yayılan şikayətlər üzərində qurulub...

- Sosial şəbəkələrlə işləmək günün tələbidir. Bu yaxşı əlamətdir ki, təkcə seçki ilə bağlı yox, ümumilikdə sosial şəbəkələrə qarşı aqressiv çağırışlar arxada qalıb. Artıq heç kim demir ki, sosial şəbəkələri bağlamaq, qadağan etmək lazımdır. Sosial şəbəkələr gerçəklik kimi dərk və qəbul olunur. Amma hazırda daha pis tendensiya var. Sosial şəbəkədə fəallıq göstərməklə, sosial şəbəkənin təsiri altına düşmək fərqli məsələlərdir. Təəssüf ki, belə demək düzgünsə, məmə deyəndən pəpə yeyənə - hamı bir nəfər kimi sosial şəbəkələrin kölgəsiylə sürünür. Bu dövlətçilik, cəmiyyətin düzgün istiqamətləndirilməsi üçün real təhlükə mənbəyidir.

- Əgər hakimiyyət nümayəndələrinin, iqtidar təmşilçilərinin sosial şəbəkələrdə az qala kütləvi fəallığı müşahidə olunursa, hansı təhlükədən söhbət gedər bilər?

- Əlbəttə, belə bir meyl var. Mən bunu təqdir edirəm. Sosial şəbəkələrin imkanından maksimum dərəcədə istifadə etmək, fəallığı günü-gündən artırmaq lazımdır. Mənim dediyim nədir? Yəqin ki, izləməmiş olmazsınız, geniş tamaşaçı rəğbətini qazanmış “Böyük dayaq” filmində belə bir epizod var: Yastı Salmanın bacısı Naznaz xanım Qaraşa ərə getmək istəyir. Daha doğrusu, bu istək Yarməmmədin, Yastı Salmanın karyera maraqlarına xidmət edən məqsədli bir plandır. Nəhayət, həlledici məqam yetişir. Naznaz xanım Qaraşın qarşısını kəsib deyir ki, haqqımızda şayiələr baş alıb gedir. Qaraş isə onu rədd edib deyir, sən özün bilrsən ki, bu şayiələrin, dedi-qoduların heç bir əsası yoxdur. Onda Naznaz Qaraşa bu günümüzlə səsləşən bir cavab verir: Fərq etməz, şayiələrin əsası var, ya yoxdur. Camaatın ağzını yummaq lazımdır... Bax, bu gün biz həmin mənzərə ilə üz-üzəyik. Əsas var, ya yoxdur - sosial şəbəkələrin diktəsinə əməl olunmalıdır. Obrazlı desək, bu gün prosesləri Yastı Salmanın bacısı (yönlədirir deməzdim) yastılayır. Mənim təhlükə kimi dəyərləndirdiyim məhz budur. Cəmiyyətin, dövlətin az qala bütün informativ, inzibati resursları camaatın ağzını yummağa səfərbər edilib. Nəticədə camaatın başıyla, düçüncəsiylə işləmək unudulub. Diqqət ağıza yönəldiyindən baş yaddan çıxır. Ən yaxşı halda camaatın başı nəzarətsiz qalır. Mən düşünürəm ki, bu da məqsədyönlü bir xətt ola bilər. Belə olduqda dövlətin, cəmiyyətin ideologiyasızlaşdırılması üçün münbit və əlverişli bir mühit yaranır.

- Alqış müəllim, bu bir reallıqdır ki, hazırda idealist siyasətçilərin yerini praqmatik siyasətçilər tutur və bu zaman istər-istəməz müəyyən prinsiplərdən imtina, ideoloji qeyri-müəyyənlik hiss olunur…

- Mən etiraz etmirəm. Belə təmayüllər ola bilir. Kimsə düşünə bilər ki, 21 əsrdir, nə ideologiya? Bu yanlış xəttdir. Bəlkə də qisa bir müddət üçün cəlbedici və əlverişlidir. Amma çıxış yolu deyil. Belə eksperimentlər bizi sonu proqnozlaşdırıla bilməyən risklərlə üz-üzə qoya bilər. Əslində belə ziyanlı cəhdlər barədə ən dürüstünü Ulu öndərimiz söyləyib. 1993-cü ilin fevralında Əbülfəz Elçibəylə Bakıda görüşən Heydər Əliyev idarəçilikdə buraxılan səhvlərlə bağlı iradlarını bildirir. Əbülfəz Elçibəy deyir ki, biz hakimiyyətə yenicə gəlmişik və öyrənirik. Dahi öndərimiz Əbülfəz bəyə bütün zamanlar, bütün idarəçilər üçün aktual olan klassik bir cavab verir: Öyrənmək yaxşıdır, öyrənin. Amma yadınızda saxlayın ki, xalq heç bir halda təcrübə üçün material ola bilməz… 

-İdeologiya deyəndə siz konkret nəyi nəzərdə tutursunuz?

-İnamsızlıq, ümidsizlik dəhşətli anlayışlardır. Cəmiyyət nəyəsə inanmalıdır. İnam sarsılanda laqeydlik yaranır. Bu laqeydliyin nəticəsində insanlar bir-birliylə cansız əşyayla davranan kimi rəftar edirlər... Bir tarixi faktı xatırladım. Tarixdən bəllidir ki, sosialist inqilabının ilk ilində kəndli qurultayı keçirilib. O kəndli qurultayı daha çox nə ilə yadda qalıb? Şahidlər təsvir edirlər ki, əyalətlərdən gəlmiş iştirakçıların qatıldığı Smolnı qurultayından sonra zal bərbad, acınacaqlı vəziyyətə düşübmüş. Heykəllər tanınmaz görkəmə salınıb, rəsm əsərləri cırılıb, şüşələr sındırılıb, çıl-çıraqlar qırılıb, hətta bahalı vazalardan tualet kimi istifadə olunub.

Bu hal ona görə baş verməyib ki, kəndlilər çıl-çırağın, rəsm əsərinin, heykəlin, vazanın nə olduğunu başa düşmür, anlamırdılar. Yox, elə deyil, kəndlilərin mədəniyyət nümunələri ilə - cansız, dilsiz-ağızsız əşyalarla belə amansız və sərt rəftarının səbəbləri başqaydı. Kəndlilər, sadəcə ümidsizliyin, inamsızlığın acığını əşyalardan çıxmağa üstünlük verirdilər. İnam yoxdursa, müqəddəs nə varsa murdarlanır, yaxşı nə varsa pis kimi qələmə verirlər. Təəsüf ki, kütləvi olmasa da, bəzi nümunələrdə mən belə qorxulu meyllərin baş qaldırdığını müşahidə edirəm.

-Seçkiylə bağlı bir sual vermək istərdim. İndidən yeni tərkibdə formalaşmış Milli Məclisin uzun müddət fəaliyyət göstərə bilməyəcəyi barədə ehtimallar səslənir.

-Gəlin, tələsib birmənalı hökmlər verməyək. Düzdür, əksər ekspertlər belə düşünürlər. Razıyam ki, belə düşünmək üçün müəyyən əsaslar da var. Amma hər şey hadisələrin inkişafından asılıdır. Əgər növbəti dəfə növbədənkənar parlament seçkisınə zərurət yaransa, bu baş verəcək. Hər şey ictimai təlabatla bağlıdır. İctimai tələbat olacaqsa, bu tələbatı qarşılamaq qaçılmaz olacaq.

-Alqış müəllim, söhbətimiz Məhəmməd Əmin Rəsulzadənin növbəti anım gününə təsadüf edir. Bilisiniz ki, tez-tez Bakı Dövlət Universitetinə onun adının qaytarılmasıyla bağlı təkliflər səslənir. Sizin bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı...

-Qeyd edim ki, bu mövzu həddindən ziyadə istismara məruz qalıb. Söz yox ki, Xalq Cümhuriyyətinin yaradılması, onun tarixi və onun qurucuları hər bir azərbaycanlının qürur mənbəyidir. Biz həmən tarixi və həmin tarixin müəlliflərini ehtiramla yad etməyə borcluyuq. Amma etiraf edək ki, bu mövzu artıq neçə illərdir ki, urvatlasızlaşdırılıbdır. Sanki mövzu ətrafında heçbir ideoloji, dövlətçilik mahiyyəti daşımayan bir alver gedir. Belə mənfəətçi yanaşma təkcə konkret şəxslərlə bağlı deyil, bütövlükdə cümhuriyyətə yönəlik tədbirlərdə, təkliflərdə özünü açıq biruzə verir. Məsələn, kiminsə ağlına gəlir ki, Bakının mərkəzində Cümhuriyyət Parkı salınsın.Burada heçbir məntiq yoxdur. Müasir Azərbaycan Xalq Cümhuriyyətin varisidirsə, belə bir addıma nə ehtiyac var? Azərbaycan başdan ayağa elə Cümhuriyyət Parkıdır. Bakı Dövlət Universitetinə Rəsulzadənin adının verilməsinə gəlincə, bu fikir vaxtaşırı səslənir,amma heç zaman birmənalı qarşılanmır. Çünki arqument yetərli deyil. Bu təklifi irəli sürənlər universitetin Cümhuriyyət dövründə yarandığına istinad edirlər. Bu arqumünt özünə qarşı daha ciddi əks arqument qazandırır. Ona görə də mən Cümhuriyyət dövrünə və onunyaradıcılarına kompleks şəkildə yanaşmanın tərəfdarıyam.

-Mövzuyla ilgili başqa bir təklif də zaman-zaman səslənir. Bu da Rəzulzadənin nəşinin Bakıya köçürülməsiylə bağlıdır...

-Təəsüf ki, bu təklifin özündə də təsərrüfatçılıq meyli var. Təbii ki, Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixinə, onun qurucularına, onların xatirələrinə, irsinə və məzarlarına sahib durmalıdır. Ancaq bəzi suallar yaranır. Nəyə görə heç kim demir ki, Topçubaşovun məzarını Bakıya köçürmək lazımdır. Axı Ankara ilə müqayisədə Paris daha uzaqdır. Ankara qürbət deyil, amma Parisin Sen Klu məzarlığı qürbətdir. Bəlkə bu prosesə qürbətdən başlamaq daha ədalətli olardı. Bəs Ceyhun bəyin məzarı necə olsun? Onu necə yaddan çıxarmaq olar? Bu bir dövlətçilik məsələsidir. Cümhuriyyət qurucularının məzarlarıyla bağlı yalnız ümumi bir qərar haqqında düşünmək lazımdır. Dövlətçilik və tarixilik baxımdan ən düzgünü də belə bir addım olardı...

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Vətəndaş 2020-03-06 15:47:44

Bunu seçki adlandırmaq olarmı?4 dairəMSK buraxılmalı və sçki ləğv edilməli idi..70-dən artıq SM-nin nəticəəri ləğv edilib.

Mübariz 2020-03-06 08:34:39

Alqışın təkəbbürlülüyü onu məhv etdi.,,,,

Son yazılar