“MİLLİ VALYUTANI QORUMAQ HƏR BİRİMİZİN VƏZİFƏSİ OLMALIDIR” - “Böhranlara bir şans kimi baxmaq lazımdır”

Professor Zahid Məmmədov: “Böhran islahatların katalizatorudur. Bütün dünyada ciddi islahatların əsası böhrandan başlayır”

“Koronavirus epidemiyasının təsiri ilə yaranmış vəziyyət də dünyanın iqtisadi düzəninə yenidən baxmağı tələb edir”

Son aylar koronavirus epidemiyasının yayılmasının dünya iqtisadiyyatını ciddi böhrana sürüklədiyinə dair fikirlər səslənir. Xüsusən də fond birjalarında yaranmış durumun yeni maliyyə böhranına səbəb olacağı bildirilir. Bunun nəticəsi olaraq neftin qiymətinin getdikcə düşməsinin, ölkəyə gələcək turistlərin səfərlərini təxirə salması Azərbaycan iqtisadiyyatı üçün də müəyyən problemlər yaradacağı istisna edilmir. Bu və digər məsələlərlə bağlı tanınmış maliyyəçi alim, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun fikirlərini öyrəndik. Onunla müsahibəni təqdim edirik.

- Professor, koronavirus epidemiyasının sürətlə yayılması iqtisadiyyata öz təsirini göstərməyə başlayıb. Çində iqtisadi artım sürətinin xeyli aşağı düşməsinin, ölkələr arasında ticarət əlaqələrinin məhdudlaşdırılmasının, iri müəssisələrin fəaliyyətlərinə ara verməsinin, turizm obyektlərinin demək olar ki, müştərisiz qalmasının yeni və ciddi bir maliyyə böhrana səbəb olacağı gözlənilir. Siz bu haqqda nə fikirləşirsiniz?

- Koronavirus epidemiyası, əlbəttə, iqtisadiyyata da müəyyən təsir göstərir, problemlər yaradır. Ancaq indidən bunun ciddi maliyyə böhranına səbəb olacağını söyləməyi doğru hesab etmirəm. Maliyyə böhranının ola biləcəyini söyləmək üçün bu istiqamətdə uzun müddətdir tədqiqatlar aparmaq lazımdır. Çox təəssüf ki, bəzən maliyyə böhranı barədə anlayışı olmayanlar belə bu məsələyə münasibət bildirirlər... Maliyyə böhranının komponentləri var. Bunlar bank böhranı, valyuta böhranı, fond böhranı, borc böhranıdır. Bu 4 komponent üzrə sistemli şəkildə böhran yarandıqda maliyyə böhranlarına gətirib çıxardır. Bu da eyni zamanda maliyyə aktivlərinin dəyərsizləşməsi və sistemli maliyyə kredit institutlarının iflasıyla sonuclanır. Maliyyə böhranlarının tarixinə baxdığımızda 1875-də, 1929-1933-cü illərdəki böyük depressiya dönəmində Amerikada, 1997-1998-ci illərdə Cənubi-Şərqi Asiyada, 2001-ci ildə də Türkiyədə, 2007-2008-ci illərdə Amerikada başlayan maliyyə böhranları epidemik şəkildə, infeksion xarakter alması nəticəsində böyük coğrafiyada, bəzən bütün ölkələrə yayılması müşahidə olunub. Mən bununla əlaqədar bir neçə kitab yazmışam. Hazırda dünyanın ən böyük kitabxanalarında bu kitablardan istifadə edilir. “Maliyyə böhranlarının anatomiyası” adlı rus dilində nəşr olunan kitabımda mən ilk dəfə böhranın infeksion xarakterli olmasını qeyd etmişəm. Yeri gəlmişkən, buna görə 2007-ci ildə Rusiya Banklar Birliyinin mükafatına layiq görülmüşdüm. İndi müzakirə etdiyimiz mövzuya gəldikdə isə, bildiyiniz kimi, yaranmış problemin səbəbi iqtisadiyyatla bağlı deyil. Tibbdə baş verən, insanların sağlamlığına təhlükə yaradan problem iqtisadiyyata da təsir edir. Zatən biz bütün böhranlara baxsaq, onların böyük hissəsi fundamental iqtisadi deyil, daha çox psixoloji amillərlə bağlıdır. Ona görə də böhranları aradan qaldırmağın yolu cəmiyyətdə islahatların başlanılmasına əsaslı inam və etimad sistemini yaratmaqdır.

- Yəni, düşünürsünüz ki, böhranın dərinləşməməsi üçün təcili islahatlara başlamaq lazımdır...

- Elədir. Ümumiyyətlə, düşünürəm ki, böhranlar bir şansdır. Mən öz kitabımda da yazıb əsaslandırmışam ki, böhran islahatların katalizatorudur. Bütün dünyada ciddi islahatların əsası böhrandan başlayır. Hansı ki, bu islahatlar həm də insanın həyat keyfiyyətinin daha da yüksəlməsinə yönəlməlidir. Son hadisələr də göstərdi ki, insan sağlamlığı daha böyük iqtisadi gücdür. Bugün Çin dünyada iqtisadi cəhətdən inkişaf etmiş, amma sağlamlıq sahəsində sorumluğu olan bir ölkə olduğu üçün belə bir problemlə üz-üzə qaldı. İtaliya iqtisadi cəhətdən inkişaf etmiş, amma səhiyyə sahəsində problemlər olduğundan epidemiyadan ən çox əziyyət çəkən ölkələrdən birinə çevirilib. Rusiyanın özündə bu gün maskalar tapılmır. Deməli, böhranlar bəzi hallarda ölkənin iqtisadi problemləri ilə yanaşı, onun sosial problemlərini də göstərir. Ona görə də, böhranlara həmin problemləri təyin və həll etmək üçün bir şans kimi baxmaq lazımdır. Bəzən məhz bu zaman əhalinin həyat səviyyəsinə təsir göstərən problemlər ortaya çıxır. Təcrübə göstərir ki, bəzi dövlətlərdə, özəlliklə köhnə Sovet respublikalarında ölkənin iqtisadi inkişafı haqda müəyyən statistik göstəricilərə əsasən fikir yürüdülür. Məsələn, bir ölkədə maşınların sayına baxaraq, ölkənin inkişaf etməsi haqqında danışmaq yanlışdır. Və ya bəzi ərəb ölkələrində otellərin sayına, miqyasına görə yüksək inkişafın olduğu bildirilir. Məgər bu, əhalinin həyat səviyyəsini, ölkənin inkişafını təyin edən göstəricidir? Əlbəttə, xeyr! Bu ölkələrdə mədəniyyətin səviyyəsi nə dərəcədədir? Bu ölkələrdə adam başına düşən kitab sayı nə qədərdir? Bu ölkələrdə elmi nəşrlərin səviyyəsi nə səviyyədədir? Universitetlərin təsiretmə gücü nə səviyyədədir? Müasir dövrdə inkişafı təyin edən göstəricilər bunlardır. Ona görə də, bütövlükdə dünya əhalisinin həyat səviyyəsini yüksəldən göstəriciləri inkişaf etdirmək lazımdır. Elə koronavirus epidemiyası da bir növ insanların tamahkarlıqdan əl çəkməsinin zəruri olduğunu göstərir. Yalnız özünüz deyil, ətrafı da düşünmək lazımdır. Siz iqtisadi cəhətdən güclüsünüz, hər şeyə sahibsiniz, ancaq bu, bəzən sizi xilas etmir. Əgər ətrafında olan insanlar xəstədirsə, sən nə edəcksən? Ətrafında xəstə olan insanlar səni də bu xəstəliyə yoluxduracaqsa, sənin o zənginliyin nə ifadə edir? Ona görə insan sosial məsuliyyəti paylaşmalıdır. İnsanların bərabər yaşamaq haqqı var. Necə ki, havadan hamının bərabər istifadə etmək hüququ var, eləcə də Allahın verdiyi nemətlərdən insanların bərabər şəkildə istifadə etməsinə şərait yaradılmalıdır. Bu, bir növ müasir dövrdə yeni çağırışdır. Elə epidemiyanın təsiri ilə yaranmış vəziyyət də dünyanın iqtisadi düzəninə yenidən baxmağı tələb edir.

- Koronavirus epidemiyasının iqtisadiyyatda yaratdığı durğunluq neftin qiymətinin də kəskin aşağı düşməsinə səbəb olub. Eyni zamanda turizmə ciddi zərbə vurub. Bunun da Azərbaycana manatın məzənnəsinə mənfi təsir göstərə biləcəyi vurğulanır. Sizcə manata təhlükə varmı?

- Bilirsiniz, düşünürəm ki, bu mövzunu çox müzakirə etmək, ümumiyyətlə, doğru deyil. Çünki belə müzakirələr psixoloji olaraq insanları daim gərginlikdə saxlamağa və nəticədə maliyyə bazarında bir xaosun yaranmasına səbəb ola bilər. Elə 2014-2015-ci illərdə devalvasiyanın baş verməsinin bir səbəbi də, Azərbaycan manatına o qədər də ciddi təhlükə olmadığı halda KİV-də bu mövzunun ağırlıqlı olaraq müzakirəyə çıxarılması oldu. Durmadan bu mövzular ətrafında müzakirələr getdi. Hətta devalvasiya barədə anlayışı olmayanlar belə maliyyəçi ekspert kimi fikirlər bildirirdilər. Nəticəsi də məlumdur. Ona görə də, hesab edirəm ki, bu mövzuda ajiotaj yaradan xəbərlərin yayılmasından, müzakirələrdən qaçmaq lazımdır. Tam tərsinə, inam və etimadı saxlamaq lazımdır. Milli valyutanı qorumaq yalnız hökumətin deyil, hər birimizin vəzifəsi olmalıdır.

1997-ci ildə Cənubi Koreyada böhran baş verəndə, bu ölkənin pul vahidi olan von dəyərsizləşəndə, xalq öz pul vahidini gücləndirmək üçün səfərbər olmuşdu. Hətta Amerikada oxuyan tələbələr geri döndülər ki, biz öz pul vahidimizi gücləndirməliyik. Dedilər ki, istəmirik ki, bizim valideynlərimiz əldə etdikləri gəlirləri dollara çevirib bizə göndərsinlər. Vonu gücləndirmək üçün xalq və hökumət bərabər çalışdı. Və ya başqa bir misal: Almaniyada 1970-ci illərdə böhran olanda, beynəlxalq maliyyə təşkilatları onların şirkətlərinə kredit verməzdən qabaq şərt qoydular. Bildirdilər ki, kredit verəcəyik, amma işçiləri ixtisar eləməlisiniz. Almanlar dedilər ki, biz bunu edə bilmərik. “Mersedes”i satışa çıxarmaq məcburiyyətində qalmışdılar. Almanlar dedilər ki, biz ölkəmizin milli qüruru olan avtomobil sənayemizin nəhəng şirkətini heç kimə verə bilmərik. Və insanları ixtisar etməmək üçün 8 saatlıq iş gününü 2 yerə böldülər. 4 saat-4 saat bərabər çalışaraq vəziyyətdən çıxmağın yollarını axtardılar. Çıxdılar da. Cənubi Koreyadan başqa bir faktı xatırladım. Bu ölkədə böhran olanda şirkətlərin baş direktorları özləri məhsullarının satışını təmin etmək üçün bazarlara çıxdılar. İnsanların toplandığı kütləvi yerlərdə çıxış edib iş yerlərini saxlamaq üçün əhalini milli malları almağa çağırdılar. Biz də özümüz milli pul vahidimizi gücləndirməyin qayğısına qalmalıyıq. Lazım olmadığı halda, gedib xarici valyuta almamalıyıq. Turizm sektorunun ziyan görməməsi, valyutamızın xaricə axmaması üçün istirahətlərimizi, tətillərimizi Azərbaycanda keçirməliyik. Yəni, manatın güclənməsi, iqtisadiyyatımızın zərər görməməsi üçün bərabər çalışmalıyıq. Ancaq təəssüf ki, bəzi KİV-lər, adını ekspert qoyanlar bunun tam əksini edir. İndidən bəzi KİV-lərdə əhalin tətili xarici ölkələrdə keçirməyə həvəsləndirən kampaniyalar aparılır. Nə ehtiyac var buna? Koronavirusla bağlı İtaliyaya turist səfərləri azaldığından, italyanlar öz muzeylərinə özləri biletlər alırlar. Öz daxili turizmini inkişaf etdirmək üçün italyanlar tam dəstək dururular. Biz niyə buna dəstək olmayaq? Xarici ölkələrə gedən valyutalar Azərbaycan iqtisadiyyatından gedir. İndi Azərbaycan turizmini dəstəkləmək lazımdır. Həm dünyada yayılan epidemiyadan qorunmaq, həm də milli valyutamızı qorumaq üçün biz də tətilimizi vətənimizdə keçirməliyik. Bizim turizm sektorunda fəaliyyət göstərən iş adamları da qiymətləri Azərbaycan vətəndaşının gəlirinə və cibinə uyğun təyin etməlidirlər. Yəni, fədakarlığı yalnız vətəndaşlar deyil, iş adamları da etməlidir. Çox təəssüf ki, bəzi iş adamları fədakarlıq deyil, fürsətçillik edərək, əhalinin cibinə girməyə çalışırlar. Məsələn, bu günlərdə tibbi maskaların qiymətini artıran möftəkirləri, saxtakarları gördük. Bunu edən adamların vicdanına şübhə edirəm. Belə hallara yol vermək olmaz. Biz ölkəmizin inkişafına birlikdə çalışmalıyıq. Azərbaycanda turizmin inkişafı ilə əlaqədar ciddi tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, biz panikaya düşüb gərəksiz yerə xarici valyuta almasaq, bu dövrdə daha çox daxili turizmə üstünlük versək, manata olan təzyiq xeyli azalar. Ümumiyyətlə də, hesab edirəm ki, Azərbaycanın kifayət qədər böyük həcmdə valyuta ehtiyatı və güclü iqtisadiyyatı olduğundan belə epizodik problemlər manata hər hansı təhlükə yarada bilməz.

- Zahid müəllim, koronavirus təhlükəsi məktəblərin və universitelərin müəyyən müddət bağlanmasına səbəb olub. Bəzi ölkələrdə təhsilə ara verməmək üçün distant təhsildən istifadə olunur. Sizcə, Azərbaycanda da distant təhsilin tətbiqinin zamanı çoxdan çatmayıbmı?

-Əlbəttə, Azərbaycanda rəqəmsal iqtisadiyyatla əlaqədar ciddi işlər gedir. Ölkə Prezidenti Davos Forumunda çıxış etdikdən sonra Forumun regional mərkəzinin Azərbaycanda fəaliyyət göstərməyi haqqında qərar verildi. Biz rəqəmsal iqtisadiyyat deyəndə sadəcə iqtisadiyyatın deyil, həm də rəqəmsal cəmiyyətin də inkişafı üçün gərəkli addımlar atırıq. O cümlədən, rəqəmsal təhsil, rəqəmsal elmin inkişafı üçün gərəkli addımlar atılır. Onu da nəzərinizə çatdırım ki, fevral ayının 13 və 14-də ilk dəfə Azərbaycanda rəqəmsal iqtisadiyyat mövzusunda 60-dan çox ölkənin, 100-ə yaxın universitetlərin professor-müəllim heyətinin iştirakı ilə UNEC-də beynəlxalq konfrans keçirildi. Biz orda beynəlxalq bəyannamə qəbul etdik, Beynəlxalq bəyannaməni imzalayanlar arasında məşhur universitetlərin, şirkətlərinin nümayəndələri də var. Biz bu gün rəqəmsal ixrac məhsulları haqqında danışırıq. Biz Azərbaycan olaraq Qazaxıstana, Türkmənistana, ətraf regionlara, Həştərxana, yəni Rusiyaya rəqəmsal məhsullar ixrac edirik. Bu çərçivədə biz təhsilimizi də rəqəmsallaşdırmaq, distant formatda təşkil etmək imkanımız var. Əvvəllər müəllim tək idi, biliyin daşıyıcısı kimi monopolist idi. Müəllim danışırdı və o bilgini tələbəyə verirdi. Bu günkü rəqəmsal cəmiyyətdə, elmdə isə seçənəklər çoxdur. Tələbə istədiyi, arzuladığı professorun mühazirəsini dinləyə bilər. Bu gün müəllim tələbəyə elmin axtarışlarında dəstək olmalıdır. Bunun üçün isə distant təhsilin tətbiqinə ehtiyac var. Mən hesab edirəm ki, bunun üçün bütün gərəkli imkanlarımız var. Mən çox ölkələrdə oluram. Bu yaxınlarda mən Türkiyədə olarkən, tanıdığım bir müəllim Almaniyadan gəlmişdi. Türkiyədə olduğu sırada o dedi ki, müəyyən saatlarda, tələbələrinə məsləhət verəcək. Yəni, Türkiyədə olsa da, distant olaraq tələbələrinin suallarını cavablandırırdı. Tələbə onu maraqlandıran sualları müəllimlə müzakirə edə bilirdi. Ümumiyyətlə, müasir dövrdə tələbəni bütün fənlər üzrə 1 saat mühazirə dinləmək üçün auditoriyaya gətirməyə ehtiyac yoxdur. Əgər onu maraqlandıran suala o evindən, işindən də rahatlıqla cavab ala bilərsə, buna nə ehtiyac var? Rəqəmsal iqtisadiyyat çərçivəsində hesab edirəm ki, artıq distant təhsilin tətbiqinin zamanı gəlib çatmışdır. Rəqəmsal təhsilə keçidlə əlaqədar çox ciddi konsepsiya hazırlanmalıdır. Əlbəttə, bütün dərsləri distant şəkildə demək olmaz. Bəzi fənlər var ki, çox ciddi praktik, nəzəri, fundamental məsələlərin müzakirəsi tələb olunur. Onlar diskussiya tələb edir, müzakirələr tələb edir, auditoriya mədəniyyəti tələb edir. Belə fənlər auditoriyada keçilməlidir. Bu gün bizim cəmiyyətdə, o cümlədən televiziyalarda, mediada problemlərdən biri də insanlarımızın sual verməkdə və suala cavab verməkdə çətinlik çəkməsidir. Onu son vaxtlar konfranslarda da görürəm. Bəzi professorlar belə nə sual verməyi, nə də sualı cavablandırmağı bacarırlar. Bəzən verdikləri sualları özləri də başa düşmür. Bu baxımdan kommunikativ əlaqələrin gücləndirilməsi çox vacib şərtlərdən biridir. Ancaq eyni zamanda rəqəmsal iqtisadiyyatın üstünlüklərindən istifadə edərək, tələbələrin distant formada təhsil almasına da şərait yaradılmalıdır. Bununla tələbələr həm də eyni vaxtda bir-neçə ixtisası öyrənə bilər. Məsələn, tutaq ki, maliyyədə oxuyursa, eyni zamanda işlətmə ixtisasına sahib ola bilər. Yəni bunları çox rahat şəkildə təmin etmə imkanımız var. Rəqəmsal konfransın Bakı bəyannaməsində də bu haqda qeyd etmişik. Biz onu müvafiq dövlət qurumlarına göndərmişik. İnanıram ki, bu istiqamətdə ciddi çalışmalar olacaqdır.

- Professor, son günlər əsas müzakirə olunan məsələlərdən biri də əmanətlərin sığortalanması sahəsində yaranmış vəziyyətdir. Bildiyimiz kimi, martın 1-də banklardakı əmanətlərin dövlət tərəfindən sığortalanması başa çatıb. Mərkəzi Bankın sədri əmanətlərin tam şəlildə sığortalanmasına artıq ehtiyac olmadığını bildirib. Ancaq Banklar Assosiasiyası müddəti ən azı dekabr ayınadək uzatmağı təklif edir. Siz necə fikirləşirsiz?

- Əgər biz dünya təcrübəsinə baxsaq görərik ki, 1929-1933-cü illərdə olan böhrandan sonra Amerikada əmanətlərin sığortalanması ilə bağlı fondun yaradılması gündəmə gətirildi. Bunun məqsədi o idi ki, hər hansı situasiyada əmanətçilərin panikaya düşməməsinin qarşısı alınsın. İnsanların rahat yaşaması, bankçılıq sisteminə inam və etimad gətirmək üçün belə bir mexanizm yaradıldı. Bu sistem hazırda dünyanın 200-dək ölkəsinin, demək olar ki, hamısında uyqulanmaqdadır. Əgər bu lazımsız bir sistem olsaydı, ondan bu qədər dövlət istifadə edərdimi? Yadımdadır, bir ara bu məsələ ilə bağlı Avropa Birliyində problem yaranmışdı. 2007-2008-ci illərdəki böhran zamanı bəzi Avropa Birliyi ölkələri elan etdi ki, biz 100 min avroya qədər deyil, limitsiz bütün pul əmanətlərini sığortalayacağıq. Onda Avropa Birliyində bunun əleyhinə çıxdılar ki, axı biz vahidik, bunu eləməyin. Razılaşmadılar, dedilər ki, biz vətəndaşımızı qorumaq zorundayıq. Buna görə düşünürəm ki, Azərbaycanda da əmanətlərin qorunması davam etdirilməlidir. Əlbəttə, şərtlərə, vəziyyətə uyğun olaraq hansı həcmdə əmənətin qorunması ilə bağlı qərar verilə bilər. Biz bu gün baxmalıyıq, əmanətimiz nə qədərdir. Bu əmanətlərimiz kreditlərdə nə qədər istifadə edilir? Verilmiş kreditlər hansı sahələrdə istifadə olunur? Azərbaycanın iqtisadiyyatının inkişafında ya xarici ölkələrdə istehsal olunan maşınların və ya mebellərin alımında? İstehlak kreditində, yoxsa istehsal kreditində? Bütün bunlar çox ciddi tədqiqata əsaslanır. Bu tədqiqatlardan sonra hansı həcmdə, neçə faizlə banklara qoyulan əmanətlərin qorunması barədə əsaslandırılmış qərar vermək olar. Təəssüf edirəm ki, bu sahədə danışanların bir çoxu heç bir tədqiqata əsaslanmırlar. Biz onların deyil, bu sahədə uzun illər elmi tədqiqatlar aparmış, təcrübəsi olan şəxslərin fikirlərinə önəm verməliyik. Mən burada akademik Ziyad Səmədzadənin adını xüsusi qeyd etmək istərdim. O, doğrudan da, azsaylı adamlardan biridir ki, həmişə ifadə etdiyi hər bir fikrin arxasında tədqiqatı, uzun illərin təcrübəsi dayanır. Tədqiqatsız fikirlərin söylənilməsi elmə qarşı sayğısızlıqdır. Tədqiqatlara əsaslanmayan fikirlərin söylənilməsi yalnışdır. Ziyad müəllimin adını mən elə-belə çəkmədim. Ziyad müəllim ifadə etdiyi hər bir fikri elmi cəhətdən əsaslandırır. Məsələn, onun hazırda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə can atmasının doğru olmadığına dair fikirlərini qeyd edə bilərəm. Tam elmi şəkildə əsaslandırmış fikirlərin Azərbaycanda belə gözəl örnəklər var. Elmə əsaslanan praktik-nəzəri biliklərə malik insani ekspert kimi çıxış edə bilər. Yəni ekspert deyəndə mən Ziyad müəllimi nəzərdə tuturam. Həm nəzəri biliyə sahibdir, həm praktiki biliyə. Həm də öz fikirlərini elmi cəhətdən əsaslandırmağı bacarır. Məsələn, adam var ki, çox güclü elmi var, amma əsaslandıra bilmir. Yalnış deyir. Ziyad müəllimin parlamentdəm olması sevindirici haldır. Belə yüksək potensiala malik alimlərin sayəsində qanunvericiliyin daha mükəmməl hazılanması, doğru qərarların verilməsi mümkündür. İnanıram ki, əmanətlərin sığortalanması ilə bağlı da Milli Məclis düzgün qərar qəbul edəcək. Ancaqbir daha qeyd edirəm ki, bütün ifadələrtədqiqata əsaslanmalıdır. Tədqiqata əsaslanmayan fikirlər səslənməsi qəbuledilməzdir. Mən Əmanətlıərin Sığorta Fondu haqqında 2005-dən bu günə tədqiqatlar aprmış, elmi əsərlər yazmışam. Amma Fonddan indiyə qədər hər hansı sifariş almamışam. Ancaq düzgün qərar verə bilmək üçün bu sahədə tədqiqat aparan alimlərin fikirlərini öyrənmək lazımdır.

-Prezident son çıxışlarında da iqtisadiyyatın elmi əsaslarla inkişafının zəruri olduğunu bildirib, nazirliklərə fəaliyyətlərini bu istiqamətdə qurmağı tövsiyyə edib

- Tamamilə doğrudur. Hər bir dövlət qurumu fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalıdır. Ancaq təəssüf ki, bu sahədə hələ də problemlər var. Mən bu gün internetin sürətini dəyişmək üçün 4 dənə ərizə yazmalı oldum. Dəhşətə gəldimki XXI əsrdə internetin sürətini dəyişmək üçün kağız variantda ərizə yazmalısan. Biz artıq əgər Davosun regional mərkəzində yerləşiriksə, rəqəmsal olaraq elm tutumlu sahələrin və texnologiyanın inkişafına xüsusi fikir verməliyik. Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafa uyğun olaraq əmək bazarının yeni tələblərinə uyğun kadr-mütəxəssislərin hazırlanmasını təmin etməliyik. Rusiyada indidən 2025-ci ildə hansı ixtisaslar tələb olunacağına dair tədqiqatlar aparılır. Nazirliyin sifarişi ilə. Və ya İstanbul universitetinə sifariş göndəriblər ki, 2030-cu ildə Türkiyənin əmək bazarında vəziyyət necə olacaq. Mən sual verirəm: bizdə belə tədqiqatlar aparılırmı? Bəs tədqiqat aparılmadan nəyin əsasında elanlar veririk, universitetlərə tələbə qəbul edirik? 2025-ci ildə də Azərbaycanda hansı ixtisaslar üzrə mütəxəssislərə tələb olacaq, bilirikmi? Biz bunların üzərində işləməliyik. Bu məsələdə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə böyük işlər düşür. Hesab edirəm, hörmətli nazir Sahil Babayev bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki bu çox vacidbdir. Ümumiyyətlə, iqtisadiyyatın rəqəmsallaşması çevik qərarlar qəbul edən mexanizmlər yaratmağı, fəaliyyətini elmi tədqiqatların nəticələrinə əsaslanaraq qurmağı tələb edir. Elmlə biznesin əlaqəsini formalaşdırmadan rəqabətədavamlı iqtisadiyyat qurmaq mümkün deyil. Prezident də məhz buna görə nazirliklərin qarşısında elmi tutumlu sahələrin inkişafını prioritet kimi qoyub. Bu, həm bugünün , həm də gələcəyim çağrışıdır.

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2020-03-09 19:40:27

Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər.

Mirzə 2020-03-09 18:30:16

UNEC professorunun şəhri yerində oldu. Panika ən böyük böhrandır.

Son yazılar