Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə barəsində yayılan xəbərlərlə bağlı mediaya müraciət edib. Xatırladaq ki, bloger Həbib Müntəzir paytaxtda və ölkənin müxtəlif bölgələrində xeyli sayda əmlak, bağ sahələri, otel və s. biznes obyektlərinin millət vəkilinə məxsus olduğunu iddia edib. Amma o konkret faktlar təqdim etməyib, yaydığı məlumatı eşitdikləri informasiyalar əsasında hazırladığını bildirib.
Qənirə Paşayeva H. Müntəzirin yalan və böhtan yaydığını bildirib, jurnalistləri adları çəkilən əmlaklarla bağlı ətraflı araşdırma aparmağa səsləyib: "Siyahıda göstərilən Bakı şəhərində 3 otaqlı evdən və illərdir yaşadığım Masazır kəndindəki bağ evimdən - hansı ki, bu evdə bir çox jurnalistlər olub, onun da dəbdəbəli villa olması yalandır, heç bir əmlakım yoxdur. İki evdən başqa araşdırın, görün, siyahıdakı evlər, bağ sahələri kimlərə məxsusdur. Tam məsuliyyətlə deyirəm, rayonlardakı bizneslərin, o cümlədən, Tovuzda otelin mənə, qardaşlarıma, bacıma bir sözlə, bizim ailəyə aidiyyatı yoxdır. Hansı jurnalist istəyir, o siyahını alıb araşdırsın, gerçəkləri ortaya çıxarsın. Bunu araşdırmaq çox asandır. Amma ondan sonra başda bu yalan siyahanı yayan, yalançı və böhtançı Həbib Müntəzir başda olmaqla onu tirajlayanların hamısı cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Yalanlara "artıq yetər!" deməyin zamanıdır. Mən illərlə gecə-gündüz onun üçün çalışmıram ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın".
Jurnalist kökənli olduğunu xatırladan millət vəkili, Həbib Müntəzirə də, prezidenti dəstəklədiyinə görə sosial şəbəkələrdə əlehinə yalanlar yayan trol ordusuna da cavab verməyə qabiliyyətinin çatdığını deyib: "Sadəcə onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyət üçün faydalı işlərə sərf etmək daha vacibdir. Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab verməlidir. O siyahıda göstərilən evimdən və bağımdan başqa nələrin mənə aid olduğunu deyirsiniz, onları sizə bağışlayaram".
Qeyd edək ki, Q. Paşayevə sosial şəbəkədəki qeydlərinin ardına Həbb Müntəzirin yaydığı siyahını da əlavə edərək jurnalistləri araşdırma aparmağa çağırıb.
AzPolitika.info


Şərhlər