Koronavirusun Çindən sonra ən çox yayıldığı və ölümlərə səbəb olduğu İtaliyada minlərlə azərbaycanlı tələbə təhsil alır. Martın 10-da onlardan 24 nəfəri Azərbaycana qayıdıb və 14 günlük karantin altına alınıb. Bəs İtaliyada qalan tələbələrin durumu necədir?
Boloniya Universitetinin tələbəsi Abbas Zeynallı "AzPolitika.info"-ya bildirib ki, yaranmış vəziyyətlə bağlı yaşadığı ərazini tərk edib: "Mən hazırda koronavirus təhlükəsinə görə yaşadığım Emilya-Romaniya bölgəsini tərk edib Umbriyaya gəlmişəm. Çünki İtaliyada Lombardiyadan sonra virusun ən geniş yayıldığı ərazilərdən biri oradır".
A.Zeynallı qeyd edib ki, Baş nazirin sonuncu sərəncamı ilə bütün iaşə obyektləri bu gündən bağlanır, yalnız marketlər və bəzi çatdırılma xidməti ilə məşğul olan restoranlar açıq qalacaq: "Marketlərdə qıtlıq müşahidə olunmur, amma insanlara tövsiyə edirlər ki, marketlərə 5-10 nəfərdən çox olmamaqla girmək və biri-birilə 1 metr məsafə saxlamaq lazımdır".
Həmsöhbətimiz bildirir ki, universitetlərdə təhsil 90 faz bərpa olunub, tədris distant formada davam etdirilir: "Ümumilkdə universitetlərdə 4 minə yaxın dərs keçirilir. Bir həftədir ki, distant təhsil modeli qurulub, inkişaf etdirilir və yaxın günlərdə yüz faiz bütün dərslər bu sistem vasitəsi ilə keçiriləcək".
Abbas Zeynallı deyir ki, Azərbaycanın Romadakı səfirliyi dünən tələbələrə sorğu paylayıb: "Orada Azərbaycana qayıtmaq haqqında soruşulur, anketi dolduranlarla xüsusi təyyarə ilə ölkəyə aparılır və şübhəsiz ki, orada karantin altında saxlanacaqlar. Bildiyim qədər, getmək istəyən tələbələrin sayı az deyil".
AzPolitika info


Şərhlər