ÖLKƏDƏ “ÖZ İSTƏYİLƏ İŞLƏMƏYƏN” 1 MİLYON ADAM VAR?! – Azərbaycanda qeyri-leqal məşğulluğun səviyyəsi nə qədərdir?

Bu günlər mediadan ən çox eşitdiyim sual hökumətin əhaliyə mümkün yardım formaları ilə bağlıdır. Bu sual niyə aktualdır? Çünki ölkədə yüksək səviyyədə qeyri-leqal məşğulluq var - nə qədər adamın real olaraq uçotsuz işlədiyi bəlli deyil”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev ölkədə məşğulluğun səviyyəsi ilə bağlı statistik məlumatları təhlil edərkən bildirib.

Ekspertin sözlərinə görə, dünyanın normal ölkələrində iqtisadi fəal əhalinin ən azı 85-90%-i əmək müqaviləsi ilə çalışır, 6-10%-i işəgötürən və sahibkar statusunda olur, ən yaxşı halda 3-4%-i sığortasız-müqaviləsiz işçi olur. Ona görə də belə ölkələrdə şəffaf və ünvanlı şəkildə ehtiyacı olanlara büdcə dəstəyi problem deyil.

R. Ağayev qeyd edib ki, Azərbaycanda müqaviləli çalışanlar 35%-dir: Davamlı xidmət müqavilələri və işəgötürən statusu ilə rəsmi qazancı və işi olanlar maksimum 15%-dir. Bu 2 kateqoriya iqtisadi fəal əhalinin tam 50%-ni edir - təxminən 2,4 milyon nəfər.

2,5 milyon nəfərə yaxın iqtisadi fəal əhali qeyri-rəsmi məşğul əhali sayılır - pensiya və tibbi sığortası yox, belə ekspermal stiuasiyalarda dövlətdən dəstək alaraq sosial risklərdən qorunmaq mexanizmləri yox. Bu təbəqənin ən böyük hissəsi - 70%-i (1.8 mln. nəfər ) aqrar sektorun "dəftərin"ə yazılır.

Yazılır ona görə deyirəm ki, bu adamların xeyli hissəsi islahat vaxtı pay torpağı alsa da, sonaradan torpağını satıb, amma statisitika illərlə bu insanları elə aqrar sahədə məşğul kimi göstərməkdə davam edir.

Yaxud 1 yaşı olanda sovxoz-kolxoz islahatı zamanı ailəsilə birlikdə torpaq payı olan körpə böüyüb 18-20 yaşa çatıb, heç biri işi yoxdur, amma həmin, məsələn, 30 sot torpağa görə dövlət onu işsiz saymır. Halbuki bu adam 30 sotda nə becərsə (neft və qızıl hasilatı istisna), heç aylıq minimum maaşın yarısı qədər də qazanc götürə bilməz.

Ona görə hökumətin görə biləcəyi ilk işlərdən biri də bu olmalıdır - hansı ölçüdə kənd təsərrürfatı təyinatlı torpaq sahəsi olduğu halda əmək qabiliyyətli şəxs işsiz sayıla bilməz. Mənə görəən azından ailə-kəndli təsərrüfatında adambaşına torpaq sahəsi 1 hektar olduğu təqdirdə həmin ailədə olan əmək qabiliyyətli şəxsləri məşğul saymaq, işsizlik statusu olmayan fərdlər kimi qəbul etmək mümkündür”.

Ekspertin qənaətincə, aqrar sektorda, xüsusilə bitkiçilikdə qeyri-rəsmi muzdla çalışanlar ilin ən yaxşı halda yarısını işləyə və gəlir əldə edə bilirlər: Ona görə onları ilboyu məşğul saymağın özü doğru deyil. Hələ onu demirəm ki, ölkədə statistikanın "öz istəyilə işləməyən" kimi uçota alıdığı, əmək qabliyyətli yaşında 1 milyon nəfərə yaxın iqtisadi qeyri-fəal əhali var”.

Rövşən Ağayev ikinci vacib məsələnin "kimdir yoxsul" sualına doğru cavab tapmaq olduğunu düşünür: “Monetar yoxsulluq ölkədə gerçək yoxsulluğu üzə çıxarmağa, real dəstəyə ehtiyacı olanlara aşkarlamağa imkan vermir. Bu cür ölçmə ya gəlirlərə, ya da xərclərəəsasən yoxsulluğu ölçür - yəni hər 2 halda pul ifadəsində.

Ola bilər, biz minimum təsdiqlənən xərclərimizi bir yolla ödəyə bilirik - fərqli yoxdur, özümüz işləyərək, ya davamlı dost-tanış yardımı alaraq. Amma yoxsulluğun gerçək miqyasını "çoxmilli yoxsulluq" ölçmə üsulu vasitəsilə aydınlaşdırmaq olur.

Bu halda bizim monetar yoxsulluq səviyyəmizdən əlavə kommunal, rabitə və sosial xidmətlərəəlçatanlğımız, bu xidmətlərin istehlak səviyyəsi, mənzillə təminat səviyyəmiz kimi göstəricilər, götürdüyümüz kreditləri ödəyə bilib-bilməməyimizlə bağlı maliyyə-kredit təşkilatlarının məlumatları da ev təsərrüfatlarının yoxsulluq səviyyəsini ölçməyə imkan verir”.

Ekspert deyir ki, məsələn, təkcə elə qaz və elektrik enerjisi istehlakı, mənzil ölçüsü çoxmilli üsulla dəstəyə ehtiyacı olan yoxsulların əhatə dairəsini müəyyənləşdirməyə yardımçı olar: “Ümid edirəm, virus kabusundan götürlən ən böyük dərslərdən biri də işsizlik və yoxsulluğun ölçülməsi üçün yeni metoloji bazanın yaradılması olacaq”.

AzPolitika.info

635x100

Şərhlər

mühəndis 2020-03-31 19:45:41

Bu necə ola bilir ki.insan öz xahişi ilə işləmir? Bunu başa düşmək mümkün deyil.Sadəcə birada bir səbəb ola bilər ki, ali thsilli insanlar küçə süpürmək.daş daşımaq,arzusunda deyillər və istəyirlər ki.ixtisaslarına uyğun iş tapsınlar.Belə işlərsə yoxdur.

t.ədalət 2020-03-31 06:21:34

Bakı şəhərində yaşayan,YAP-ın üzvü olmayanlara da iş verilmir.Bütün əhalini elektron nəzarətə götürüblər.....

yalçın 2020-03-30 17:08:19

bu ölkədə dünyada və tarixdə analoqu olmayan uydurma, qondarma bir termin icad ediblər - işaxtaran..sözə bir bax ey..insan ya işli ya işsiz olar da.. bəs bu nədir?

Son yazılar