Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahının koronavirus infeksiyasının yayılmasına qarşı tədbirləri davam edir. İndiki məqamda hökumətin atdığı addımlar da müzakirə edilir.
Professor Adil Qeybulla da mövzu ilə bağlı “Azadlıq” radiosuna deyib ki, Azərbaycanın müvafiq orqanları, o cümlədən də, Operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında hərəkət edir: “Əslində, həyata keçirilən sərt karantin tədbirləri təmas imkanlarını maksimum məhdudlaşdırılmasına yönəlib. Çin təcrübəsi göstərdi ki, infeksiyanın lokallaşdırılması istiqamətində bu addımlar çox mühim səciyyə daşıyır”.
Adil Qeybulla hələ geniş dezinfeksiya tədbirlərinin müşahidə olunmadığını xatırladaraq əlavə edib ki, ən mühüm məsələlərdən biri əyalətlərdə, kəndlərdə 65 yaşdan yuxarı tək insanların müdafiəsiz qalmalarıdır: “Düşünülməsin ki, kimsə, yəni yaxınları onlara yardım edəcək, düzgün yanaşma deyil. İndi sovet dövründə olduğu kimi cəmiyyətdə sosiallıq yoxdur. O baxımdan, dövlətin müvafiq strukturları rayonlarda bu işi qulaqardına vurmamalıdırlar. Çünki Operativ qərargahın qərarı var ki, həmin sosial müdafiəyə ehtiyacı olan həmin şəxslər birinci növbədə nəzarətə götürülməli, onların sosial müdafiəsi təmin edilməlidir. Sosial müdafiə heç də yaşlı insanlara yemək verilməsi deyil. Bu məsələ izah olunmalıdır. Bütün bunlar müəyyən mərhələlərdə diskoordinasiya olduğunu göstərir. Əlbəttə, infeksiya gözlənilmədən bütün dünya ölkələrini yaxaladı, hətta ən inkişaf etmiş dövlətlərdə belə problemlər yaşanır. Ancaq intizamlı görülmüş tədbirlər sübut edir ki, prosesi çərçivəyə salmaq olar. Məsələn, Almaniyada infeksiyanı lokallaşdırmağa doğru gedirlər, ölüm hallarının da sayı xeyli azdır”.
Adil Qeybulla hesab edir ki, əhalidən də çox şey asılıdır: “İnsanlar bəzən vəziyyətin təhlükəliliyini başa düşmürlər, karantin rejimini pozurlar. Ona görə tədbirlər sərt olmalıdır. Amma bununla yanaşı dövlət evdə oturan insanların sosial müdafiəsini düşünməlidir. Bəzi işlər görülür və deyilir, onlayn xidmətə keçmək kommunal xərclərin ödənilmsinin uzadılması. Sadəcə, bunlar sistematik və intensiv xarakter almalıdır. İlk növbədə dövlət evdə tək qalan insnaların durumu haqda düşünməlidir”.


Şərhlər