Gürcüstan hökuməti koronavirusun yayılmasını önləmək üçün gecə saatlarında komendant saatı tətbiq etmək qərarına gəlib. Baş nazir Georgi Xakariya martın 30-da mətbuat konfransında deyib ki, yeni koronavirus hallarındakı artım dinamikası həyəcan yaradır.
3,7 milyon əhalisi olan Gürcüstanda indiyədək 100 yoluxma halı aşkarlanıb, ölən olmayıb. Xakariya deyib ki, martın 31-dən başlayaraq axşam 9-dan səhər 6-dək komendant saatı qüvvədə olacaq. Bu müddətdə yalnız apteklər açıq olacaq.
Hökumət həmçinin “ümumi karantin” elan edib, sakinlərin yalnız vacib bazarlıq üçün evdən çıxmasına icazə verilir. Üç nəfərdən artıq adamın bir yerə yığışması yasaqlanıb, ictimai nəqliyyat dayandırılıb, yalnız taksilər işləyir, baş nazir deyib.
Ermənistan parlamenti isə özünütəcriddə olan koronovirus xəstələrinin məsafədən monitorinqinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib. Müxalifət bu addımı tənqid edir, gizliliyi pozduğunu bildirir.
Martın 16-dan Ermənistanda bir aylıq fövqəladə rejim elan olunub.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə koronovirusa 58 yeni yoluxma qeydə alınıb və ümumi yoluxmaların sayı 482-yə yüksəlib. 3 milyon əhalisi olan Ermənistanda 3 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Sözügedən qanun layihəsinin martın 31-də ikinci və yekun oxunuşda qəbulu gözlənir.
Yeni qanun layihəsi hakimiyyətə məcburi özünütəcrid rejimində olan xəstələrin yerinə nəzarət üçün telekommunikasiya texnologiyasından istifadəyə icazə verir. Xəstələrin mümkün kontaktlarını müəyyənləşdirmək üçün onların telefon zənglərindən və digər şəxsi informasiyadan da istifadə oluna bilər.
Ədliyyə naziri Rustam Badasyan layihəni parlamentə təqdim edərkən deyib ki, bu tədbir yalnız epidemiyayla bağlı fövqəladə vəziyyət müddətinə aid olacaq, telefon söhbətlərinə qulaq asmaq bura aid deyil.


Şərhlər