Menu

“Hafka” villasını boşaltmaqdan İMTİNA EDİR - FOTOLAR [Yenilənib]

01.10.2014, 14:03
“Hafka” villasını boşaltmaqdan İMTİNA EDİR - FOTOLAR [Yenilənib]

Hafiz Məmmədovun külli miqdarda borcunun olduğu bildirilir 

Məhkəmə icraçıları Hafiz Məmmədovun evinin qarşısını tərk edib.

Lent.az-ın məlumatına görə, məlum olub ki, ev Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olsa da, sənədlər mülkün Məmməd Xudayev adlı şəxsə aid olduğunu göstərib. Banka yaranmış borcu da məhz M.Xudayev ödəməli olduğundan məhkəmə qərardadı ilə icraçılar həmin evə gəliblər.

Bundan bir qədər sonra isə M.Xudayev "Mercedes S Class" markalı avtomobillə həmin ünvana, Teymur Əliyev küçəsinə gəlib. Burada icraçılarla borclu şəxs, eləcə də bank rəhbərliyi arasında mübahisə yaranıb.

Bank nümayəndələri M.Xudayevdən 280 min manat borcu ödəməyi tələb ediblər. M.Xudayev isə banka yalnız 200 min manat borcu olduğunu və bu məbləği elə bu gün ödəməyi hazır olduğunu deyib. Lakin bank nümayəndələri məbləğin artıq 3 aydan artıqdır ki, ödənilmədiyini və faizi ilə birlikdə 280 min manat olduğunu bir daha deyiblər.

Mübahisədən sonra həm M.Xudayev, həm məhkəmə icraçıları, həm də digər şəxslər ərazidən uzaqlaşıblar.

* * *

“Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına bu gün yenidən məhkəmə icraçıları və polis gəlib.

Modern.az saytının məlumatına görə, bu günə evi boşaltmağı vəd etmiş “Hafka” fikrini dəyişib.

Hazırda Nərimanov rayon Məhkəməsinin icraçıları polis əməkdaşlarının köməyi ilə villaya keçməyə cəhd edirlər. Villanın içində kifayət qədər böyük sayda mühafizəçilər cəmləşib və qapını açmaqdan imtina edirlər. Məhkəmə icraçıları isə malikanənin boşaldılmasını tələb ediblər.

Xatırladaq ki, dünəndən başlanan bu qalmaqalla bağlı H. Məmmədov məlumatlandırılıb və o, oktyabrın 1-dək vaxt istəyib və bu gün borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınmışdı ki, evin boşaldılması bu gün saat 12-yə qədər təxirə salınsın.

Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkəmə 300 min manat borcu qaytara bilmədiyinə görə onun əmlakının boşaldılması barədə qərar verib.

Bildirilir ki, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol