Xəbər verdiyimiz kimi, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Bu barədə “AzPolitika.info”ya açıqlama verən S.Əkbər bildirib ki, görüş ikilikdə keçib. Həm də gözlədiyindən daha uzun çəkib. Partiya sədrinin sözlərinə görə, görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, dövlət müstəqilliyinin bərpasında iştirakı olan şəxslərə münasibətdən tutmuş, demokratiya, insan haqları, siyasi məhbus probleminə qədər müxtəlif mövzuları müzakirə ediblər:
“İlk görüş idi və daha çox tanışlıq məqsədi daşıyırdı. Həm Ədalət Vəliyev, həm də mən müzakirə olunan məsələlərlə bağlı fikirlərimizi açıq şəkildə bildirdik. Qarşı tərəf siyasi rəhbərliyin təşəbbüsü ilə başladılan yeni siyasət haqqında ətraflı məlumat verdi. Mən də soruşdum ki, bu, kampaniya xarakteri daşıyır, yoxsa ortada siyasi iradə var, bu proses davamlı siyasətə çevriləcək? Birmənalı şəkildə bildirdi ki, bu, davamlı və dayanıqlı siyasət olacaq. Açığı, qiymət verməyi erkən hesab edirəm. Ehtiyatlı optimizmlə yanaşıb, inanmaq istəyirəm ki, həqiqətən davamlı və dayanıqlı siyasət olacaq. Çünki dünyada və regionda yaranmış vəziyyət, Azərbaycanın milli maraqları bunu tələb edir”.
S. Əkbər qeyd edib ki, görüşdə siyasi məhbus problemi üzərində ayrıca dayanıb, bu haqda detallı danışıb, təkliflərini səsləndirib: “Təkliflərin detallarına getmək istəmirəm. Çünki detalların açıqlanmasının işin xeyrinə olacağını düşünmürəm. Siyasi məhbus problemi üzərində xüsusi dayandığım məsələdir. Prezident Administrasiyasının şöbə müdirinə də açıq şəkildə dedim ki, artıq Azərbaycanda bu problemə son qoyulmalıdır. Əgər iqtidar-müxalifət, iqtidar-cəmiyyət münasibətlərində həqiqətən qarşılıqlı inam yaradılması istənilirsə, bu məsələ köklü şəkildə həll olunmalıdır. Bunun vaxtı çoxdan çatıb”.
Qeyd edək ki, S.Əkbərin rəhbərlik etdiyi partiya 2014-cü ildə yaradılsa da, 10 gün öncə dövlət qeydiyyatından keçib.


Şərhlər
Dialoqa AzDP s/məhbus problemini, A təmsilçisi hansı məsələni çıxarıb?
Sulhəddin bəy milli mənafe fikirləşən yoxdur. Hamısı milyonları milyardları korrupsiya talan yolu ilə oğurlayıb burada və xarici ölkələrdə biznesə daşınmaz əmlaka qoyub ofşor banklara yatırıblar. İndi də bir fikirləri bir amalları var. Oğurladıqlarını necə qorumaq burada qalanları necə çıxarmaq. Millət milli mənafe bunların heç vecinə də deyil. Veclərinə olsa idi uzun illər ərzində heç olmasa Qarabağı almaq üçün heç olmasa ciddi milli mənafeyə uyğun bircə addım atardılar. Atmadılar. Ancaq talan-qarətlə məşğul oldular. İndi də siyasi-iqtisadi uçurum qarşısındayıq.