Daxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi hadisəsi ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov “Report”un sorğusuna cavab olaraq bildirib ki, ilkin materiallar toplanıb və baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, “anews.az” xəbər portalının müxbiri Z.Qəmbərovun sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün DSMF-nin Gədəbəy rayon şöbəsində olarkən həmin şöbənin rəhbəri E.Xudaverdiyev və özünü onun sürücüsü kimi təqdim edən İ.Qələndərov tərəfindən döyülməsi, jurnalistin mobil telefonunun həmin şəxslər tərəfindən sındırıldığı barədə məlumat yayılıb.


Şərhlər
İnanmıram ki,jurnalistin döyülməsi ilə bağlı həqiqət gizlədilsin.Hər bir jurnalistə görə narazılıq beynəlxalq təşkilatlaradək gedib çıxır.DSMF_nun (Gədəbəy rayonu) bu çirkin əməlini gizlətməklə hakimiyyətə qarşı hansısa beynəlxalq təşkilatın basqısını arzulayanlara inanmaq ölkəmizin nüfuzuna zərbədir.Aydındır ki,oğrular olmayan yerdə jurnalistələrə basqı olmur.