Mayın 11-də Tovuz rayonunun Köhnəqala kəndinin sakinləri uzun müddətdir davam edən su probleminə görə etiraz aksiyası keçirməyə cəhd göstəriblər.
Yerli sakinlərinin verdikləri məlumata görə, aksiya su problemi ilə əlaqədar olub.
"Kənddə su problemi var. İndi çaylarda bir az su var deyə, camaatın suyu gəlir. 10 gün sonra su azalan kimi biz susuz qalırıq. Təsərrüfata, əkinə su tapılmayacaq. Prezident İlham Əliyev Tovuz rayonunda 18 artezian quyusunun qazılması üçün vəsait ayırıb...", - sakinlərdən biri söyləyib.Onun sözlərinə görə, lakin vəsaitdən düzgün istifadə edilmir.
Kənddən verilən məlumata görə, sakinlər toplaşaraq rayon icra hakimiyyətin binasının önünə getmək istəyib, ancaq buna icazə verilməyib.
Sakinlər əlavə ediblər ki, sonra icra hakimiyyətin nümayəndələri gələrək problemin həll olunacağını deyiblər. "İcra başçısının gəlməyi tələb edildi. O gəlmədi. Sonra nümayəndələr göndərildi, onlar camaata söz verdilər ki, iki artezian quyusu qazılacaq. Camaat da ona görə geri qayıtdı", - kənd sakini əlavə edib.
Tovuz Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan isə "Turan" agentliyinə aksiyanın keçirilməsi barədə deyilənləri təkzib ediblər: "Heç bir aksiya olmayıb. Bu, yalan xəbərdir".
Amma Tovuzun Alakol ərazi üzrə icra nümayəndəsi Akif Əsgərov deyib ki, Köhnəqala kəndində iki artezian quyusunun qazılması nəzərdə tutulub. Gələn həftə qazıntı işlərinə gələn həftə başlanacaq. Amma suyun olub-olmadığı hələ ki, məlum deyil.
AzPolitika.info


Şərhlər